“İnsan taleyi” layihəsində
Bu dəfə “İnsan taleyi” layihəsinin qəhrəmanı özü məni axtarıb tapdı. O mənim uzun illər bundan qabaq dostluq etdiyim və həmişə də özümə dost bildiyim bir insandır…
O, illər öncə Vətəndən uzaq düşdü. Xəzər dənizi ona darlıq etdi, deməzdim. Gedişinin səbəbləri vardı…
Getdi və ondan heç bir xəbər-ətər gəlmədi. Ona mənim tələbə yoldaşım idi də demək olardı, – Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbində ayrı-ayrı vaxtlara oxusaqda amma . Tələbəlik illərinin tanışlığı çox sonralar dostluğa çevrilmişdi. Xəzər Dəniz Neft Donanmasının gəmilərində işlədik. O, mexanik, mən isə şturman idim. Gənc olsaq da, gəminin komandir heyətində olmamıza görə imkan olduğu qədər millətimizdən olan gənc dənizçilərə arxa dururduq. O zamanlar Donanmanın 80 faizi başqa millətlərdən idi…
Respublikada Azadlıq hərəkatı başlayanda donanma da aktivliyi ilə seçildi. Mitinqlərə gedir, tətillərə qoşulurduq. Kefimizin kök vaxtlarında isə başımızda azadlıq sevdası, dilimizdə “Koroğlu” uvertürasının səsi düşərdik şəhərin küçələrinə. Bakının gecələri həmişə gözəl olub. Biz bu gözəl gecələrdə orkestr səsləndirirmiş kimi uvertüranı dilimizdə səsləndirə-səsləndirə gəzərdik…
Gənclik dostum Fərhad Qədiyevdən danışıram sizə.
Hələ SSRİ adlı nəhəng bir imperiya tamamilə çat verib parçalanmadığı bir zamanda mitinqlərdə iştirakına görə idarəmizi repressiya dalğası bürüdü. DTK-nın, idarənin özünün xüsusi idarəsinin əməkdaşları dənizçiləri sorğu-suala tuturdu, ifadələr alınırdı. Görüşümüzün birində Fərhad “Şimala gedirəm”, – dedi. Murmanskda işə düzələcəyini, dostların onu çağırdığını əlavə etdi, “gəl gedək, səninlə daha yaxşı olar”, – dedi. Getmədim. Zatən, onun kimi savadlı gəmi mühəndisinə hər yerdə iş tapılardı, qürbətə tək getmək istəmirdi:
– Burada məhv olacağıq. Oralar yaxşıdır.
Getdi. Gedişindən sonra 20 Yanvar faciəsi baş verdi. Sonra SSRİ dağıldı. Ondan isə xəbər gəlmədi…
Tanıyanlar onun haqqında müxtəlif söz-söhbətə rəvac verdi. Onu heç vaxt qəhrəman kimi xarakterizə etmədilər. Küskün, talesiz, tüfeyli, içkiyə qurşanmış, sərxoş dənizçilərin davasının qurbanı olmuş kimi sorağını alırdım və üzülürdüm… Həm də inanmırdım, ola bilməz, deyirdim. Əgər o mən tanıyan Fərhaddırsa, deyilənlərin heç biri ola bilməz. O, həmişə ayaqda olmalı idi, nümunə olmalı idi, sayılmalı və seçilməliydi…
Bu günlərdə dənizçi dostlarımızdan biri xarici səfərdən dönmüşdü. Mənə zəng edib, sənə sözüm var, dedi. Görüşdük. Hal-əhvaldan sonra:
– İspaniyada bir filippinli ilə görüşdüm. Fərhadın motorçusu olub. O, Yeni Zelandiyada yaşayır, – dedi.
Danışdı ki, Murmanskda işləri düz gəlməyib. 20 Yanvar hadisələrindən sonra ruslarla arasında münaqişə yaranıb, gəmini tərk edib. Xarici firmaların biri ilə müqavilə bağlayıb, işə düzəlib. Lakin orada da işləri düz gəlməyib. Bunları filippinliyə Fərhadın özü danışıbmış.
Dostumuz bir qədər fikrə getdi, sonra da dedi ki, amma onu Murmanskda bomj vəziyyətində görənlər də olub. İnanmıram ki, o, Yeni Zelandiyada olsun, özünə iş-güc qura bilsin, səhv salıblar.
Mən:
– Sən, əslində, buna inanmalısan, bilməlisən ki, Fərhad “bomj” ola bilməz, – dedim.
Onun axtarışına başladım. Sosial şəbəkələrdə adını yazdım, onun adaşları boy verdi, özü isə görünmədi.
Bu günlərdə inboksa ünvanlanan bir ismarıc oxudum: “Faiq, salam, bu mənəm, Fərhadam, gəlmişəm, rayondayam, vaxt tap görüşək”.
Telefon nömrəsini də yazmışdı. Dərhal zəng etdim. Özümü tanıtdım. Sevindi, hiss etdim ki, kövrəlib də. Vədələşdik ki, görüşək. Hə, yerinə düşdü, deyim. Fərhad Masallının Kalinovka kəndindəndir.
Ona yaxın günlərdə Masallıda keçiriləcək bir tədbirə dəvətli olduğumu dedim. “Mütləq zəng elə”, – dedi.
Zəng etdim. Axşam bizim yerləşdiyimiz yerə – “Nağıllar dünyası” istirahət mərkəzinə gəldi. Qardaşı Eldar da yanında idi. Qucaqlaşıb görüşdük.
– Faiq, heç dəyişməmisən.
– Yox dəyişmişik.. Saçlarımız tökülüb. Sən lap qocalar kimisən, panama geyinibsən. Amma deyilənlər kimi deyilsən, əvvəlki Fərhadsan.
Sözlərim ürəyincədir. Gülümsünür. Qardaşı Eldar da fərəh içində gah məni, gah da Fərhadı süzür. Amma… Fikir verirəm, bu illər onu çox qocaldıb. Hələ 50 yaşı olmamalıdır axı. Panama isə kənd ağsaqqalları kimi göstərir onu.
– Haralardasan, ay Fərhad?
– İkinci gəlişimdir. 4 il qabaq gəldim, ailə də qurdum. İndi bir oğlum da var. Səni çox axtardım. Gəlişimdə Bakını tanımadım. Sovet Bakısından əsər-əlamət yox idi. Sənin ardınca getdim Limanbazaya, içəri buraxmadılar. Köhnə dənizçilərdən kimsəni görmədim. Təzə adamlar idi gördüklərim. Bir yaşlı adama yaxınlaşdım, soruşdum ki, burda işləyirsən? Dedi, hə. Maliki, səni soruşdum. Tanımadı, dedi, köhnələr hamısı çıxıb gedib xarici sulara. Peşman oldum…
– Fərhad, haqqında çox söz-söhbət gəzdi… Dedilər, əyyaş olmusan, ayaqlarının üstündən qatar keçib, hər iki ayağını kəsiblər.
– Yanlışdı, görürsən ki, salamatam. Amma düzdür, xoş olmayan vaxtlar oldu. Murmanskda əvvəl hər şey yaxşı gedirdi.. Sonra ruslarla düz gəlmədim. Bir xarici firma ilə müqavilə bağladım. Getdim. Həmin firma bankrot oldu. Pullarımızı vermədi. Gəmini Yeni Zelandiyada həbs etdilər, satışa çıxartdılar. Müflis vəziyyətdə qaldıq küçələrdə. SSRİ yoxdur, sənədlərimiz də düz deyildi. Yaşamaq lazım idi. Getdik alma bağlarında işlədik. 3 ay işlədim. Dözmək olmurdu. Nə isə etmək lazım idi…
Susur. Gözləri yol çəkir. Sonra üzümə baxır. Sevinclidir. Siqaret təklif edirəm. Əli ilə “yox” deməyi bəs olmur:
– Siqareti də atmışam, içkini də. Bir müddət çox içdim. Sonra elə bil, yuxuda idim, ayıldım. Hər şeyə “yox” dedim…
– Dedin, nə isə etmək lazım idi… Nə etdin?
– Bir dəfə bir qarajın yanından keçirdim. Maşın təmiri yeri idi. Gəldim, dedim ki, mənə iş verin. Sahibkar “haradansan”, – deyə soruşdu. Çaşqın halda SSRİ-dən dedim. “İş yoxdur”, – deyib qovdular. Əl çəkmədim, bir neçə gün də getdim, Azərbaycandan olduğumu, ixtisasımın gəmi mexaniki olduğunu dedim. Axırda bir maşın motoru göstərdilər. “KAMAZ” motoru idi. Yığ dedilər. Yığdım. Xoşlarına gəldi. Saatı 10 dollar müqavilə bağladılar mənimlə. Fəhlələr məndən çox alırdı. Yenə də olsun, dedim. Bəzən gün ərzində 10-12 saat işləyirdim.
– Tək yaşadın?
Yenə də illərin arxasında qalan o tanış təbəssüm, gözlərində qığılcım… Baxışlar isə heç dəyişməyib.
– Sən ki məni tanıyırsan. Mən tək qala bilməzdim. Bir yerli xanımla dostlaşdıq. Sonra ailə qurduq.
– Uşağın olmadı? İstəmədin, hə?
– Yox, istədim. Olmadı. O da çox istəyirdi, mən də. Amma bir dəfə onun anası mənə dedi ki, sən ondan uşaq gözləmə. O əməliyyat olunub, uşağı olmaz. Üzünə vurmadım, yaşadıq beləcə. Kreditlə ev almışdım. O, əməliyyatdan xəbərim olduğunu biləndə üzr istədi, səni aldatmışam, dedi. Sənin burada kimsən yoxdur. Dostun olaram. Nəhayət, sənədlərimi düzəldə bildim. Mənə Yeni Zelandiya vətəndaşlığı verildi. Rəsmi ayrıldıq. Evi ona verdim. Pis qadın deyildi. Əsas da o idi ki, məni çox istəyirdi. Axır ki, rayonla telefonla danışdım. Sevindilər. Hər gün danışırdım. Nəhayət, 4 il qabaq gəldim rayona. Ailə qurdum. Yoldaşım burada qalır. Bir oğlum da var… Orada evim yoxdur. Kirayədə qalıram. İndi hər şey yaxşıdır. Gəldim, qürbət çox pisdir, şair…
Fərhadla ötən günləri yada saldıq. Xatirələr bir-birini əvəzlədi. Hiss etdim ki, həyatının acılı anlarını danışmaq istəmir. Birdən yenə də xəfif gülüş qondu sifətinə:
– Aybənizi xatırlayırsan? Bax, mən onu heç yaddan çıxartmadım. O məni sevirdi axı. Ərə gedib. Getdim axır o işləyən xəstəxanaya. Qocalıb e… hələ o zaman məndən 7 yaş böyük idi. Yoldaşıma onun haqqında danışmışdım. İlk dəfə Azərbaycana gəldikdə qayıdan kimi gəlib onu soruşdu məndən, dedim görməmişəm. Amma bu dəfə gedib axtardım onu da.
Zarafat etdim:
– Fərhad, mən səni, doğrudan da, çox xatırladım. Amma inanmırdım belə gümrah olasan, səni çox pis demişdilər, həyatla mübarizədə uduzmuş bir adam kimi. Kədərli bir yazı yazacaqdım səndən…
– Niyə kədərli? Faiq, sən ki məni tanıyırdın. Mən öz həyatımın qəhrəmanıyam…
2015.06. 22.