Fransa Parlamentinin müşaviri: “Xristianların müsəlmanlardan daha yüksək etik davranışa malik olduqlarının əksini Azərbaycanda gördüm”

 “Bu il dünyəvi müsəlman ölkəsi olan Azərbaycan Demokratik Respublikasının 100 illik yubileyidir. Azərbaycanın dünyəvi ölkə olduğuna bu ilin may ayında Azərbaycana Fransada Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı ilə baş tutan səfərə qatıldığım zaman şahid oldum.”

Bu sözləri “Report”un Qərbi Avropa bürosuna açıqlamasında Fransa Milli Assambleyasının (Parlament) və UNESKO-nun siyasət və mədəniyyət məsələləri üzrə müşaviri An-Sofi Kopən deyib.

“Fransada Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı ilə baş tutan bir həftəlik səfər zamanı Azərbaycanın tarixi abidələri, füsunkar təbiəti, zəngin mədəniyyəti və incəsənəti ilə yaxından tanış olduq, Azərbaycan Parlamentində və digər rəsmi qəbullarda olduq. Səfər vaxtı Azərbaycanın dünyəvi bir ölkə olduğunu nümayiş etdirən çox məqamlara rast gəldim.

Dünyəvilik biz fransalılar üçün çox böyük əhəmiyyət kəsb edir. Çünki hesab edirik ki, dünyəvilik Respublikanın özəyidir. Müsəlman ölkələrində bu ümumbəşəri dəyərə rast gəlmək nadir hallardandır. Azərbaycan isə buna uğurla nail olub. Mən Azərbaycanda olanda müşayiət etdim ki, qadının sərbəst gəzintiyə çıxması üçün heç bir çətinlik mövcud deyil. Azərbaycanda oğlanlar kübar və təhsillidirlər. Fransada isə belə bir fikir formalaşıb ki, xristianlar müsəlmanlara nisbətən daha yüksək etik davranış qaydalarına malikdirlər. Mən bunun əksini Azərbaycanda olarkən gördüm”, – deyə o bildirib.

An-Sofi Kopən, həmçinin fransalı məktəblilərin Azərbaycan haqqında azərbaycanlı şagirdlərin Fransaya ilə bağlı olduğu kimi məlumatlı olmalarını istədiyini söyləyib.

“Azərbaycanda şahidi olduğum daha bir səhnə məndə çox böyük təəccüb doğurdu. Şəki şəhərində olduğumuz orta məktəbin şagirdləri bizim himnimizi sərbəst oxuya bilirlər. Məktəblilər fransız dilində şerlər deyir, fransız mahnılarını sərbəst oxuyurlar, mədəniyyətimiz, incəsənətimiz haqqında məlumatlıdırlar. Nə üçün fransalı məktəblilər Azərbaycan dilində danışmasınlar. Mən çox istərdim ki, fransalı məktəblilər də Azərbaycan Konstitusiyasını, Azərbaycan dilini öyrənsinlər, Azərbaycan tarixi, mədəniyyəti haqqında məlumatlı olsunlar və Azərbaycan himnini oxuya bilsinlər. Azərbaycanda bir sıra Parlament üzvləri fransız dilini sərbəst bilirlər ki, bunun da qarşılıqlı olmasını çox arzulayıram”, – deyə Parlamentin müşaviri əlavə edib.

Share: