Bölgələrdə baş verən tarixi hadisələri, sosial olayları vaxtında qələmə alan insanlar gələcək nəsillərə öz keçmişini tanıtmaq sahəsində böyük iş görmüş olurlar. Olmuş əhvalatlar, rəvayətlər, hekayətlər folklor janrları kimi formalaşsa da, bu janrlara müraciət edənlər elə şifahi sözün imkanlarından yararlanaraq canlı bir tarix yaratmış olurlar. Dini olaylar və hadisələr hədis şəklində toplanır.
Lakin hekayətlər folklordan gəlsə də, klassik ədəbiyyatda özünə az-çox yer almışdır. Nizami Gəncəvidə məqalət və hekayət baş vermiş hadisələri, əhvalatları, hətta rəvayətləri ifadə edən ədəbi üslub (əslində janr) kimi seçilir. Mirzə Fətəli Axundov dram əsərlərini, Cəlil Məmmədquluzadə isə povesti hekayət adlandırır. Bölgələrdə yaşayan və əli qələm tutan adamlar isə hekayəti müstəqil janr kimi deyil, dastan yaradıcıığın rüşeymləri kimi təsəvvür edirdilər. Belə sənətkarlardan biri Ləzranlı Mirzəqulu Vəli oğludur.
Mirzəqulu Ləzranlı kimi tanınan bu sadə insan 1904-cü ildə keçmiş Astraxanbazar (indiki Cəlilabad) rayonunun Ləzran kəndində anadan olub, 2002-ci ildə dünyasını dəyişib. Şeirləri 1983-1984-cü illərdə Cəlilabadda nəşr olunan “Yeni gün” qəzetində işıq üzü görüb. Mirzəqulu kişi şeirlərini və hekayətlərini 96 varaqdan ibarət şagird dəftərinə yazırdı. Onun bu dəftərlərində Cənub bölgəsinin tarixinə dair yazıları toplanmışdı. Təəssüf ki, o zaman Mirzəqulu kişinin hekayətləri və şeirləri mükəmməl şəkildə işıq üzü görmədi.
Vəfatından sonra bu “dəftərlərə” Araz Gündüz – Malik Rzayev can verdi, yəni orada haqqında bəhs olunan əhvalatları diriltdi. 2013-cü ildə Ləzranlı Mirzəqulunun “Olanlardan, keçənlərdən” adlı kitabı işıq üzü gördü. 2016-cı ildə təkrar nəşr edilən bu kitabda Cənub bölgəsinin tarixinə dair hekayətlər (olmuş əhvalatlar) yer alıb. Kitabı mütaliyə edən hər bir şəxs bölgənin başıbəlalı tarixinə dərindən bələd olur. Əslində bu hekayətlər xalq arasında gəzən rəvayətlər əsasında yazılıb. Bir növ, el dastanlarının ilkin variantını xatırladır, çünki bu hekayətlərdə Azərbaycan dastanlarına xas xüsusiyyətlər də mövcuddur. Belə ki, hekayətin nəsr hissələri ilə yanaşı, yerində söylənilən nəzm parçaları da maraq doğurur. Bu nəzm parçaları xalq şeiri janrındadır, yəni bayatı, qoşma və gəraylı şəklində yazılmışdır. “Cahangir bəyin yaydığı dedi-qoduların acı sonluğu” hekayətində bir qadın Qəhrəmana dərdini oxşama-ağı ilə belə çatdırır:
Həyatdan gəlmişəm zara, dilənçi,
Qüssə çəkir məni dara, dilənçi.
Fələk salıb məni elə bəlayə,
Tapılmır dərdimə çarə, dilənçi.
Düşmən çəkir mənə hər gündə dağlar,
Onunçün gözlərim durmadan ağlar.
Duyarlar halımı qərib olanlar,
Taleyim gəlibdi qara, dilənçi.
Məsumun gözləri hey ağlar, doymaz,
Yanan ürəyimin odu soyumaz.
Zalımlar məzluma ehtiram qoymaz,
Var sinəmdə neçə yara, dilənçi.
Başqa bir qoşmada isə deyilir:
Söz dedim, qulağa almadı molla,
Yazığın qeydinə qalmadı molla.
Pula aldanaraq haqqını dandı,
Allahı yadına salmadı molla.
“Məmi bəyin ölümü” hekayətində Kərbəlayı Böyükağa “bayatı çəkib ev adamına Məmi bəyin öldüyünü anlatmağa” başlayır:
Qohum-qardaş ağlasın,
Başa qara bağlasın.
İtkin bəyi axtaran
Bugündən yas saxlasın.
Məryəm xanımın laylası da əslində ağıdır. Müəllif bu mənzum parçanı belə təqdim edir: “Məryəm xanım irəli yeriyib, yorğanı qaldırıb baxanda İbrahimxanın solmuş üzünü gördü, köksündən bir hayqırtı qopdu, başladı bu ağını deyib ağlamağa:
Nə yatmısan yataqda, lay-lay balam, a lay-lay,
Yarın qalıb fəraqda, lay-lay balam, a lay-lay.
Mümkün deyil oyatmaq, nə yaman bərk yatmısan,
Sən bu soyuq otaqda, lay-lay balam, a lay-lay”.
Təkcə bu bir neçə parça göstərir ki, Ləzranlı Mirzəqulu folklor bilicisi olmuş, tarixi hadisələri folklor dili ilə, folklor janrlarında da ifadə etməyə, qələmə almağa çalışmışdır. Bu mənada Ləzranlı Mirzəqulu və onun kitabına yaşıl işıq yandıran Araz Gündüz tariximizi və folklor mədəniyyətimizi bir qədər də zənginləşdirmişdir. Təəssüf ki, Mirzəqulu Ləzranlının gəraylı və qoşmaları it-bata düşmüşdür. Bu folklor bilicisinin əlyazmalarının çoxu bəlkə də kimlərinsə şəxsi arxivində yatır.
Mirzəqulu Ləzranlı yazdıqlarını sadə folklor dilində, daha doğrusu, dialekt və şivədə, şifahi nitqdə söyləndiyi kimi qələmə almışdır.
Bilal Alarlı NÜSEYNOV,
filologiya üzrə fəlsəfə doktoru