ESKALASİYA
Son iki yüz ilimizi – QOŞA ƏSRİ qaranlıq bir quyunun dibindən – qəbirdən çıxarmaq və yenidən həyatla rast salmaq! Özü də son iki yüz ilimizdən – qoşa əsrdən min yeddi yüz dəfə kiçik rəqəmin yedəyində! QOŞA RƏQƏMİN!..
Nə qədər möhtəşəm, nə qədər misilsiz qəhrəmanlıq! Tarixi heyrətə gətirən! Ayağa qaldıran!..
Az qala son həddədək küncə sıxışdırıldığım(ız) bir vaxtda milli mənliyimizə, qürurumuza sığınıb çağdaş tariximizin bu ən nadir hadisəsini elə MİLLİ MƏNLİYİMİZİN, QÜRURUMUZUN QƏLƏBƏSİ kimi yaşayıram. Müharibə qələbəsi kimi yox!..
Nə qədər böyük xalq olduğumuzu anlamağımız üçün nə qədər böyük qələbə qazandığımızı bilməyimiz yetər. İndi ən əsası təmənnasız bir fədakarlıqla axına qarşı üzənləri görməyi bacarmaqdır. Dələduzları onsuz da görməyə bilmirik!..
Dünən Nəcməddin Sadıkovun şəninə tərif yağdıranlar bu gün eyni qələmlə Hikmət Mirzəyevi mədh edirlər. Nə qədər böyük utanc, nə qədər böyük kəsir – surət və məxrəc!
ANOMAL ARTİKULYASİYA!..
Və məni hər şeydən çox qorxudan bu çoxşaxəli və mürəkkəb konfrantasiyanın vahid və sadə kuliminasiya nöqtəsi! QOŞA NÖQTƏSİ! Son iki yüz ilimizin – qoşa əsrin şəriksiz qalib Ali Baş Komandanı Ordu Quruculuğu deyir, Müdafiə Nazir(liy)i ordu qırıcılığı!..
Bəlkə bunu dahilik adlandırmağa tələsməyək. Axı ortada emosiyalarımızı tətikləyən, fikirlərimizə söykənəcək nə qədər desən boyat məqam var! Məntiqimizin uzun müddətdir dirsəkləndiyi. Çoxlarını diplomsuz filosofa çevirən. Duruşu ilə hətta Sokratı, Aristoteli xatırladan. MƏSƏLƏN: FAKT! Daşlaşmış həqiqət!..
MƏSƏLƏN: ZÜLMƏT QARANLIQDA KORLAR BİZDƏN YAXŞI GÖRÜRLƏR! Bizim görmədiklərimizi, görmək istəmədiklərimizi. Ya da ən yumşaq halda: görə bilmədiklərimizi…
MƏSƏLƏN: Zakir Həsənovla birgə Müdafiə Nazirliyinə ciddi və yeni konyuktura gəlmişdi. Amma özündən qabaq! Ən azı bir addım! Məddahların qəbilə mədəniyyəti də öz yerində! Satan kim, satılan kim! Hər ilin bir quruşdan! İyirmi ilin iyirmi quruşa! Elə bir vurhavur, elə bir hay-həşir düşmüşdü ki! Bu vurhavurda, bu hay-həşirdə ağız deyəni qulaq yazıq necə eşitsin!? Qaşıqlar, çömçələr qazançalara çırpılırdı!..
CİN ŞÜŞƏDƏN ÇIXMIŞDI! YENİ MƏLİKMƏMMƏD NAĞILI İLƏ!..
Cin şüşədən çıxan kimi bizim qorxulu yuxumuz da çin çıxmışdı. İlk islahatların episentri ən az ehtiyac duyulan yer oldu – mətbəx! Əsgər masasına bəh-bəhlə üçbacı dolması gətirilirdi. Həm xarakter, həm də semantik baxımdan əsgəri yumşaldan, bəzən hətta kövrəldən menyu!..
Bəli, Zakir Həsənov orduya milli yeməklərimizi gətirə bildi. Amma milli xarakterimizi yox! Bununla da, özü ilə tabeliyindəkilər arasında ilk qopmaların, çatların və uçurumun əsasını qoydu – SONUN BAŞLANĞICINI!..
Əvəzində, o xarakteri bu xalq bütün dünyaya tanıtdı. Ağzından süd qoxusu gələn övladları ilə!..
YƏNİ: Azərbaycan əsgəri 44 gündə ikiqat qəhrəmanlıq göstərdi: o tayda quduz düşmənin kürəyini yerə vurdu, bu tayda təkəbbürlü Azərbaycan generalitetinin! Həm özünü hər ikisinə tanıtdı, həm də hər ikisini özünə; hər ikisindən ən azı 44 dəfə güclü reputasiyası ilə! Üstəgəl, qürurumuzun süzgəcindən keçməyən və boğazımızda sümük kimi qalan, yalnız və yalnız tarix xətrinə unutmadığımız bəlli məqamlar! Məsələn, lövhədəki SONLU nisbəti (general) cəbrayıl xəqaniyevlərin dayandığı yerlərdə, məsələn, döyüş meydanında SONSUZADƏK artırmaq fürsətimiz!
YƏNİ: Paqonlu burjuanın, ya da sadəcə paqonlu fermerlərin, heyvandarların dayandığı yerlərdə bu:
AZƏRBAYCAN GƏNCLİYİNİN ÖZÜNDƏN QAT-QAT BÖYÜK TƏQDİMATI İDİ! ÖZÜNDƏN QAT-QAT BÖYÜKLƏRİN SİFƏTİNƏ SİLLƏ KİMİ ÇIRPILAN!..
Aprel döyüşlərini TƏKLƏNMİŞ QƏHRƏMANLIQ adlandırmışdıq! Azərbaycan Ordusunun təklənmiş qəhrəmanlığı! ALT QATDAN!..
Aprel döyüşləri yalnız ordumuzun təklənmiş qəhrəmanlığı deyildi! Aprel döyüşləri həm də Ali Baş Komandanımızın təklənmiş qəhrəmanlığı idi! ÜST QATDAN!..
Nə qədər təhlükəli boşluq! Nə qədər təhlükəli uğursuzluq! O qədər təhlükəli uğursuzluq ki, onu uğur adlandırmaqdan başqa çarəmiz qalmamışdı!..
Aprel döyüşləri yalnız UĞURSUZ SONLUQ deyildi! Aprel döyüşləri həm də UĞURLU BAŞLANĞIC idi! Qırx Dörd günlük Vətən savaşının!
Son dərəcə təhlükəli risk! Son dərəcə təhlükəli cəhd! Və son dərəcə cevik strateji-taktiki manevr! Fövqəladə oriyentasiya! Kardinal müdaxilə! Mükəmməl performans! Bir sözlə: Respekt!
BRAVO, CƏNAB ALİ BAŞ KOMANDAN, BRAVO!..
Amma yenə də arada böyük bir uçurum vardı! Gözümüzə ən az dəyənlər, gözümüzə ən çox dəyməli olan adamlardı!..
LOGİSTİK XAOS!
Yaxud Xaos nəzəriyyəsi! Zəncirin qırılmış halqaları!..
YƏNİ: Müdafiə naziri olmaq öncə Vətəni qorumaq deyil. Müdafiə naziri olmaq tabeliyindəkiləri qorumaqdı öncə. Gərək onları qoruyasan, qoruya biləsən ki, onlar da Vətəni qorusunlar, qoruya bilsinlər! Onlarla Vətəni qoruyasan, qoruya biləsən!
Amma Zakir Həsənovun Müdafiə Nazirliyinə gəlişi ciddi disbalans yaratdı; özü də nə vaxtsa xarakterlərin ensiklopediyası adlandırdığımız bir məkanda – orduda! DÖYÜŞƏN ORDUDA! Nəcməddin Sadıkov səngər təcrübəsinə malik general kimi özünü Zakir Həsənovdan həmişə bir pillə yuxarıda görürdü, üst qatda dayandığını hər fürsətdə qabartmağa, gözə soxmağa çalışırdı və etiraf edək ki, bu işin öhdəsindən böyük ustalıqla gəlirdi.
Ta anlaşılmaz məruzəsilə cənab Ali Baş Komandanın önündə dayandığı günədək. Bu dəfə, deyəsən, barıtını artıq qoymuşdu! Partlayışın dalğası zəlzələ effekti yaratdı! Hər şeyin altını üstünə çevirdi, anasını ağlatdı. XÜSUSİLƏ, ANA DİLİMİZİN ANASINI! Bu da hərbi parad deyildi ki, mikrofon önündə özü, xətdə general Heydər Piriyevin səsi olsun…
Bununla belə, xarakterlərin savaşı elə ilk gündən müdafiə institutuna sarsıdıcı zərbə vuran bəlli sonluqla nəticələndi: birincinin aşkar məğlubiyyəti, ikincinin parlaq qələbəsilə!
PİRR QƏLƏBƏİLƏ!.. Ordudan total qopmaların özülü qoyuldu: yüzlərlə vətənpərvər Azərbaycan zabiti öz hərbi mundirini əynindən çıxarmağa vadar oldu. Boşalmış yerlər isə əsasən, ordudan (xidməti uyğunsuzluqla) qovulmuş zabitlərlə dolduruldu. İldırım sürətilə. Ağına-bozuna baxmadan! Yenidən sıraya qaytarılmağın üçün elə bircə Səfər Əbiyev dönəmində cəzalandırılmağın yetərdi!
PARAMETRLƏRİN DİAMETRAL TRANSFERİ!..
Ancaq etibarsız özüllər üzərində qurulan konspirasiya, xüsusilə, qarşılıqlı münasibətlər fonunda hər gün daha çox artan gərginliklə ifşa olundu; məxfi şifrələrin koordinatları – gizli saxlanc yeri öz statusunu itirdi. Döyüş hazırlığında UĞURSUZ müdafiə! İdeoloji xətdə “UĞURLU” müdaxilə!..
Təhlükəni şərtləndirən əsas cəhət ideyaların fərdi, yəni, özəlləşdirilmiş, yaxud şəxsiləşdirilmiş şəkildə cızılmasından tutmuş, yaxın ətrafın daha güclü görünən tərəfə meyllənməsi, tülkü kimi yarınması və bundan ötrü dəridən-qabıqdan çıxmasına qədər böyüyürdü. İtirilən təşəbbüs indi yalnız qazanılan üstünlük deyildi; həm də aşkar qisasçılıq idi.
Ancaq bu acı gerçəyi hipotetik yanaşma kimi sinirmək istəyimiz diksinmə səbəbindən iştahımızı itirdiyimiz günədək uzandı. O vaxtadək bəlkə də çoxlarının xatırlamadığı sabiq baş “zampolit” polkovnik Mehman Səlimovun qəfildən tələmtələsik və müəmmalı həbsi, o vaxtadək bəlkə də çoxlarının unutmadığı qalmaqallı məqaləni yenidən gündəmə gətirdi! Bu, sözün istənilən mənasında M. Səlimovdan sonra gələn bütün “zampolit”lərə – baş ideoloqlara uzaqdan-uzağa elə bir tərzdə barmaq silkələmək idi ki, istər-istəməz hamısı öz barmağını dişlədi! Qanı axanadək! Baxın ha! Heç nə unudulmur! Heç nə yaddan çıxmır!
Beləliklə, Nəcməddin Sadıkovun sonadək bitməyən qəzəbi müdafiəsiz vəziyyətdə qalan müdafiə mənsublarının başında çatlayırdı! Sabiq nazirin ən çox məhz bu məqamda xatırlanması da, hər halda, təsadüfi olmamalı idi; çünki əlahəzrət məntiqə söykənmişdi; o qədər təbii və gözlənilən idi ki, hətta ciddi sarkazmla, müxtəlif məzəli lətifələrlə obrazlaşdırılırdı. Səfər Əbiyev təqribən on doqquz il ərzində Nəcməddin Sadıkovu yüksək peşəkarlıqla – ehmallı, ehtiyatlı və etibarlı strategiya ilə konservləşdirmişdi. Saçlarına sığal çəkə-çəkə!..
QISASI: eskalasiya qaçılmaz idi. Necə görməyə bilməzdik! Gözümüzə təpilirdi! Kor kor, gör gör: Lokal absessiv pozuntular artıq iltihabın ilkin nişanəsinə çevrilmişdi. Ən azı konservativ müalicəyə ehtiyac vardı! Amma ciddi! Radikal müdaxilə haqqında isə danışmağa dəyməzdi. Çünki xarakterlərin savaşı çoxdan bitmişdi.
Belə bir gərgin və həlledici məqamda sistemin profilaktik “müayinə və müalicəsi” işinin tale ümidinə buraxılması GÖZLƏNİLƏN eskalasiyanı qısa müddətdə GÖZLƏNİLMƏDƏN artırdı; həndəsi silsilə şəklində. Zakir Həsənovun başı bacanağı Elxan İbrahimovdan, Nəcməddin Sadıkovun başı isə bacısı oğlu Ramil Əsgərovdan general düzəltməyə qarışmışdı! Düzəltdilər də!..
Elxan İbrahimov Müdafiə Nazirliyinin Tibb Baş (!) İdarəsinə, Ramil Əsgərov isə Daxili Təhlükəsizlik Baş (!) İdarəsinə rəis təyin olundu. Bacanaq və bacıoğlu BAŞA çıxarıldı!
ÖN PLANDA: bəlli təyinatlar!
ARXA PLANDA: gizli özünümüdafiə! Özünütəcrid cəhdləri! Don Kixot təfəkkürü! Yaxud Don Kixot təkəbbürü! Və sair və ilaxır! Amma nə faydası! Hər iki planda hər şey bəlli idi: döyüş, başlamadan uduzulmuşdu! XƏRİTƏ ÜZƏRİNDƏ!..
YƏNİ: Ölkənin XARİCİNDƏN müdafiə olunmalı nazir(liy)in ölkənin İÇİNDƏN müdafiəyə ehtiyacı yaranmışdı! O ÜZDƏN: XARİCDƏN Vətəni müdafiə etməli olanlar İÇDƏN özlərini müdafiəyə qalxmışdılar! BU MƏQSƏDLƏ: daxili blokpostlar qurulmuşdu; bacıoğlu və bacanaq kimilərinin simasında! Kİ: külli miqdarda dövlət vəsaitini rahatlıqla çapıb-talamaq mümkün olsun!
HƏMİŞƏKİ KİMİ: Dəstəkçi qismində ələbaxan media! Yəni ələbaxan medianın çevik dislokasiyası: dünənədək (general) Eldar Mahmudovun qoltuğundan boylananlar bu gün artıq (general) Ramil Əsgərovun cibinə doluşurdular; bir-birini tapdalaya-tapdalaya, əzə-əzə! Qoç igid dayısına oxşayar. Varlığa nə darlıq! Media indiyədək bu qədər səxavətli general görməmişdi! ÇÜNKİ: Ramil Əsgərov var gücü ilə ancaq Müdafiə Nazirliyini qorumalı olduğundan, ümumiyyətlə, bixəbər idi! Var gücü ilə ancaq öz dayısını qoruyurdu!
BUYURUN: bu da dünən görmədiklərimizin bu gün küçənin ortasında, hamımızın gözü qarşısındakı multi inkası: zirehli transportyor, yol qəzası və inkassator!..
Bir də “Dumanlı Təbriz”! Daha doğrusu, Qəhrəman Şəhər – DUMANLI TƏRTƏR!
HƏR HALDA: BU, TƏBİƏT HADİSƏSİ DEYİL!
HƏR HALDA: Həqiqəti tapmaq, onu öpt-basdır etməkdən daha asandır!
Nəhayət, sadaladığım və sadalamadığım BÜTÜN HALLARDA: BİZİ YALNIZ HƏQİQƏT XİLAS EDƏCƏK!
MƏSƏLƏN:
İndiyədək heç bir müdafiə naziri bu ordunun döyüş ruhunu bir MÜBARİZ İBRAHİMOV qədər yüksəldə və qoruya bilməyib!
İndiyədək heç bir müdafiə naziri bu ordunun döyüş qabiliyyətini bir HİKMƏT MİRZƏYEV qədər üzə çıxara və göstərə bilməyib!
Budur o HƏQİQƏTİN TƏQDİMATI: Öz yaralı döyüş dostunu kürəyinə alıb düşmənin üstünə yeriyən AZƏRBAYCAN ƏSGƏRİ!
SON İKİ YÜZ İLİMİZİN – QOŞA ƏSRİN QOŞA HEYKƏLİ!..
Qırx Dörd günümüzün şəkillənmiş interpritasiyası!
Özü də Qırx Dörd günümüzdən ən azı qırx dörd dəfə ağır və ağlagəlməz xəyanətlərin FONUNDA! İfrat bolluq və elmə yad müasir hannibalizmin! Çəngəlli-bıçaqlı! Qalstuklu! Paqonlu hannibalizmin!
Ölkənin mədəniyyətini qorumalı olan şəxs (Əbülfəz Qarayev) ölkəni mədəniyyətsizləşdirir! Özü cəhənnəm! Ölkə mədəniyyətinin ən böyük dayaq sütununu, ən böyük simasını, nəhayət, ən yaxın qohumunu – Qara Qarayevi üzüqara edir!
Ölkənin xarici siyasətini ermənidən qorumalı olan şəxs (Elmar Məmmədyarov), erməni üstümüzə yeriyəndə qeybə çəkilir! Necə buxarlanırsa, ölkənin xarici siyasəti bir yana dursun, ölkənin heç daxili siyasətində də tapılmır! Çünki ON MİLYONLUQ xalqın çiy kərpic evlərdən çıxan oğulları öz canı-qanı bahasına düşmən kürəyini yerə vuranda, o da öz oğullarına Yeni Şəhərdə ON MİLYONLUQ ev alır! Sunəsinə döyə-döyə! Qürrələnə-qürrələnə! Amerikaya – ölkənin xaricinə daşınır!..
Ölkənin milli təhlükəsizliyini qorumalı olan şəxs (Eldar Mahmudov) ölkəni təhlükəsizləşdirir: tərk-silah edir! Milli mənliyimizi, milli kimliyimizi, milli xarakterimizi zədələyir! Və bu zaman yalnız hal şəkilçisi dəyişmir! ÖLKƏNİN HALI DƏYİŞİR!..
YƏNİ: dünən təmtəraqla çiyninə zərli-zibalı general paqonu taxdırdığınız Nizami Məmmədovu bu gün çapıb-talanmış milyonlara görə məhbəsə atdırmaqla iş bitmir! Heç bilirsiz, bu mənim xalqıma, mənim dövlətimə, mənim dövlətimin başçısına nə qədər baha başa gəlir!!? Oğurlanmış milyonlardan milyon dəfə baha!
Çünki xalqda skeptik şübhə pozuntusu – aşağılıq kompleksi yaradır. İnamı, özgüvəni öldürür! Onun gələcəklə bağlı düşüncələrini dalana dirəyir, axtalayır. Adamları öz gözündən düşürür! Bir-birinə satqın, ikiüzlü, xəyanətkar, rüşvətxor, əliəyri… kimi baxmağa vadar edir.
ÖLKƏNİ ALAQ OTLARI BASIR!
Bir tərəfdən bu alaqotlarının otuz ildən çox vay-şüvən sala-sala yolunu gözlədikləri “Lazım” sevgisi məhz lazım gəlib çıxanda saxta çıxır!
O biri tərəfdən də bu alaqotlarındandan biri yağışdan sonrakı göbələk kimi, ən müqəddəs yerimizdən – Milli Qəhrəmanımız Polad Həşimovun ocağından zühur edir. Övlad itkisilə barışmayan ağbirçək ANAMIZIN qanı axan yarasına duz səpir. Onu general Kərim Vəliyevi xəyanətdə suçlayacaq qədər affekt vəziyyətinə gətirir! İyirmi beşinci kadrda isə QOŞA NÖQTƏ! “İstefa! İstefa!” İstedadlı əclaf!..
Görürsüz nələr baş verir!!? Və nə yaxşı ki, bu gördüklərinizin içində görmədiyiniz və elə görmədiyinizə görə toxunulmaz məxfi alqoritmlər var; üzdə kifayət qədər xaotik, dərində kifayət qədər aydın; genetik kodlarla şifrələnmiş. Çünki məhz o alqoritmlərin dupduru işığına, tükənməz gücünə güvənə-güvənə:
Mən öz dünənimdə müqəddəs torpağımızı – Cıdır düzünü murdarlayan “yan”ları gördüm!
Mən öz bugünümdə müqəddəs torpağımıza – Cıdır düzünə müqəddəs rəmzlərimizlə – paxlava və pürrəngi çayla qayıdan Ali Baş Komandanımızı görürəm!
Kənara çəkilin! İmkan verin, xalq da görsün!
Həm öz QƏHRƏMANINI! Həm də öz QƏHRƏMANLIĞINI!..
SON İKİ YÜZ İLİMİZİN – QOŞA ƏSRİN QOŞA QƏHRƏMANINI!..
İbrahim RÜSTƏMLİ,
Əməkdar jurnalist, ehtiyatda olan polkovnik-leytenant
P.S. BUTAFORİYA (üçüncü yazı): General Vaqif Məmmədovun küçə leksikonu, Fəxrəddin Cəbrayılovun rüşvət ittihamı, Elxan İbrahimovun tibb biznesi, Füzuli Salahovun gizli şifrəsi: “silahını qoru!” Və s. və i…