Gətirməsən, videonu internetə yükləyəcəm…

“Mavi balina” 50 təlimatdan ibarət kompüter “oyun”udur. “Novoya qazeta”nın xəbərinə görə, təkcə 2015-ci ilin noyabr ayından 2016-cı ilin aprelinə qədər 130 gənc bu “oyun”un təsirindən intihar etib.

“Mavi balina”nı universitetdən qovulmuş psixologiya fakültəsinin tələbəsi Filip Budeykin hazırlayıb və oyun 2013-cü ildə “Vkontakte” sosial şəbəkəsində “ölüm qrupun”da istifadəyə verilib.

Qurbanlar həssas, fiziki-bioloji oyanma dövründəki yeniyetmələrdir. Yaş kaprizləri, evdə söz-söhbət, gecə həyatı məhdudiyyəti, siqaret-içki olmazları, məktəb tapşırıqları, əyləncə qadağaları və “Balina”…

Necə? – “Mavi Balina” gecə saatlarında qrupa bir status yazır: “Atalar azadlığa çərçivədir”.

Depressiv yeniyetmələrin lap ürəyincə olur bu status. Onlar qadağalar ucbatından “Atama nifrət edirəm” kimi rəylər yazırlar. Bu, “Balina” üçün əsl yemdir. Birbaşa mesaj yazır, problemlərini soruşur yeniyetmənin, ürək-dirək verir, bir növ, zəif yerindən tutub qanına işləyir. Asılılıq yaradır. Doğmalaşır. Sonra yavaş-yavaş təlimat verir. İlk təlimat budur: “Qoluna mavi balina çək, səni qoruyar. Sonra şəklini mənə göndər”.

Sonra video. Sonra növbəti təlimatlar. “Soyun, oranı çək, buranı çək”. “Onu elə, bunu elə…” Qaçış mümkün deyil, əlində video, şəkil var, şantajla hədələyir. Axırda da intihar.

Oyun səbəbindən “uşaqları intihara təşviq etmək”də günahlandırılan Budeykin “cəmiyyəti bioloji zibillərdən təmizləmək” məqsədilə bu oyunu yaratdığını bildirmişdi.

İstifadə edilən şantaj sistemindən “Qara ayna” (”Black Mirror”) teleserialının “Sus və rəqs et” (“Shut Up and Dance”) adlı bölümündə istifadə ediblər. Həmin filmdə veb kameradan çəkilən gizli görüntüləri yayımlamaqla təhdid edən hakerlər qurbanları müxtəlif cinayətlər törətməyə məcbur edirlər.

Azərbaycanda “Vkontakte” sosial şəbəkəsi bir o qədər məşhur olmasa da, dünyanın ən böyük gölü ölkəmizdədir. O qədər böyük ki, nəinki balina, axtarsan, akula da var.

Zamana qənaət üçün nəzərdə tutulmuş icadlara ayırdığımız vaxt daha çox zamanımızı alır.

Adamlar sosial şəbəkəyə görə evlənir, sosial şəbəkəyə görə boşanır. Ona görə geyinir, ona görə soyunur.

Ölkədə qadınlar sevgiyə-diqqətə o qədər acdır ki, bir az qayğı göstərirsən, adını sevgi qoyur.

Bir yorğan altında eyni uşağın valideynləri telefon vasitəsilə fərqli adamlarla “yatırlar”. Bu uzaqlığın qurbanı uşaqlar olur.

Qayğıdan, sevgidən uzaq, sintetik münasibətin qurbanı uşaq sosial şəbəkələrə sığınır. Filmlərə göz, musiqiyə qulaq açır. Sonra bir profil tapıb qucaq açır.

Bilirsiniz ölkədə nə qədər “balina” var? Uşaqları foto-videoyla şantaj edirlər, təhdid edirlər… Ən çox da pul tələb edirlər: gətirməsən, videonu internetə yükləyəcəm…

Uşaqları “balinalar”dan necə qorumalı?

İlk növbədə dinləmək lazımdır. Yeniyetməlik kaprizi təhlükəlidir. Dostlarıyla, mühitiylə tanış olmaq gərək. Oturub-durduğu, gedib-gəldiyi yerləri bilmək, nəzarətdə saxlamaq, uyğun deyilsə, uyğun olmayan tərəflərini izah etmək lazım. Şillə-təpiyi saxlayın bir dəqiqə. Əgər cinsi yetkinlik hiss edirsinizsə, bu barədə bilgiləndirin. İstər qız, istər oğlan – fərqi yoxdur.

Sosial şəbəkələrin fırıldaqlarını izah edin. Şəkil yollamaq olmaz, video çəkmək olmaz. Görüşmək olmaz. Aldadıb evə aparırlar, video çəkirlər, sonra da şantaj…

Mastrubasiya-ononizmin ziyanı-xeyri barədə açıqlama verin. Davamlı olanda yaddaş zəifliyi, ruhi korşalma yaratdığı barədə məlumatlandırın.

Telefonun bədbəxt elədiyi yeniyetmələrin sayı təbii fəlakətdə ölənlərdən, əcəliylə həyatını itirənlərdən dəfələrlə çoxdur.

Səbəb?

Bir uşaq doğulur. Özü də təsadüfən. Qadın olmamış ana olan “balinalar”a yem böyüdür, yox, daha doğrusu, o internetdə qayğı-məhəbbət peşindəykən uşaq sintetik-sintetik yaşlanır, böyümür.

Uşaqlara nəzarət edin, telefonlarını, hesablarını yoxlayın. Qadağa qoymayın, döyməyin, başa salın.

Mən valideyn deyiləm, amma bir növ, “balinayam”… Sonra “demədi” deməyin.

Share: