Xəbər verildiyi kimi, “Formula 1” yarışması ilə əlaqədar bəzi yollarda 31 may tarixindən iyunun 8-dək hərəkət məhdudlaşdırılıb.
Müstəqil.Az xəbər verir ki, bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bununla bağlı Avtosfer.az-a açıqlamasında deyib ki, sürücülərin mümkün qədər şəxsi avtomobillərdən istifadə etməməsi məqsədəuyğundur: “İctimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük verilməsi daha yaxşı olardı. Bakı halqası kimi tanınan əraziyə bitişik, paralel və kəsişən yollarda avtomobillərin dayanması, durması, park edilməsinin mümkünsüzlüyünü nəzərə alsınlar. Çünki həmin ərazidə avtomobil park edildiyi halda, yol daralır, zolaqların sayı azalır, bu da orda sıxlıq yaşanmasına səbəb olur”.
Müsahibimiz deyib ki, hər bir yol kəsişməsində, ərazidə bir neçə yol polisi xidmət aparır və ən azından sürücülər həmin əməkdaşların verdiyi göstərişləri doğru yerinə yetirməyə çalışsınlar: “Ərazidə işıqforun və ya müvafiq yol nişanının olmasına baxmayaraq, nizamlayıcı qismində olan polis əməkdaşının göstərişinə dərhal reaksiya verib, düzgün yerinə yetirməklə hərəkətlərini davam etdirsinlər. Eyni zamanda xahiş edirik ki, iyun ayının 8-nə qədər fiziki və hüquqi şəxslər bu istiqamətlər üzrə yük avtomobillərindən istifadə etməsinlər”.
Xatırladaq ki, “Formula 1” Azərbaycan Qran Prisi ilə əlaqədar trek Azadlıq Meydanından başlayaraq Aleksandr Puşkin ilə Xaqani küçələri, Bülbül prospekti, Zərifə Əliyeva və Rəsul Rza küçələri, Neftçilər prospekti ilə Əziz Əliyev küçəsindən keçərək Qoşa Qala qapısı, Gənclər Meydanı və İstiqlaliyyət küçəsi ilə Niyazi küçəsinə çıxmaqla “Azneft” dairəsindən Dənizkənarı Bulvar boyu Neftçilər prospekti üzrə nəzərdə tutulub.
Müstəqil.Az