Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.
FHN-dən -ya verilən xəbərə görə, FHN-in Dövlət Yanğın Nəzarəti və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi tərəfindən Bakı şəhəri, Qaradağ rayonunun 294 nömrəli, Binəqədi rayonunun 205 nömrəli, Xətai rayonunun 24 nömrəli tam orta məktəblərində və Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Mərkəzində, Sumqayıt Regional Mərkəzi tərəfindən Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi ilə birgə Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində, “Zəhmət Ruzi” MMC-də, Abşeron-Ceyranbatan peşə liseyində, Gəncə Regional Mərkəzi tərəfindən Gəncə şəhər Gənclər evində və Gəncə şəhər Ə.Cavad adına 2 nömrəli məktəbində, Tovuz şəhər M.Ələkbərov adına və Tovuz rayonu Əyyublu kənd 1 nömrəli tam orta məktəblərində, Qarabağ Regional Mərkəzi tərəfindən Ağdam rayonu Həsənxanlı kənd tam orta məktəbində və Tərtər Peşə Məktəbində, Şimal-qərb Regional Mərkəzi tərəfindən Qobustan rayonu R.Babaşov adına Cəmcəmli kənd tam orta məktəbində, Şimal Regional Mərkəzi tərəfindən Quba şəhəri Fizika-Riyaziyyat və İnformatika təmayüllü liseydə, Muğan Regional Mərkəzi tərəfindən Biləsuvar rayonu M.İbrahimov adına Biləsuvar Təhsil Kompleksində, Aran Regional Mərkəzi tərəfindən isə Kürdəmir şəhər 2 nömrəli tam orta məktəb-liseyində silsilə maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.
Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.