Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu-İmanovun -ya müsahibəsi
– Muxtar müəllim, öncə istərdim, Folklor İnstitutunun bugünkü fəaliyyət istiqamətləri barədə bizə məlumat verəsiniz.
– Folklor İnstitutunun görməli olduğu və indiyə qədər də gördüyü iş folklor nümunələrinin toplanması, tədqiqi, nəşri və təbliğidir. Biz bu gün istəyirik, toplama işini dövrün tələbinə uyğun olaraq elə quraq ki, gələcək nəsillərə faydalı ola bilsin. Məsələn, bizim toplama işi ilə bağlı Qarabağ layihəmiz olub. Qarabağın işğal altında olmayan bölgələrindən, o cümlədən ayrı-ayrı bölgələrimizdə məskunlaşan Qarabağ əhalisindən bir neçə il müddətində folklor nümunələri toplamışıq, 10 cilddən ibarət “Qarabağ: folklor da bir tarixdir” adlı toplu nəşr etmişik. Bununla yanaşı, institutun əsas istiqamətlərindən biri kimi Qarabağ folklorunun tədqiqi ilə məşğul olmuşuq. Belə ki, Qarabağ folklorunun yeni toplanmış materiallarını əvvəllər toplanıb nəşr olunmuş materiallarla müqayisə etmişik, tədqiqatlar aparmışıq, dissertasiya mövzuları vermişik. Mövzular arasında Qarabağ folklorunun janr sistemi, eləcə də ayrı-ayrı janrların, məsələn, bayatıların, lətifələrin, nağılların öyrənilməsi məsələləri var. Nağıllar demişkən, bir faktı qeyd etmək istəyirəm. Qarabağ folklorunun toplanması və araşdırılması dünya folklorşünaslığının gördüyü işlər müqabilində bizə belə bir həqiqəti aşkara çıxarmağa imkan verdi: Qarabağdan toplanan 30-a yaxın elə nağıl süjeti var ki, o nağıl süjetləri dünyanın başqa xalqlarında qeydə alınmayıb. Dünyada Aarne-Tompson adlı nağıl süjet sistemi var. Bu süjet sistemində beynəlxalq süjetlər var ki, özünü müxtəlif xalqların nağıllarında göstərir. Məsələn, “Göyçək Fatma” nağılındakı süjetə başqa adlarla müxtəlif xalqların folklorunda rast gəlirik. Qarabağdan 30-a yaxın elə süjet nümunəsi toplanıb ki, onlar Aarne-Tompson nağıl sistemindəki süjetlər içərisində yoxdur. Bu, onu göstərir ki, biz Qarabağı digər istiqamətlərdən öyrəndiyimiz kimi, folklor baxımından da öyrənməli və dünyaya çatdırmalıyıq.
Folklor İnstitutu eyni zamanda, Cənubi Azərbaycan folklorunun tədqiqi və toplanması ilə məşğul olur. İran ərazisində toplama işlərini geniş şəkildə aparmaq imkanımız çox məhdud olduğu üçün bu işdə oradakı ziyalılardan dəstək alırıq. Cənubi Azərbaycan folklor nümunələrindən ibarət 18 kitabımız çap olunub. Qeyd edim ki, Qarabağ folklorunun toplanması onun araşdırılması ilə paralel aparıldığı kimi, Cənubi Azərbaycan folklorunun toplanması da onun araşdırılması ilə paralel aparılıb. Bir müddət əvvəl doktorantlarımıza və dissertantlarımıza birbaşa Cənubi Azərbaycanla bağlı tədqiqat mövzuları vermişik. Məsələn, o mövzulardan biri belədir: “Cənubi Azərbaycan folklor arealında dastan janrı”. Araşdırmalar və toplama materialları sübut edir ki, Cənubi Azərbaycanda Şimali Azərbaycanda olmayan və ya az rast gəlinən dastanlar var. Güneyli ziyalıların köməyi ilə həmin dastanların bir çoxunu əldə etmişik və bu, bizə imkan verib ki, onlar üzərində tədqiqatlar apararaq elmi nəticələrə gələ bilək.
Bundan başqa dövrün tələblərinə və cənab Prezidentin çağırışlarına uyğun olaraq institutda Qərbi Azərbaycan Folkloru şöbəsi yaratmışıq. Qısa müddətdə əməkdaşlarımız Azərbaycanın ayrı-ayrı bölgələrində, məsələn, Saatlı, Tərtər, Bərdə rayonlarında, Naxçıvan Muxtar Respublikasında məskunlaşmış Qərbi azərbaycanlı soydaşlarımızdan çox zəngin folklor materialları toplayıblar. Məlum olub ki, Qərbi Azərbaycandan olan soydaşlarımız hansı bölgədə yaşamasından asılı olmayaraq, öz hafizələrində o bölgələr üçün o qədər də səciyyəvi olmayan folklor materiallarını yaşadırlar. “Qərbi Azərbaycan folkloru” silsiləsindən artıq 2 kitabımız işıq üzü görüb.
Eyni zamanda, Zəngəzur folklorunun öyrənilməsi və toplanması ilə əlaqədar 5 kitab nəşr etmişik. Bu kitablardan 2-si toplama materialından, 3-ü isə tədqiqat əsərlərindən ibarətdir.
– Bəs folklor nümunələrinin araşdırılmasında hansı tarixi mərhələlər nəzərə alınır?
– Folklorun 3 əsas tarixi mərhələsi var: arxaik folklor, klassik folklor, müasir folklor. Biz həm toplama, həm də tədqiqat işlərində folklorun bu üç tarixi mərhələsini nəzərə alırıq. Bizim institutun strukturu və şöbələrin adları bu tarixi mərhələlər üzrə formalaşıb: Mifologiya şöbəsi, Mərasim Folkloru şöbəsi. Klassik Folklor şöbəsi. Müasir Folklor şöbəsi və s. Folklor İnstitutunda həm də folklor və yazılı ədəbiyyat əlaqələrini öyrənirik və tədqiqat işlərimizin bir qismi də buna həsr olunur.
– Muxtar müəllim, institutun şöbələri arasında azsaylı xalqların folklor nümunələrini öyrənən şöbə də var. Azsaylı xalqların folklorunu öyrənməkdə həmin şöbənin hansı töhfələri olub?
– Bildiyiniz kimi, Azərbaycanda multikultural dəyərlər və tolerant münasibətlər həm həyat tərzidir, həm də bizim siyasətimizin bir istiqamətidir. Əsrlər boyu ayrı-ayrı xalqların Azərbaycanda mehriban qonşuluq şəraitində yaşamasını tarixi faktlarla sübut edə bilərik. Bizim multikultural dəyərlərə münasibətimiz digər dövlətlərdən, o cümlədən Avropa dövlətlərindən fərqlənir. Başlıca fərq multikultural dəyərlərin dövlət səviyyəsində dəstəklənməsindədir. Ulu Öndər deyirdi ki, Azərbaycanda müxtəlif xalqların yaşaması və müxtəlif mədəniyyətlərin mövcud olması bizim milli sərvətimizdir. Prezident İlham Əliyev də bu siyasi kursu davam və inkişaf etdirir. Biz də bir elmi qurum olaraq bu istiqamətdə müəyyən addımlar atmağa borcluyuq və bu istiqamətdə müəyyən təşəbbüslər göstərmişik. 10 ilə yaxındır ki, institutda Azsaylı xalqların folkloru şöbəsi fəaliyyət göstərir və “Azsaylı xalqların folkloru” adında bir neçə toplu çap etmişik. Ayrı-ayrı tədqiqat işlərimizdə azsaylı xalqların folkloruna elmi münasibət öz əksini tapıb.
– Muxtar müəllim, qeyd etdiyiniz kimi, institutun əsas istiqamətlərindən biri də təbliğat işidir. Bu gün folklorumuzun təbliği ilə bağlı əsas çətinliklər nələrdir?
– Bəli, bizim fəaliyyətimizin əsas istiqamətlərindən biri Azərbaycan mədəniyyətini folklor timsalında özümüzə və dünyaya çatdırmaqdır. Bu istiqamətdə böyük uğurlarımızın olduğunu deməyə çətinlik çəkirəm. Biz toplayıb sistemləşdirdiyimiz folklor örnəklərini mümkün qədər necə var elə çap etdirməyə çalışırıq. Yəni onların dialekt və şivə xüsusiyyətlərini saxlayırıq. Bu, mütəxəssislər üçün nəzərdə tutulan bir işdir. Çox yaxşı olar ki, biz həmin kitablardakı say-seçmə nümunələri kütləvi nəşrlər səviyyəsində çap edə bilək, həmçinin həmin nümunələri Avropa, Şərq dillərinə tərcümə edib yaya bilək. Bu, daha çox maliyyə imkanlarına bağlı məsələdir və açığı, bu sahədə bizim müəyyən çətinliklərimiz var. Ümidvaram ki, gələcəkdə bu çətinliklərin öhdəsindən gələcəyik.
– Hazırda türk dövlətləri arasında ciddi inteqrasiya prosesi gedir. Qardaş xalqların ortaq folklorunun öyrənilməsi, tədqiqi istiqamətində institut tərəfindən hansı işlər həyata keçirilir?
– İnstitutumuzda Türk xalqları folkloru şöbəsi var. Bu şöbənin əməkdaşları ümumtürk folklorunun tərcüməsi, tərtibi və tədqiqi ilə məşğul olurlar. Məsələn, “Oğuznamə”ləri, oğuz mifologiyasını, bütövlükdə türk mifoloji sistemini, “Koroğlu” dastanının Azərbaycan, türkmən və özbək versiyalarını, türk qəhrəmanlıq dastanlarında zaman və məkan problemini, ritual formullarını tədqiq edən əməkdaşlarımız var. Masamda gördüyünüz “Ümumtürk eposunda sınaq motivi və onun variasiya problemləri” adlı doktorluq dissertasiyası, “Türk xalqlarının dastan yaradıcılığında “Edigey”” monoqrafiyası türk xalqları folklorunun ortaq məsələlərinin öyrənilməsinə həsr olunub.
– Muxtar müəllim, bu gün Azərbaycanın hansısa bölgəsi ilə bağlı folklorun öyrənilməsinin tamamlandığını söyləmək mümkündürmü?
– Folklor elə bir xəzinədir ki, onu sona qədər öyrənib qurtarmaq mümkün deyil. Bunu vurğulamaq yerinə düşər ki, ayrı-ayrı bölgələrin folklor baxımından səciyyəvi xüsusiyyətləri var. Məsələn, Gəncəbasar, Şirvan, Borçalıda aşıq sənəti geniş vüsət aldığı halda, Naxçıvanda aşıq sənətinin öləziyən vaxtıdır. Sovet dövründə Türkiyə ilə, Cənubi Azərbaycanla, Azərbaycanın digər bölgələri ilə əlaqələr kəsildiyinə görə Naxçıvanda aşıq sənəti yavaş-yavaş zəifləməyə başladı. Naxçıvanda yallılar, mərasim mədəniyyətimizin gülümey və haxışta janrları diqqəti daha çox cəlb edir. Kərkük folklorunu bayatılarsız təsəvvür etmək mümkün deyil.
Hansısa bölgəni folklor baxımından incəliyinə qədər öyrənmək çox sayda peşəkar əməkdaş və uzun bir vaxt istəyir. Bölgələrdəki folklora diqqət yönəltmək üçün biz həm ümumi bölgə – Qarabağ, Qərbi Azərbaycan, Cənubi Azərbaycan – prinsipi, həm də xüsusi bölgə – Saatlı, Masallı, Gədəbəy, Şərur, Naftalan və s. – prinsipi əsasında kitablar çap edirik.
– Muxtar müəllim, bu gün valideynlər uşaqları üçün Azərbaycan dilində nağıl, hekayə, şeir kitabı tapa bilmədiklərindən, olanlarda da dil və üslub baxımından ciddi qüsurların olmasından şikayətlənirlər. Sosial şəbəkə platformalarında bununla bağlı paylaşımlara tez-tez rast gəlirik. Bununla bağlı sizin müşahidələriniz nə deyir?
– Uşaqlar üçün nəzərdə tutulmuş bədii ədəbiyyat nümunələrində dil və üslub xətalarına yol verilməsi tez-tez qarşılaşdığımız bəlalardan biridir. Çox təəssüf ki, dil və ədəbiyyatla birbaşa bağlı olanların, necə deyərlər, çörəyi dil və ədəbiyyatdan çıxanların bir çoxu Azərbaycan türkcəsində normal cümlə qurub aydın fikir ifadə etməkdə çətinlik çəkir. Bu çətinlik mənfi nəticəsini şeir və hekayə yazmaqda, uşaqlar üçün ədəbiyyat nümunələrindən ibarət kitablar tərtib etməkdə özünü qabarıq şəkildə göstərir. Halbuki uşaqlar üçün nəzərdə tutulmuş kitablar ana dilinin yüksək səviyyədə mənimsənilməsi baxımından xüsusi seçilməlidir.
– Muxtar müəllim, yeri gəlmişkən, arqo ifadələrin toplanılması sahəsində işlər görülürmü? Bir vaxt bununla bağlı şair Rasim Qaraca bir kitab buraxmışdı. Yəqin, tanışsınız. O kitabın bu sahədə hansısa faydası oldumu?
– Biz çalışırıq ki, heç bir nəşrimizdə biədəb ifadələr, vulqar epizodlar getməsin. Çünki bu cür ifadə və epizodların kitablarda getməsi ictimaiyyətdə narazılıqla qarşılanır və bu, bizim ümumi işimizə mane olur. Rasim Qaracanın ədəbiyyatla bağlı maraqlı fikirləri və cəsarətli yanaşmaları var. O, dünya təcrübəsinə yaxından bələd olduğu üçün belə hesab edir ki, bizdə də arqo deyimlər, vulqar ifadələr çap olunmalı, tədqiqata cəlb edilməlidir. Mən də o fikirdəyəm ki, vulqar ifadələrin, arqo deyimlərin araşdırılması insan düşüncəsinin arxaik qatlarını açmaqda mühüm əhəmiyyət daşıyır. Amma bu cür nəşrlərə və araşdırmalara bizim mühit hələ ki hazır deyil. Bunu elə-belə yox, acı təcrübəmizdən çıxış edib deyirəm. Bizim topluların birində vulqar ifadələrə yer verilmişdi. Bir qələm adamı Folklor İnstitutunu məhkəməyə verdi. Neçə ay məhkəmələrdə süründük. Sosial media fürsəti fövtə verməyib institutu dilə-dişə saldı. İctimai qınaq obyektinə çevrildik. Hansı tədbirdə olduqsa, oturub-durub bu məsələdən danışdılar. Hal-hazırkı vəziyyəti nəzərə alıb belə hesab edirik ki, bütövlükdə açıq-saçıq məzmunda olan mətnləri arxivdə saxlayaq, itib-batmasın. Vəziyyətə uyğun olaraq qərarımız belədir ki, çapını vacib saydığımız folklor mətnlərində açıq-saçıq ifadələrin yerində nöqtələr qoyaq.
– Sosial media və folklor. Nəzərə alsaq ki, sosial mediada, virtual da olsa, müəyyən folklor nümunələri formalaşır, bunun barəsində nə deyə bilərsiniz?
– Bu gün dünyada, eləcə də qardaş Türkiyədə internet folkloru ilə bağlı elmi araşdırmalar aparılır. Biz də müşahidələr apardıq və gördük ki, Azərbaycan folklorunun məlum klassik nümunələri əsasında bu gün internet səhifələrində müasir folklor nümunələri öz əksini tapır. Bunu nəzərə alaraq bir əməkdaşımıza internet folkloru ilə bağlı dissertasiya mövzusu verdik. Elmlər doktorluğu elmi dərəcəsi üçün nəzərdə tutulmuş həmin dissertasiya artıq hazırdır və müdafiəyə təqdim olunub.
