Fransa məktəblərinə qoyunlar da oxuya biləcək…

Yerli hakimiyyət orqanları şagird sayının az olması səbəbiylə siniflərdən birinin bağlanacağını açıqlayandan sonra fransalı fermer 15 qoyununu həmin sinifə yazdırıb.

Müstəqil.Az BBC-yə istinadən xəbər verir ki, hakimiyyət nümayəndələri Qrenbolun şimal-şərqində yerləşən Kret-en-Beldon kəndindəki Jül Ferri adına məktəbin administrasiyasına şagirdlərin sayının 266-dan 261-ə düşdüyü üçün yeni dərs ilində sinif sayının 11-dən 10-a endiriləcəyinə dair xəbərdarlıq edib.

Valideynlərin buna münasibəti mənfi olub, çünki sinif sayının azalması siniflərdə şagirdlərin sayının artması deməkdir, bu isə dərsin keyfiyyətinə təsir edən faktordur.

Nəzərdə tutulan ixtisara etiraz olaraq çoban Mişel Jirr bir neçə qoyununu simvolik olaraq məktəbə yazdırıb.

200-ə yaxın müəllim, şagird və məmurun iştirak etdiyi xüsusi mərasimə Jirr öz 50 qoyunuyla gəlib.

Mərasim zamanı yerli mer Jan-Lui Mareyə qoyunların doğum şəhadətnaməsi təqdim edilib.

O, qərara etiraz edənləri dəstəkləyib və deyib ki, qoyunları rəsmən şagird siyahısına daxil edəcəklər.

“Artıq heç bir ixtisar olmamalıdır” – valideynlərdən biri Gel Laval belə deyib.

Mərasimdə şagirdlərin əlində bu məzmunda plakatlar olub:

“Biz qoyun deyilik”.

“Məktəb idarəçiliyi sürü idarəçiliyi deyil”.

Müstəqil.Az

Share: