Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı (ŞİH) Niyazi Bayramov növbəti dəfə sakinlərlə səyyar görüş keçirib.
İcra Hakimiyyətindən -ya verilən xəbərə görə, görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, bələdiyyə sədrləri, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, həmçinin idarə və müəssisə rəhbərləri iştirak ediblər.
M.Füzuli adına 22 nömrəli tam orta məktəbdə baş tutan görüşdə vətəndaşların müraciətləri tək-tək dinlənilib.
Müraciətlər arasında çoxmənzilli yaşayış binalarının həyətlərinin abadlaşdırılması, bir sıra küçələrdə asfalt örtüyünün yenilənməsi, işlə təminat, fərdi yaşayış evinin təmirinə köməklik göstərilməsi kimi məsələlər yer alıb.
Dilə gətirilən əksər məsələlər yerindəcə öz həllini tapıb, digərlərinin araşdırılaraq, qanuna uyğun formada aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib.
Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.