Parisdəki (Fransa) Milli Təbiət Tarixi Muzeyinin (Muséum national d’Histoire naturelle) elmi əməkdaşı, dosent, doktor Remi Berthon Bakıda ezamiyyətdədir.
Arxeologiya və Etnoqrafiya İnstitutundan Publika.az-a verilən məlumata görə, o, Azərbaycan ərazisində neolit dövrünə aid abidələrdən tapılmış yabanı və əhliləşmiş heyvan qalıqlarının ən son texnologiyalar üzrə müxtəlif yönlü (morfometrik, morfoloji, paleo-DNT, izotop və d.) analizlərini aparır.
Azərbaycan və Türk dillərini bilən doktor R.Berthon tədqiqatları ilə əlaqədar olaraq AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi fondunda saxlanılan paleozooloji nümunələr ilə tanış olub. Xüsusilə, mərhum arxeoloq Fərman Mahmudovun XX əsrin 80-ci illərində e.ə. V minilliyin sonuna aid son neolit Əliköməktəpə (Cəlilabad rayonu Üçtəpə kəndi) abidəsində aşkar etdiyi qədim at qalıqları fransalı alimin əsas tədqiqat obyektidir. Fransalı alim öz tədqiqat layihəsi çərçivəsində bu əhəmiyyətli tapıntının müvafiq mikro-fraqmentlərinin Fransanın ən müasir texnologiyalar ilə təchiz edilmiş elmi laboratoriyalarında hərtərəfli analiz araşdırmalarını təşkil edəcək.
Hazırda apardığı araşdırmalarda fransalı alimə, Cəlilabad rayonundakı Əliköməktəpə və Polutəpə son neolit abidələrində tədqiqat aparan arxeoloji ekspedisiyanın rəhbəri, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi Tufan Axundov müvafiq dəstəyi göstərir. Həmçinin, Parisdəki Milli Təbiət Tarixi Muzeyində elmi təcrübə keçmiş, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, paleozoologiya üzrə ixtisaslaşan arxeoloq Svetlana Ağasoylu aparılan ilkin tədqiqatlarda iştirak edir.
Qeyd edək ki, doktor Remi Berthon uzun müddət Türkiyədəki və Naxçıvan Muxtar Respublikasında neolit, xalkolit və ilk tunc dövrü abidələrindəki arxeoloji ekspedisiyalarda paleozooloji araşdırmalar aparıb.