“Fransa ermənipərəst mövqeyini gücləndirməyə qərar verib. Bu ölkənin müdafiə naziri Sebastien Lekornu ölkəsi ilə Ermənistan arasında silah satışı ilə bağlı saziş imzalayacaq. Ermənistanın müdafiə naziri bu məqsədlə Parisə gedib. Fransanın müdafiə naziri deyib ki, Ermənistana “sərhədlərinin mühafizəsini təmin etmək” imkanı vermək lazımdır. Yəni Parsin “məntiqinə” görə Ermənistanı “xilas etməyin yolu” bu ölkənin Azərbaycanla sərhədlərinin möhkəmlənməsindən keçir”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Milli Məclisin sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev bildirib.
O qeyd edib ki, Ermənistan nə qədər silahlansa da Azərbaycanla ayaqlaşa bilməyəcək: “Birincisi, Azərbaycanla Ermənistan arasında sərhədlər hələ müəyyənləşməyib. Cənab Prezident İlham Əliyevin mövqeyi budur ki, başda sülh sazişi olmaqla sərhədlərin müəyyənləşməsi və Zəngəzur dəhlizinin açılması ilə bağlı danışıqları intensivləşdirmək lazımdır. Ermənistanın baş naziri Nikol Paşinyan isə danışıqlara maraq göstərmir.
İkincisi, Fransa Cənubi Qafqazda sülh və əməkdaşlığa üstünlük verirsə, Ermənistana silah vər hərbi texnika əvəzinə ağıllı məsləhət verməliydi ki, problemlərin həlli qonşu dövlətlərlə münasibətlərin normallaşmasından və müvafiq sazişlərin imzalanmasından keçir. Fransa bunu etmirsə, demək, Cənubi Qafqazda sülh və əməkdaşlıqda maraqlı deyil. Ancaq Fransa onu da bilməlidir ki, silahlanma Ermənistanı xilas etməyəcək. Ermənistan nə qədər silahlansa da Azərbaycanla ayaqlaşa bilməyəcək, istisna deyil ki, Fransa gizli şəkildə Ermənistana hücum xarakterli silahlar da satsın”.
A.Əliyev vurğulayıb ki, Prezident İlham Əliyevin söylədiyi kimi, Fransanın Ermənistana silah verməsi sülhə deyil, yeni qarşıdurmaya xidmət edən yanaşmadır: “Cənab Prezidentin “əgər regionda hər hansı yeni qarşıdurma baş verərsə, bunun səbəbkarı məhz Fransa olacaq” açıqlaması Parisə ciddi xəbərdarlıqdır. Mümkündür ki, gələcəkdə Bakıdakı Hərbi Qənimətlər Parkında Fransa istehsalı olan hərbi texnika da nümayiş etdirilsin”.