Müstəqil.Az ELVİN NASİRİN bir neçə yeni şeirini təqdim edir:
Adam var?
Necə alçaq,necə mundar, neçə gerçəkdə adam var?
Külliyat qırır biri birin,bu çək ha çəkdə adam var?
Tüpürüb hər kəsə getdim, neçə il sonra qayıtdım,
Yığılıb kəşf eləyiblər ki,tüpürcəkdə adam var.
Bəni adəm,nökər insan,neçə xislətindən əl çək,
Səni insan yaradıb Tanrı, yalansan , odu gerçək.
Nə böyük kürə deyirlər,bu dünya nöqtə,diyircək
Kim deyir 9 milyard,bu diyircəkdə adam var?
Nə qədər köçür dünyadan,doğulur gündə bir sürü,
O ki, dustaqdır şeytana,deyir yaşatmışam hürü.
Geyinib əllərə əlcək,boğa bilsən təkəbbürü,
Ayılıb dərk edəcəksən,həmin əlcəkdə adam var.
Biz nökər tək doğulmuşuq,tək odur hökmdar,ağa
Sol tərəf cəhənnəmdirsə,dönə bilmirik biz sağa.
Və zibil qoxsa çiçəklər,günah atma gəl torpağa,
İfunət iysi versə gül,bil o dibçəkdə adam var.
Niyə dərviş təki hər kəs,həyatda intizardadır,
Kiminin pul parasında,ya da bir başqa yardadır.
Hamı insan doğulubsa,axı insanlar haradadır?
Ya qulağların dibində,ya da dirsəkdə adam var.
BİLMİRƏM
Bir dərin dənizin ortasındayam
Allahdan köməyim,imdadım nədir?
Özünü itirmiş adam düşünün
Görəsən mən kiməm,bəs adım nədir?
Burda nə şəhər var nə də ki adam,
Görəsən mən kimin ölkəsindəyəm?
Ətrafım qaranlıq, zülmət içində
Hansı bir işığın kölgəsindəyəm?
Əksimi göstərən heç bir ayna yox,
Bilmirəm heç necə görünürəm mən.
Mən ki ayağsızam,necə gəzirəm?
Bəlkə də gəzmirəm, sürünürəm mən.
Kiminlə danışım,nə söhbət edim?
Boğazım sözləri gətirmir dilə.
Axı mən həyatı necə sevirəm?
Sevməkmi? Siz Allah o nədi elə?
Bilmirəm mən bura necə düşmüşəm,
Doğmalar yoxdur ki, tanıyım yadı.
Kim məni gətirib axı dünyaya?
Görəsən dünyadır buranın adı?
Görəsən buranın sahibi kimdir?
Bilirəm Allahdır,bəs o hardadır?
Bəlkə o, gizlənib səmadan üstdə,
Bəlkə mən görmürəm,bəlkə burdadır?
Ətrafda gəzişən canlı meyidlər,
Hamilə qadınlar batır,boğulur.
Onların bətnində kiçik adamlar,
Dünyaya gələndə ölü doğulur.
Heç də səhv etmirəm, bura dünyadır
Çün yerdən ucalır göyə fəryadım.
Hər şeyi düşünüb tapa bilirəm,
Mən bircə bilmirəm nə idi adım.