Firuzə MƏMMƏDLİ
Durnalar qayıtdı
Baharda oyanan xatirələrin
Qoluna girib də kəndə qayıtdım.
Getmişdim bir payız durna köçündə,
Durnalar qayıtdı, mən də qayıtdım.
Bir dəstə bənövşə, bir qom kol dibi,
Baxırdı torpaqdan, dərim, dərməyim?!
Ruhumu oyadan yaşıl yol oldu
Kəndə qayıtmağım, kəndə gəlməyim.
Çox şey dəyişmişdi o vaxtdan, çox şey,
Qalan nə idi bəs?.. Vallahi, heç nə.
Nə kənd həmin kənddi, nə qonum-qonşu,
Dəyişən nə imiş, İlahi? Heç nə!
Bu adlar, soyadlar tanış gəlsə də,
O vaxtkı deyildir kənd adamları.
Oğlanlar – şortikdə, qızlarsa – cinsdə,
Həm kənd başqalaşıb, həm adamları.
Uşaqlar ağlını test ilə ölçür,
Qadınlar danışır kişi səsilə.
Cavanlar üzbəüz gəlsələr belə,
Salam-kəlam edir esemes ilə.
Daban-dabanadı hər qapı hər tin,
Bu evin o evə həniri yetməz.
Mağar da qurula, toy da vurula,
Qonşudan-qonşuya səmiri yetməz.
Dəyişib… Yazdığım şeirin belə
Üzündə təbəssüm sətri qaçıb.
Təkcə çiçəklərdi öz mizanımda, –
Nə rəngi dəyişib, nə ətri qaçıb.
Bənövşə rəngini gözümdə gördü,
Çəmən yaşılını geydim əynimə.
Şəftəli budağı tərpənişilə
Çəhrayı şalını saldı çiynimə…
Getmişdim bir payız durna köçündə,
Durnalar qayıtdı, mən də qayıtdım.
2018
Kənd şəhərə nəğmə dedi
Ah, bu dəhşətli gecənin
Sabahı açıldı axır.
Buludlar yırtıldı, Ayın
Qabağı açıldı axır.
Sübhə kimi şaqqaşaraq
Göy üzünü qamçılayan
O qarıcıq nənənin də
Yumağı açıldı axır.
Bir qızıl məcməyidimi, –
Günəş qalxdı dan yerinə.
Axdı lalə çöhrəsindən
Nur süzüldü qan yerinə.
Səhərgülü şeypur-şeypur
Al səhərə nəğmə dedi.
Verdi çiçək nəfəsini,
Kənd şəhərə nəğmə dedi.
Bir köçəri quşca olub,
Qayıtmadım kəndə bu yaz.
Çökdüm şəhər çəkisinə
Yekə-yekə mən də bu yaz.
Ekranlardan güldü mənə
Yaşıllığı çöl-çəmənin.
Ətirini duyammadım
Dekorativ qönçələrin.
Ətəyimdən nəydi çəkən
Ötəmmədim mən özümü.
Arsız teleekranlara
Örtəmmədim mən gözümü…
Ötüb keçdi yaz nəfəsi,
Yay istisi qarsdı məni.
Sərinkeşin qarşısına
“Pərdə” deyib asdı məni.
2017
Niyə
Bu ocağın odu sönmüşdü çoxdan,
Bu can bir cəsədə dönmüşdü çoxdan.
Bu ruh yaşamırdı, ölmüşdü çoxdan,
Onu bu uyğudan oyatdın niyə?
At üstündə çapan qara gün idi,
Vaxt sürüydü, çoban qaragün idi.
İtirən mən… Tapan qara gün idi,
Qara gün içindən boy atdım niyə?
Bir az sünbül idim taxıl baxtıma,
Dedilər, iməklə, yıxıl baxtına.
Allah, məni də yaz paxıl baxtına,
Ömrümə sığmasın həyatım niyə?
Eylə dərdlərinə mükafat məni,
Qəlbinin küncündə ocaq çat məni.
Cənnət də – biz bazar; apar sat məni,
Mən kimi bir səhvə qayıtdım niyə?
Çökdü vicdanına nəfsim, ağrıdı,
Dilləşdim şerimlə, səsim ağrıdı.
Oldu bu taleyə təslim, ağrıdı,
Susdu qoşmam niyə, bayatım niyə?
2018
***
Gün asılıb yaxasından,
Göylər gündüzə çəkilib.
Batıb gül-çiçək içində –
Dərələr düzə çəkilib.
Gənclik – anın gözəlliyi,
Ömür, hanı gözəlliyin?
Düz dünyanın gözəlliyi
Bircə bu qıza çəkilib.
Sevmə ağılsız sevgini,
Ağla ağrısız sevgini.
Dilsiz-ağızsız sevginin
Ağrısı gözə çəkilir.
2018