– İnternet folkloruna misal gətirə bilərsinizmi?
– 44 günlük Vətən müharibəsi zamanı çox sayda internet folkloru nümunəsinə rast gəlmək olurdu. Məsələn, xanımlardan biri yazmışdı ki, igidlərimiz işğal altında olan torpaqlarımızı bir-bir alırlar, amma bir igid tapılmadı gəlib məni alsın. Döyüşən oğlanlarımızdan biri bu xanıma belə cavab yazmışdı: “Qoy döyüşü qələbə ilə başa çatdıraq, gəlib səni özüm alacam”. Gətirdiyim bu misal klassik lətifə modeli, söz oyunu əsasında yaranmış müasir folklor nümunəsidir.
– Muxtar müəllim, kimlərinsə fərd olaraq və ya qrup şəklində folklorumuzun qorunub saxlanmasında instituta maddi dəstəyi olurmu?
– Könül istər ki, Azərbaycanda milli burjuaziya yetişsin. Keçən əsrin əvvəllərində bizim ayrı-ayrı mətbu orqanlarımız milyonçuların vəsaiti hesabına çap olunurdu. Bir milyonçu hansısa qəzet-jurnalın nəşrinə pul xərcləyirdisə, digər milyonçu da ona baxır, ondan geri qalmaq istəmir, mədəniyyətin inkişafı naminə himayədarlıq addımı atırdı. Çox təəssüf ki, bu gün belə hallar baş vermir, baş versə də, şəxsi münasibətlər zəminində baş verir. Məsələn, bu cür: hansısa yazıçının əsərinin çapına hansısa imkanlı dostu sponsorluq edir. Amma bu gün hansısa imkanlı adam tərəfindən hansısa bir quruma, tutalım, elmin, mədəniyyətin araşdırılması ilə məşğul olan bir müəssisəyə maddi yardım göstərilməsinə rast gəlmək müşkül məsələdir.
– Muxtar müəllim, folklorun qorunub saxlanması və tədqiqi sahəsində gələcək mənzərəni necə təsəvvür edirsiniz?
– Aydın məsələdir ki, dünənimizdən bu günümüz, bu günümüzdən də sabahımız doğulur. Biz əgər öz öhdəmizə düşən işləri ləyaqətlə yerinə yetirə bilsək, sabahımızda qaranlıq bir şey görmürəm. Sabahkı nəsillər də bizim yaxşı işlərimizi davam etdirəcəklər. Buraya həm tədqiqat, həm toplama, həm nəşr, həm də təbliğ işləri aiddir. Əsas odur ki, bizdən sonra gələnlər bizim işimizin həqiqətən də iş olduğuna inansınlar. Deməsinlər ki, bunlar başdansovdu işləyiblər, folkloru saxtalaşdırıblar. Saxtalaşdırmadan söz düşmüşkən deyim ki, sovet dövründə folklor nümunələrinin toplanmasına xeyli vəsait sərf olunub və çox sayda folklor topluları çap olunub. Amma, çox təəssüf ki, bu toplulardakı folklor nümunələrinin böyük əksəriyyəti sovet ideologiyasına uyğunlaşdırılıb. Əgər folklor nümunəsinin yalnız bir variantını çap edirsənsə və yalnız bir variantın üzərində tədqiqat aparırsansa, o mətnin həqiqi folklor mətni olması şübhəlidir. Hazırda bizim kitablara baxsanız, görərsiniz ki, eyni mətnin bir neçə variantı var. Folklorşünasın borcu müxtəlif variantları əldə edib araşdırma aparmaqdır. Folklorun özünəməxsusluğunu göstərən mühüm şərtlərdən biri məhz budur. Bu şərtin nəzərə alınması folklorla bağlı gələcək mənzərənin yaradılmasında mühüm əhəmiyyət daşıyır.