Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası, 2 nömrəli kitabxana filialı, Yasamal rayon Heydər Əliyev Mərkəzi və “Gəncliyə Yardım Fondu” QHT-nin birgə təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində 2 Fevral Azərbaycan Gəncləri Günü ilə əlaqədar ilk dəfə seçkilərdə iştirak edən gənclərlə görüş keçirildi.
Tədbirdə torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Yasamal rayon MKS-nin direktoru, tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi Lətifə Məmmədova tədbiri açaraq qonaqları salamladı və 18 yaşına yeni qədəm qoymuş, növbədənkənar Azərbaycan Respublikası Prezidentinin seçkilərində ilk dəfə iştirak edən tələbə və gəncləri salamladı və onları Gənclər Günü münasibəti ilə təbrik etdi. O qeyd etdi ki, bizim şəhidlərimizin əksəriyyəti gənclərimiz olub. Torpaqlarımızın azadlığı uğrunda şəhid olan gənclərimiz heç vaxt unudulmur, onlar ölümləri ilə ölümsüzlüyə qovuşdular, ən yüksək zirvəyə – şəhidlik zirvəsinə ucaldılar. Onlar bizim gənc, mərd oğullarımızdır, hər biri qəhrəmandır, düşmənlə döyüşə Dövlət himnimizi, “Qarabağ şikəstəsi”ni oxuyaraq gediblər və biz onları daima yaşatmalıyıq. Şəhidlərimizin adı Azərbaycanın tarixinə qızıl hərflərlə yazılıb, Azərbaycanın elə bir şəhər və rayonu yoxdur ki, orada Şəhidlər Xiyabanı olmasın. Ən böyük Şəhidlər Xiyabanı isə paytaxt Bakımızdadır.
Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycan gənclərinə bu sözləri demişdi: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir. Ölkəmizin gələcəyi gənclərimizin əlindədir”. Ümummili Liderimizin siyasi kursunun davamçısı Prezident İlham Əliyev çıxışlarında Azərbaycan gənclərinin fəallığından, vətənpərvərliyindən fəxrlə danışır, istənilən sahədə çalışan gənclərimizin Vətənə, xalqa vicdanla xidmət etmələrini tövsiyə edir. Daha sonra o, ölkəmizdə 7 fevral tarixində keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidentinin seçkilərindən danışaraq qeyd etdi ki, ölkəmizin bütün gəncləri seçkidə fəal olmalıdırlar, ən layiqli namizədə səs verməlidirlər, Zəfərimizlə fəxr etməlidirlər. L.Məmmədova Azərbaycan Respublikasının Seçki Məcəlləsindən gənclərə məlumat verdi, səsvermə qaydalarını onlara izah etdi və qürurla qeyd etdi ki, 7 fevralda azad Qarabağımızda seçkilər keçiriləcək. O, görüş iştirakçılarına məlumat verdi ki, ilk dəfə seçkilərdə iştirak edən MKS-in fəal oxucuları seçkilərlə bağlı “Bakinski raboçi” qəzetinə müsahibə veriblər.
2 nömrəli kitabxana filialının müdiri vəzifəsini icra edən İradə Hüseynova gənclərə müraciət edərək dedi ki, gənclik tükənməz bir qüvvədir. Gənclik illəri elmə, savada, biliyə sərf olunmalıdır. Sizlər bizim Koroğlularımız, Həcərlərimizsiniz. Hamınıza savadlı, elmli, vətənpərvər olmağı tövsiyə edirəm.
Yasamal rayon Heydər Əliyev Mərkəzinin böyük elmi işçisi Arifə Mustafayeva “Prezident qayğısı ilə əhatə olunan Azərbaycan gəncliyi” mövzusunda məruzə etdi. O məruzəsində bildirdi ki, təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti uğurla həyata keçirilir. Bu siyasətin davamçısı olan Prezident İlham Əliyev Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənc nəslin formalaşmasında mühüm işlər görmüşdür. O, biz gənclər də öz növbəsində dövlət qayğısını daim hiss edərək bizə göstərilən etimadı doğrultmağa çalışırıq sözləri ilə çıxışına yekun vurdu.
