Kulis.az Aqşin Yeniseyin yeni yazısını təqdim edir.
Milli kimliyi yox etməyin ən effektiv yolu milli kimliyini yox etmək istədiyin cəmiyyətə hazır kimliklər təklif və təşviq etməkdir.
Məsələn, sovet dönəmində müstəmləkə xalqlarına hazır kosmopolit “kommunist kimlik” verilirdi ki, bu işi də sovet təhsil sistemi həyata keçirirdi.
“Oktaybryat-pioner-komsomol” ardıcıllığı ilə kommunist kimliyinə aparan didaktik bir təkamül sistemi yaradılmışdı. Biz sovet təhsil sistemində dünyəvi olanı öyrənib milli olanı unudurduq. Çünki hazır kommunist kimliyi rifah, karyera, şöhrət vəd edirdi.
Bu günün azərbaycanlısına daha çox sayda hazır kimliklər təklif olunur: onların içərisində ən cazibədarları İrandan idxal olunan “islam qardaşlığı” kimliyi və Qərbdən idxal olunan “demokratik, dünyəvi” kimlikdir.
Birincisinin arxasında fars millətçiliyinin, ikincisinin arxasında isə Qərb orientalizminin maraqları dayanıb.
Və hər iki hazır kimliyə ən çox can atanlar özlərinə hər hansı bir kimlik yaratmaq üçün heç bir zəhmətin, cəhdin, düşüncənin sahibi olmayan cəmiyyətimizin ən savadsız, ən avara üzvləridir.
Hətta gey, lezbiyan, feminist və s. olmaya-olmaya təklif olunan bu hazır kimliklərlə maskalanıb fayda uman vətəndaşlarımız var.
Avropaya getmək üçün dil öyrənmək zəhmətinə qatlaşmaq istəməyənlər, dillərini alayı cür kullanıb bu istəklərini daha rahat həyata keçirirlər.
Cəmiyyətin aydın milli kimliyə sahib olması nə üçün lazımdır? Oturuşmuş milli kimliyi olmayan bir cəmiyyətə sekulyar, demokratik dəyərlər ancaq fəlakət gətirə bilər. Atatürkün ən böyük işi “Çanakkala zəfəri” deyildi, Türkiyə demokratiyasının mərkəzinə türk milli kimliyini qoyması və bunu zorən möhkəmləndirməsi idi. Bunu etməsəydi, heç bir demokratiya, heç bir parlament Türkiyəni məhv olmaqdan xilas edə bilməyəcəkdi.
Çünki dünyanın bütün ölkələrində demokratiyanın uğurunu təmin edən güc millətçilik ruhudur. ABŞ-də millətçilik anlayışı yox idi deyə yerinə “Amerikan kimliyi” deyilən sosial identifikasiyaya uyğun bir vətəndaş kimliyi yeritdilər ki, bu gün bütün millətçi bağlardan daha möhkəmdir.
Lap əvvələ gedək. Klassik yunan və Roma demokratiyasına. Afina demokratiyası Sokratı ölümə göndərəndə bu şəhər-dövlətdə 250-300 min insan yaşayırdı. Bəs neçə nəfərin demokratik prosesdə işitrakına izin verilirdi? 30-40 min adamın. Afinada qadınların, kölələrin, digər insanların səsvermə hüququ yox idi. Orada yalnız yerli aristokratlar demokratik prosesdə təmsil oluna bilərdirlər. Yəni Sokratı ölümə göndərənlər xalq yox, aristokratik demokratlar idi ki, zəhmət çəkib milli afinalı kimliyi yaratmışdılar.
Eramızdan əvvəlki Roma demokratiyasında da eyni mənzərə vardı. Roma demokratiyası da gücünü qara camaatdan deyil, təhsilli, elit Roma aristokratiyasından alırdı.
Mənim fikrimcə, Azərbaycanda hələ ki, demokratiyanın yalnız bu forması uğurla nəticələnə bilər.
Müasir Qərb demokratiyası da milli gücü mərkəzə qoyan milli dövlətçiliyin meyvəsi və uğurudur. Bu demokratiyanın arxasında Makiavelli, Hobbs, Smit, Hegel, Şlegel, Nitsşe, Fixte və digər onlarla Qərb filosofunun milli kimlik üzərində milli dövləti yaradan fəlsəfi gücü dayanır. Bir az da arxaya getsəniz, qarşınıza “Danteçi Avropa kimliyi” anlayışı çıxacaq. Danteçi Avropa anlayışı isə özündən sonrakılara bir dini kimlik vəsiyyətidir. İslama “şeytani din” kimi baxan Dante bütün Avropaya vəsiyyət edirdi ki, nə vaxt milli kimlik olaraq ayrı-ayrılıqda dara düşsəniz, dərhal xristian kimliyi ərtafında birləşin.
Hətta müasir Avropa demokratiyası da uzun müddət milli kimliyə qara camaatı, qadınları şərik etmək istəmirdi. Rusiyada proletar inqilabı baş verənə qədər Avropada demokratiya milli “kişi işi” hesab olunurdu.
Gedib ABŞ-də, Avropada toyuq həyatı yaşayanlar, yaşadıqları ölkələrin heç bir ictimai, siyasi, mədəni həyatında iştiraka icazəsi olmayanlar, yaxud öz içimizdə hazır dini və demokratik kimlik uniforması geyinib milli kimliyi yaradan dəyərləri ya muzd qarşılığında, ya da kor-koranə çeynəyənlər üçün bu cür yazılar “mağara təfəkkürü”dür.
Olsun. Zatən Şərqin orijinal mədəniyyəti həmişə mağaradan çıxıb. Budda mağarada aydınlanmadımı? Zərdüşt mağarada yaşamırdımı? Məhəmmədi sizin üçün Sevr mağarası qorumadımı?
Mən də öz mağaramda oturub öz oxucuma siyasi Avropa ilə mədəni Avropanın daban-dabana zidd olduğunu, İrandan, Səudiyyədən idxal edilən islamla islam mədəniyyətinin eyni şey olmadığını izah etməyə çalışıram. Hədəfim isə hansısa siyasi, dini banda deyil, milli, ümumi işin faydalılıq əmsalının artırılmasıdır.
Sonda: yazı üslubuma zidd olaraq bu yazıda şifahi nitqin elementlərindən istifadə etdiyim üçün spesifik oxucu üzrlü saysın.