7 gündür şəhid olub, 7 gündür Cənnətməkan Şuşadan cənnətinə qovuşub Gecəgözlümün gənc övladı, baş leytenant Teymur Məcidzadə.
Canımızdan bir can da ayrıldı Qarabağ uğrunda! 7 gündür gözyaşları qurumayan ANAnı, sinif yoldaşım Yasəməni ziyarət etdim.
Bir ana ürəyindəki övlad fəxrinin ən uca məqamını gördüm:”Oğlumla fəxr edirəm, qürur duyuram. Vətən uğrunda şəhadətə qovuşmaq hər igidin işi deyil. Bunun üçün mənim kimi anaların Teymur kimi övladları olmalıdır”, dedi.
“Onun üçün çox darıxıram. Bilirəm ruhuyla Qarabağ göylərində gəzir, bilirəm yanımıza gəlir, amma cismən görə bilmirəm axı! Burnumun ucu göynəyir Qaqaş üçün”, dedi və yenə də gözyaşlarına boğuldu.
Təsəlli üçün deyil, həqiqət naminə “Sənin oğlun idi, indi bütün Azərbaycanın övladıdır”-dedim -“Teymur kimi qəhrəmanlar 30 illik həsrətimizə son qoydu, Qarabağı, Qarabağın ürəyi Şuşanı bizə qaytardılar. Teymurlar əbədiyaşarlıq qazandı. Azərbaycan var olduqca, millətimiz yaşadıqca, tariximiz durduqca yaşayacaq tarix yazan ŞƏHIDlər”, dedim.
Elə bil ki, ANA ürəyinə biraz su çiləndi, səbbi alındı. Dedi ki, mən təkcə bir oğul, bir övlad böyütdüyümü düşünürdüm, sən demə QƏHRƏMAN ŞƏHID böyüdürmüşəm. Təki Vətən sağ olsun! Bir Teymur itirib, min Teymur qazanmışam. Onun hər bir dostu, tanışı mənə Qaqaşdır. Qaqaşın qoxusunu onlardan alıram. III Fəxri Xiyabanda dəfn olunub, bu gün getmişdim məzarı üstünə, ağlayırdım, bir də gördüm ki, çoxlu Teymurlar gəlir üstümə, yüzlərlə gənc oğlanlar gəlib bir-bir qarşımda baş əyib, əlimdən öpdülər. Hamısına “sizə canım qurban”, dedim. Məni yandıran odur ki, mən ona demişdim ki, VƏTƏN kimi özünü də qoru, axı sən də Vətənsən!”…
Başın sağ olsun, Vətən!