“Gəncliyə Yardım Fondu” Qeyri-hökumət təşkilatının aparıcı məsləhətçisi Şahalı Cəlilov görüş iştirakçılarını salamladı və dedi: “Gənclik yaşla deyil, ruhəndir. Bizim çalışdığımız sahə gənclərlə bağlıdır. “Gəncliyə Yardım Fondu” olaraq biz 4-5 ili əhatə edən proqram hazırlayırıq və gənclərə təhsil aldıqları ixtisas üzrə ixtisaslarını yaxşı mənimsəmələrini, müasir dünyanın tələblərinə uyğun biliklərə yiyələnmələrini tövsiyə edirik. Bir mütəfəkkirin sözlərini xatırlatmaq yerinə düşər: “Bir ölkəni tanımaq istəyirsənsə, birinci onun gənclərini tanı”. Biz gənclərin vətənpərvərlik və milli ruhda yetişməsinə əhəmiyyət veririk. Əziz gənclərimiz, bayramınızı təbrik edirəm!”
Bakı Dövlət Universitetinin Fizika fakültəsinin I kurs tələbəsi Sənubər Qurbanova çıxış edərək dedi ki, mən universitetin bir çox tədbirlərində yaxından, sevə-sevə iştirak edirəm, ölkəmi çox sevirəm və ona bağlıyam. Tarixi oxuyanlar bilirlər ki, dövlətimizi ayağa qaldıran məhz Heydər Əliyev olmuşdur. Onun gəncliyə verdiyi qiyməti dünya ölkələrinin heç bir dövlət başçısı belə qiymət verməyib. Heydər Əliyev siyasi kursunun davamçısı İlham Əliyev ölkəmizin gənclərinə böyük etimad göstərir. Bu çox qürurvericidir. Mən 18 yaşına yenicə qədəm qoymuşam. İlk dəfə səsvermə hüququmdan istifadə edərək, fevralın 7-də ölkəmizdə keçirilən növbədənkənar Prezident seçkilərində iştirak edəcəyəm, torpaqlarımızı bizə qaytaran cənab Prezidentimizə səs verəcəyəm.
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin I kurs tələbəsi Nərgiz Orucova çıxışında bildirdi ki, 18 yaşı tamam olmuş bir azərbaycanlı gənc olaraq 7 fevral tarixində keçiriləcək seçkilərdə öz səsvermə hüququmdan istifadə edib səs verəcəyəm. Mənim seçimim Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevdir. Onun apardığı siyasət, eyni zamanda “Dəmir yumruq” siyasəti ilə 30 il ərzində düşmən tapdağı altında olan Qarabağ torpaqlarımız azad edilmişdir və 2023-cü ildə ölkəmizin ərazi butövlüyü tam bərpa olunmuşdur. O, şəhid ailələrinə diqqət və qayğı göstərir, gənclərə də böyük etimad göstərir, ölkəmizi firavan yaşadaraq, sülhü təmin edir. N.Orucova çıxışını bu şüarlarla bitirdi: “Cənab Prezident İlham Əliyevlə irəli! Yaşasın cənab Ali Baş Komandanımız!”
“Meqa Kids” Uşaq İnkişaf Mərkəzinin baş psixoloqu Aygün Kərimova çıxışında gənclərə ruhi və psixoloji sağlamlığlarının qorumasının, mənəviyyatlarının zənginləşdirməsinin əhəmiyyətindən danışdı, gənclərin cəmiyyətdə düzgün mövqe tutmağı vurğuladı. O, gəclərlə eksklyuziv test apararaq onlara: “1) Mən kiməm?, 2) Özümü necə görmək istəyirəm?” suallarını verdi.
“Gəncliyə Yardım Fondu”nun nəzdində fəaliyyət göstərən kitabxananın könüllüsü, İqtisad Universitetinin (UNEC-in) II kurs tələbəsi Xəyyam Cəbrayılov və digər gənclər sorğuda iştirak etdilər.
11-ci sinif şagirdi Səid Pircanov təhsil aldığı Yasamal rayon 158 nömrəli tam orta məktəbin şagirdləri adından çıxış edərək Azərbaycan Gəncləri Günü münasibəti ilə gəncləri təbrik etdi. O qeyd etdi ki, məqsədimiz Azərbaycan gənci daima mütərəqqi addımların atmasından ibarətdir, gənclərimiz dünya gənclərinin tərəqqipərvar hərəkatının hərəkətverici qüvvələrindən biri olmalıdır. Mən də bir beynəlmiləl və vətənpərvər Azərbaycan gənci kimi, gələn ildən etibarən ictimai-siyasi həyatda daha da çevik olacağam. Buradakı gənclərimizi faydalı işlər görməyə çağırıram. Mən də bunula əlaqədar addım atdım, hamınızı “Demokratik məktəb”də birləşməyə çağırıram, mütərəqqi dünya ictimaiyyəti ilə birləşməyə və mütərəqqi bəşəriyyətin irəliləməsinə təkan verməyə çağırıram. Yaşasın azad Azərbaycan! Yaşasın azad Azərbaycan gəncləri!
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin I kurs tələbəsi, sinif nümayəndəsi Mehriban İbrahimli çıxışında bildirdi ki, onun 18 yaşı yenicə tamam olub, növbədənkənar Prezident seçkilərində ilk dəfə səsvermə hüququna malik olan bir gənc kimi xalqına Qələbəni yaşadan, Vətən həsrətinə son qoyan, Azərbaycan tarixində yeni səhifə açan, xalqını “Dəmir yumruq” kimi ətrafına birləşdirən Prezident İlham Əliyevə səs verəcək və bunu tələbə yoldaşlarına, doğmalarına da tövsiyə etdiyini dedi.
Naxçıvan Dövlət Unuversitetinin Hüquq fakültəsinin I kurs tələbəsi Cəmil Xudayarlı Azərbaycan Gəncləri Günü münasibəti ilə tədbir iştirakçılarını təbrik etdi və seçkidə fəal iştirak edəcəyini bildirdi.
Mərkəzi Kitabxananın Oxuculara xidmət şöbəsinin müdiri Yeganə Qafarova, Abonement bölməsinin müdiri Lalə Səlimova, 3 nömrəli kitabxana filialının müdiri Arzu Xudayarova çıxışlarında qeyd etdilər ki, Vətənimizin gələcəyi, onun daha da inkişaf etməsi gənclərimizin əlindədir. Onlar aldıqları savad və təhsillə keçmişimizi öyrənib, gələcəyimizi qurmalı və Vətənə layiqli övladlar olmalıdırlar.
Tədbirin bədii hissəsində “Qızıl qələm” mükafatı laureatı, vətənpərvər şair Nazlı Yazar gənclərə ürək sözlərini dedi və “Şəhidlər”, “Gənclərimiz”, “Bütöv Azərbaycan” şeirlərini, Azərbaycan Yazıçılar Birliyinin üzvü, vətənpərvər şair Leyla Mətin “Azərbaycan” şeirini söylədilər. AMK tərkibində İncəsənət Gimnaziyasının 7a sinif şagirdi, 13-cü Beynəlxalq muğam müsabiqəsinin qalibi, “Heydər Əliyev İli” ilə bağlı “Bülbül” Uşaq musiqi festivalının Yusif Sadıxov “Azərbaycan” mahnısını, gimnaziyanın şagirdi, VIII “Muğam” müsabiqəsinin diplomatı, Beynəlxalq muğam müsabiqəsinin qalibi, “Qran-Pri” mükafatçısı Ədilə Əliyeva “Azərbaycan” mahnısını və “Xudayar təsnifi”ni, 239 nömrəli tam orta məktəbin şağırdi Kərim Cəlilov “Bayatı-Şiraz”ı ifa etdilər.
Tədbir iştirakçıları Ulu Öndərə böyük ehtiram hissi ilə onun Yasamal rayon Heydər Əliyev Mərkəzindəki abidəsini ziyarət etdilər.
Gununxeberi.az