Bu gün görkəmli rus şairi Mixail Lermontovun doğum günüdür. Kulis.az bu münasibətlə Ramiz Rövşənin tərcüməsində şairin “Dəniz şahzadəsi” şeirini təqdim edir.
Şahzadə öz atını çimizdirir dənizdə,
Səs gəlir: “Ey şah oğlu! Gəl, məni sev, əzizlə!”
At hürküb qorxa-qorxa boylanır sağa-sola,
Şahzadə də mat qalıb: bu çağıran kim ola?!
Səs gəlir: “Ey şah oğlu! Mən də şah qızıyam, şah,
Gəl, yosun yatağımda biz bu gecə oynaşaq!”
Elə bu an bir əl də çıxır suyun içindən,
O atın cilovundan yapışır var gücüylə.
Sonra bir baş görünür, bir uzunsaç qız başı,
O qızılı saçlara bir cüt yosun dolaşıb.
Par-par yanan gözləri dənizdən də mavidi,
Boynundakı damlalar elə bil mirvaridi.
Şahzadə tamahlanıb qızın gözəlliyinə,
Əl atıb saçlarını dolayır biləyinə.
Çəkir sahilə sarı, qız çırpınır, ağlayır,
Şahzadənin əlini, qolunu cırmaqlayır.
Döyüşlərdə bərkiyən o qolun nə vecinə?
Bu zalım şahzadənin güc çatarmı gücünə?!
O çıxarıb dənizdən qızı atır sahilə,
Sonra öz dostlarını səsləyir gülə-gülə.
“Tez gəlin, igidlərim, baxın bu qıza siz də,
Bir də belə gözəllik görməzsiz ömrünüzdə.
Niyə belə bərəlib gözləriniz, bəs niyə?
Hamınız mat qalmısız, yoxsa bu gözəlliyə?!”
Şah oğlu dönüb baxır dəniz şahzadəsinə,
Axx, bu nədi, İlahi?!.. İnanmır öz gözünə.
O gözəl qız nə gəzir?.. Qumlar üstə qıvrılan
Əcayib məxluqa bax; nə balıqdı, nə ilan.
Nə ölüdü, nə diri; – güclə gəlir nəfəsi,
Pulcuq-pulcuq quyruğu qum üstə tir-tir əsir.
Bayaq onu görəndə sevgidən par-par yanan
Mavi gözlərinin də işığı sönüb tamam.
Qumu eşən əlləri gücdən düşür get-gedə,
Dodaqları tərpənir, qarğış edir, bəlkə də.
…Şah oğlu pərt olub, pərt, – tez çevirir üzünü,
O unutmaz bu bədbəxt dəniz şahzadəsini…