Gədəbəydə hərbçi iki qardaşı bıçaqladı — Ölən var

Gədəbəy Rayon Polis Şöbəsinə rayonun Novosaratovka kəndin 2 nəfərin bıçaq xəsarəti alması, 1 nəfərin isə qətlə yetirilməsi ilə bağlı məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov “Qafqazinfo”ya bildirib ki, dərhal Rayon Polis Şöbəsinin və Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

İlkin araşdırmalar zamanı məlum olub ki, rayon sakinləri 1986-cı il təvəllüdlü Teymur Tapdıqov, qardaşı 1981-ci il təvəllüdlü Samir Tapdıqov və 1998-ci il təvəllüdlü Elpərəs İbrahimov şəxsi münasibətlər zəminində mübahisə edərək bir-birlərinə bıçaq xəsarətləri yetirmiş, nəticədə Teymur Tapdıqov ölmüş, digər 2 nəfər isə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Teymur Tapdıqov və Elpərəs İbrahimov qadın üstündə mübahisə ediblər.

Elpərəs İbrahimov mübahisı zamanı Teymur Tapdıqovu bıçaqla vurub. Daha sonra T.Tapdıqovun qardaşı Samir Tapdıqovla E.İbrahimov bir-birinə xəsarət yetiriblər. Elpərəs İbrahimov hərbçidir. O, N saylı hərbi hissədə MAXE kimi xidmət aparır.

Amin Nəzərli


Share: