Gennadi Maksak: “Azərbaycanın yanaşması bizim üçün vacibdir, Ukraynada bu addım diqqətdənkənar qalmayacaq”

Gennadi Maksak: “Azərbaycanın yanaşması bizim üçün vacibdir, Ukraynada bu addım diqqətdənkənar qalmayacaq”

“Avropa ölkələrinin Ukraynaya dəstək səviyyəsi fərqlidir”.

Bu barədə Oxu.Az-la söhbətində “Ukrayna prizması” Analitik Mərkəzinin Xarici Siyasət Şurasının sədri Gennadi Maksak Ukraynadakı vəziyyəti, Qərbin və ümumilikdə dünya ölkələrinin dəstək səviyyəsini şərh edərkən bildirib.

“İlk növbədə aldığımız dəstəyə görə NATO-ya təşəkkür etmək istəyirəm. Düşünürəm ki, Şimali Atlantika Alyansı koordinasiya səviyyəsində Ukraynaya çox kömək edir. “Ramştayn” və “Kopenhagen” formatlarında əməkdaşlıq mövcuddur.

Avropa ölkələrinin dəstək səviyyəsi, təbii ki, fərqlidir. Almaniya və Estoniyanın yardımı haqda fərqli yönlərdən danışmaq olar, lakin bu ölkələrdə yaşayan əhali sayına görə Estoniya birinci yerdədir. Hərbi və maliyyə yardımından danışsaq, əlbəttə ki, liderlər Böyük Britaniya və Almaniya olacaq.

Təbii ki, bizim ən böyük tərəfdaşımız ABŞ-dir. ABŞ bizə on milyardlarla dollarlıq hərbi yardım göstərir. Tədarüklər çərçivəsində biz qabaqcıl silahlar əldə edirik ki, bu da müharibənin növbəti mərhələsinə – ərazilərimizin geri alınmasına və Rusiya qoşunlarının Ukraynadan çıxarılmasına  -keçməyə imkan verir.

İkinci yerdə Avropa İttifaqı qərarlaşıb. Avropa Sülh Fondu Ukraynaya hərbi ehtiyaclarımızın maliyyələşdirilməsi üçün təxminən üç milyard avro maddi dəstək ayırdı. Bu pullar Aİ-yə üzv dövlətlərdən gəlir, onlar üstəlik, bizə silah tədarükü və hərbi-texniki yardımla bağlı da dəstək göstərirlər. Avropa ölkələrindən (Aİ üzvü olması mütləq deyil) ən fəal dəstəyi artıq adıçəkilən Almaniya və Böyük Britaniya təmin edirlər. Bundan əlavə, Fransa, Polşa və Vişeqrad qrupunun digər ölkələri və s. də yardım edənlər sırasındadır”, – deyə o qeyd edib.

Maksak hərbi-texniki və maliyyə dəstəyi ilə yanaşı, humanitar faktorun da mövcudluğu ilə bağlı fikrini bildirib. Azərbaycanın Ukraynaya göndərdiyi humanitar yüklər və Azərbaycana gələn Ukrayna vətəndaşlarının ölkədə qalma müddətinə məhdudiyyət qoyulmamaması ilə bağlı qərarı şərh edən şura sədri bildirib ki, belə bir humanitar yanaşma Ukrayna və vətəndaşları üçün çox vacibdir.  

“Ukraynada bu addım diqqətdən kənarda qalmayacaq. Biz Azərbaycan hökumətinə və bizə dəstək göstərən digər tərəfdaşlara minnətdarıq. Beş milyondan çox vətəndaşımız öz istəklərinə xilaf olaraq xaricdədir, onlar, sadəcə olaraq, müharibədən qaçıblar. Biz bu insanlara göstərilən yardımı və humanitar dəstəyi çox yüksək qiymətləndiririk”, – deyə o vurğulayıb.

Maksak həmçinin xatırladıb ki, bir müddət əvvəl Avropa İttifaqı Ukrayna vətəndaşları üçün Aİ-də müvəqqəti müdafiə rejimini 2024-cü ilin martına qədər uzadıb.

“Bu, Aİ-də olan ukraynalılar üçün böyük üstünlükdür. Onların işləmək hüququna malikdirlər və Aİ-yə üzv ölkələrin hökumətlərindən dəstək alırlar”, – deyə o əlavə edib.

Nair Əliyev

Share: