“Festivaldı, film bayramıdı, amma nəsə sevinmirəm mən. İçimdə sevinc hissi yoxdu. Düzdür, diplom alıram, bu gənc rejissorlara dəstəkdir. Hərçənd ki, otuz üç yaşım var. Özümü gənc hesab eləmirəm”.
Kulis.az xəbər verir ki, bu sözləri gənc rejissor, Amil Amal ötən gün 3-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalının bağlanış mərasimində səhnəyə çıxan zaman səsləndirib. O, bildirib ki, rejissorlar film proyektlərini reallaşdırmaq üçün vəsait tapa bilmir. Nazirlik tərəfindən keçirilən film layihələrinin maliyə məsələləri isə təmin olunmur.
“Artıq üç ildən çoxdur ki, müstəqil rejissor kimi fəaliyyət göstərirəm. Demək olar ki, müstəqil rejissorlara dəstək yoxdur, ölkədə film fondları yoxdur. Rejissorlar maliyə tapa bilmirlər. Mənim nə qədər proyektlərim kağız üzərində qalıb. Niyə mən öz layihələrimə dəstək tapa bilmirəm? Qarabağ kimi məsələni həll edən güclü bir dövlətin hələ Qarabağ mövzusunda bir filmi yoxdu. Mədəniyyət Nazirliyi “Müstəqil filmlərə dəstək” layihəsi keçirdi. Mən də orda iştirak edirdim. Artıq altı aydır ki, Nazirliyin həmin filmlərə ayırdığı büdcə verilmir”.
Rejissorun çıxışı zalda bir neçə dəfə alqışlarla müşayiət olunub.