Fuad Biləsuvarlının yaradıcılığı barədə mülahizələrim…- Zemfira Məhərrəmli  yazır

Fuad Biləsuvarlının yaradıcılığı barədə mülahizələrim…- Zemfira Məhərrəmli  yazır
İstedadlı gənc şair, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, Prezident mükafatçısı Fuad Biləsuvarlı daha çox incə, kövrək məhəbbət şeirləri ilə tanınır. Ərsəyə gətirdiyi oxunaqlı, diləyatımlı nəzm nümunələri tez bir zamanda diqqəti cəlb edib, bəstəkarlar bu şeirlərə mahnılar bəstələyiblər. Bu gün radio dalğalarında, televiziya ekranlarında tanınmış sənətkarların – Brilliant Dadaşaova, Gülüstan Əliyeva, Ağadadaş Ağayev, Almaz Ələsgərli və başqalarının ifasında dinlədiyimiz neçə sevilən mahnının sözləri bu nəğməkar şairə məxsusdur.
 
Fuadın poetik əhval-ruhiyyəsinin inikası olan neçə-neçə şeiri həm də Vətən sevgisindən boylanır. Bu poeziyada bəzən tünd rənglər, uzun illər qəlbimizə hakim kəsilən, taleyimizə həkk olunan ağrılı mövzular da nəzərə çarpır. İllər öncə, Birinci Qarabağ savaşından sonra artmış dərdlərimiz kimi: 
 
Bu həsrət də bir anlıq,
Bitər, bacım, bitər,döz.
Qəribanlıq, tənhalıq,
Ötər, bacım, ötər, döz.
Geri dönər itənin,
Toya dönər matəmin.
Sonu çatar sitəmin,
Gedər, bacım, gedər, döz…
Şair “Yetər bacım, yetər döz” adlı bu şeirini şəhidlərimizin, itkin düşən soydaşlarımızın analarına, bacılarına, həyat yoldaşlarına, könül verdikləri nakam sevgililərinə bir təsəllitək qələmə alıb. Bu poetik nümunədə ana-bacılarımızın, müharibədə daha çox əziyyət çəkən zəriflərin qurumayan göz yaşı, dərdi-ələmi, nisgili var:
 
Yaza dönər soyuq qış,
Ötüb keçər qar-yağış.
O həsrətli bir baxış,
İtər, bacım, itər, döz.
F.Biləsuvarlının şeirləri özünəməxsus dəst-xətti, mövzu axtarışları, bir-birini təkrar etməyən emosional çalarları, nikbin notlara köklənməsi, yorucu olmayan dili ilə fərqlidir. Göründüyü kimi, bu poetik nümunələrin canını el-obaya məhəbbət, işğal altında olan yurd yerlərimizin tezliklə əsarətdən qurtulması arzusu təşkil edir. Həmin şeirlərdə qisas yanğısı, azğın düşmənə nifrət hissi də güclüdür. 
Ölümlərin alisi şəhidlikdir, hər kəsə nəsib olmayan şəhidlik! Müəllif şir ürəkli oğullarımızın haqq savaşımızda ölümün gözünə dik baxaraq gavurlara divan tutduğunu, köksünü güllələrə sipər edib odlu cəbhələrdən dönmədiyini dilə gətirir. Onun “Şəhidlər” şeiri son nəfəsdə “Təki Vətən yaşasın!” deyərək əbədiyyətə qovuşan igidlərə ithaf olunub. Vətən, yurd naminə canından keçən və bu qəhrəmanlığı ilə şəhadətə yüksələn oğulların şərəfinə yazılıb bu misralar:
Vətənə sevgisi hey aşıb-daşan,
Hayqırıb döyüşdə Nəbitək coşan,
Şəhidlik zirvəsin əzmlə aşan,
Hər qəlbdə abidə qurdu şəhidlər!
Şairin Mübarizlər, Poladlar yetirmiş yurdumuzun düşmənə qan udduran, haqsızın bağrını dələn, işğalçıya yerini göstərən oğullarıyla fəxr etdiyini vurğulayan “Biz qorxmuruq Vətən üçün ölməkdən” adlı şeirində oxuyuruq: 
Mübarizik, Poladlarıq, ərənik,
El yolunda canı qurban verənik.
Ölümləri gözümüzlə görənik,
Biz qorxmuruq Vətən üçün ölməkdən!
Otuz ildən bəri  yaramaz, xəbis xislətini göstərən,qətllər, təxribatlar törədən Ermənistan silahlı qüvvələrinə qarşı Vətən müharibəmiz başlayanda Fuadın da yaradıcılığında qəhrəmanlıq motivləri bütün mövzuları üstələyib. O, yağıdan öc alan Azərbaycan əsgərinin hünərinə həsr etdiyi şeirlərində müzəffər ordumuzun şücaətini poetik lövhələrlə tərənnüm edib.
Zəfərlə bitən 44 günlük müharibəmiz xalqımızın öz müdrik sərkərdəsi, rəşadətli ordusu ilə vəhdətinin, həmrəyliyinin canlı nümunəsi idi. Qəhrəman oğullarımız dünya hərb tarixinə yeni, parlaq səhifə yazmışdı. İşğalçı ordu darmadağın edilərək, zəbt etdiyi yurd yerlərimizdən qovulmuş, Qarabağ, Şuşa həsrətimizə son qoyulmuşdu:
 
İçimizdə bahar, içimizdə yay,
Daha Qarabağda qış olmayacaq…
Yallı gedəcəyik Cıdır düzündə,
Daha Qarabağda qış olmayacaq!
Ay Fuad, ömürlük köç Qarabağa…
Üzünü, gözünü sürt o torpağa,
Daha Qarabağda qış olmayacaq!
Müharibə poeziyamız Birinci Qarabağ savaşı zamanı dərd-ələmə köklənmişdisə, 44 günlük Vətən müharibəsi dövründə qələmə alınmış şeirlərdə Zəfər duyğusu və əzmi hər şeyin fövqündə idi. Hamının Qarabağ cəbhələrindən gələn xəbərlərə həyəcanla diqqət kəsildiyi, Qalibiyyət savaşımızın səsi-sorağı dünyaya yayılan günlərdə şair “Bir gedərik Şuşaya!” şeirini yazmışdı:
Gözlədiyim an gəldi,
Zülmətimə dan gəldi.
Ən bəxtəvər gün gəldi,
Yol açıqdı o taya,
Bir gedərik Şuşaya.
Rəhbər, ordum, afərin,
Dadın bildik Zəfərin.
Şuşayadı səfərim,
Yar, sənlə gələn yaya,
Bir gedərik Şuşaya.
“Qarabağı azad etdik yağıdan, düşmənlərə vermədik ki, bir aman” söyləyən, poetik ovqatı nikbin notlara köklənən Fuadın daha bir şeirində də möhtəşəm Qələbəmizlə bağlı yaşanan fərəh hissi, coşğu və ruh yüksəkliyi duyulur: 
 
Ali BaşKomandan, min əhsən sizə, 
Ordumuzla ağ gün gətirdin bizə. 
Qalibiyyətyaraşırölkəmizə, 
Gördüm əsgərlərdə qeyrət, hünəri,
Zəfərin mübarək, yurdun əsgəri!
Dövlətimizin atributlarından olan mılli bayrağımızın tərənnümünə həsr edilmiş “Azərbaycan, can bayrağım!” şeiri də bu gün tez-tez səsləndirilən, ruhumuzu təzələyən mahnı mətnlərindəndir.Məğrurluq, enməzlik rəmzi olan üçrəngli bayrağımızla qürrələnən, öyünən şair sevinc duyğularını dilə gətirir. Bu şeir çağdaş poeziyamızda bayrağımızı vəsf edən gözəl bədii nümunələrdəndir:
 
Üstündəki qırmızı rəng şəhidlərin al qanıdır,
Əsgərlərin döyüş vaxtı and içdiyi Quranıdır.
Bayraqlarınbirincisi, birincisi, sultanıdı,
Azərbaycan can, bayrağım!
Şuşamızdazirvələrdəasılıbdı,enməz, enməz,
Üstündəki ay-ulduzla hey parlayır,sönməz, sönməz…
Azərbaycan, can bayrağım!


Zemfira Məhərrəmli 
yazıçı-publisist
Share: