“Fuad Abbasovu müdafiə etməliyik” – Müşfiq Ələsgərli

Son günlər Rusiyada yaşayan azərbaycanlı jurnalist Fuad Abbasovun ətrafinda baş verənlər yerli mətbuatın və sosial şəbəkə izləyicilərinin əsas müzakirələrindən birinə çevrilib. Qeyd edək ki, Fuad Abbasov hazırda deportasiya edilmək üçün Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən həbs olunub.

Məsələ ilə bağlı Azadiform-a danışan Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli bildirib ki, Fuad Abbasovun fəaliyyəti ilə bağlı fikirlər birmənalı deyil: “Cəmiyyətdə istənilən hadisə barədə fikirlər çoxqütblü olur. F.Abbasovu dəstəkləyənlər də var, dəstəkləməyənlər də. Zaman-zaman da onun fəaliyyəti ilə bağlı həm pozitiv, həm də neqativ məlumatlar yayılıb. Amma görünən odur ki, çıxışlarında Dağlıq Qarabağla bağlı Azərbaycanın haqlı mövqeyini müdafiə edib. Amma onun burada hansısa qeyri-adi, qapalı bir maraqları varmı, yoxmu – hələ bunu bilmirik. Fakt odur ki, Rusiya televiziyalarında Azərbaycanın haqlı mövqeyini müdafiə edir”.

M. Ələsgərli qeyd edib ki, istənilən ölkədə insanın, hətta həbs olunsa belə, işgəncəyə məruz qalmamaq hüququ var: “Fuad Abbasov bir insan kimi qeyri-qanuni işgəncəyə məruz qalıb. Çünki onu saxlayanlar hüquq-mühafizə orqanlarıdır. Ümumiyyətlə, hüquq-mühafizə orqanlarının qanunvericiliklə insana yaxınlaşmasının prosedurları var. O, yaxınlaşaraq insanın günahını elan etməlidir. Əgər saxlamaq lazımdırsa, onu istintaqa götürməlidir. Amma burada hiss olunur ki, Fuada qarşı ciddi zorakılıq tətbiq olunur. O alçaldıcı hallara, zorakılığa əsas verən nədir? Bax, biz bunu görmürük. Halbuki o, qanundan qaçmır, yayınmır. Əgər günahı varsa, tuta bilərlər. Lakin onu niyə işgəncəyə məruz qoymalıdırlar? Problem də elə buradadır. Əgər Fuad Abbasov bir insan olaraq zorakılığa məruz qalıbsa, biz onu müdafiə etməliyik. Hər şeydən əvvəl o, bir azərbaycanlıdır, bizim soydaşımızdır”.

Müşfiq Ələsgərli onu da vurğulayıb ki, Fuad Abbasovla bağlı məsələ Moskvada soydaşlarımıza qarşı baş vermiş birinci hadisə deyil: “Orada yaşayan və qəhrəmanlıq göstərən soydaşlarımız olub. Amma Azərbaycanın xeyrinə olan informasiyaları ordakı televiziyalar göstərməz. Bu cür hallarda isə millətin adı kimi təqdim edirlər. Bu baxımdan, hesab edirəm ki, biz onun müdafiəsinə qalxmalıyıq, səsimizi ucaltmalıyıq. Əvvəla, Fuad Abbasov bir insan olaraq zorakılıqla üzləşməməlidir, ikincisi isə soydaşımız kimi təhqirə məruz qalmamalıdır”.

Aygün Nəbiyeva 

AZADİNFORM

Share: