Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında gənc rəssamların əsərlərindən ibarət sərgi keçirilib.
Kulis.az xəbər verir ki, “Mauqli” tamaşasının premyerası zamanı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, “Askerov Art” və “Crazy Art” studiyalarının birgə layihəsi çərçivəsində gənc rəssamların əsərlərindən ibarət sərgi keçirilib.
Sərginin həyata keçirilməsində əsas məqsəd uşaqların estetik zövqünün inkişaf etdirilməsi, istedadlı uşaqların aşkarlanması və onların təsviri sənətə olan meylini artırmaqdır.
Ekspozisiyada Redyard Kiplinqin “Cəngəlliklər kitabı”nın personajlarını əks etdirən müxtəlif səpkidə hazırlanmış 40 əsər yer alıb. Rəsm əsərlərinin rəngarəngliyi ziyarətçilərin marağına səbəb olub.
Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə və “Crazy Art” Studiyasının rəsm dərnəyinin müəllimi Ülkər Hümmətzadə məqsədlərinin uşaqlara incəsənətin bütün növlərini sevdirməklə, onlara mədəni dəyərləri, mədəni tərbiyəni aşılamaq olduğunu qeyd edib.