Fransa jurnalı Azərbaycan haqqında yazır

Fransanın “La Revue” jurnalında Azərbaycan haqqında məqalə dərc olunub.

Müəllif yazır ki, Xəzərin qoynunda yerləşən Azərbaycan paytaxtının küçələrində gəzərkən özünü sanki Avropada hiss edirsən.

Bakının qədim və müasir dövr memarlıq nümunələrindən bəhs edilən məqalədə şəhərdə müxtəlif dinlərin nümayəndələrinin mehriban şəraitdə yaşadıqları diqqətə çatdırılır. Azərbaycanın tolerantlıq beşiyi olduğu, bu ölkədə qadınlara hələ 1918-ci ildə səsvermə hüququ verildiyi vurğulanır.

Məqalədə Azərbaycanın balanslaşdırılmış xarici siyasətindən də söz açılır.

Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu qeyd edən müəllif Qərb mətbuatının bu məsələdə susmasını qərəzli mövqe adlandırır. Bildirilir ki, başqalarına dərs verən, özünü xilaskar kimi qələmə verən Qərb ölkələri 25 ildir Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalına göz yumur.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Share: