Fransa Daxili İşlər Nazirliyi məktəblərə qızlar və oğlanlar üçün ənənəvi müsəlman geyimlərinə qoyulan qadağanın tətbiqinə kömək edəcək.
Bunu Lilldə (Fransanın şimalındakı departamentdə) jurnalistlərə açıqlamasında nazir Jerald Darmanin deyib.
“Daxili İşlər Nazirliyinin əməkdaşları respublikada qurulmuş qayda-qanunun təmin olunması üçün müəllimlər və təhsil naziri ilə birgə çalışacaqlar. Məktəbdə neytrallıq olmalıdır. Bundan kənarda hər kəs geyim barəsində öz fikrinə əməl edə bilər”, – deyə nazir vurğulayıb.
O, əlavə edib ki, “məktəblərdə dini xarakterli qarderob əşyalarının qadağan edilməsini” düzgün qərar hesab edir.
Xatırladaq ki, avqustun 27-də Fransanın təhsil və gənclərlə iş üzrə naziri Qabriel Attal respublikada sentyabrın 4-də başlayacaq yeni tədris ilindən məktəblərdə dini geyimlərin qadağan ediləcəyini açıqlayıb.
Mənbə: TASS