Gizli imzanın aşkar tərəfləri,

yaxud Sadiq təxəllüslü satirik şairin cəsarətli şeirləri

Ədəbi uğur iki cürdür: müəyyən zaman kontekstində və bütün zamanlar üçün. Nə qədər ki, yazırsan, yazdığının hakimi özünsən, publikaya aşkarlandıqda mühakimə etmək hüququ oxucuya keçir. Panteist nəzəriyyəyə görə, yaratmaq keyfiyyəti Allaha məxsusdur. Allah insanı və onu əhatə edən aləmi sözün gücüylə yaratdı, “ol” dedi və insan oldu. Sonra Allah insanı yaratmaq keyfiyyətini insanın özünə verdi. Söz yaratmaq qabiliyyəti isə seçilmiş bəndələrinin qismətinə düşdü.

Söz ədəbi məhsula çevrildiyi gündən insan gözəllik, ədalət və həqiqət axtarışındadır. Poeziya gözəlliyin simvolu sayılır. Poetik sözlə ifadə olunan gözəllik ölməzdir.

Artıq məşhur frazaya çevrilmiş bir ifadəni xatırlatmaq yerinə düşər. Azərbaycan xalqı şair xalqdır. Bunu ona görə demirlər ki, hamı ucdantutma şeir yazır. Bunu ona görə deyirlər ki, hamı şeirin gözəlliyini başa düşür və gözəlliyə şairanə yanaşır.

Bir müddət idi ki, “M.Sadiq” imzasıyla çap olunan satirik şeirlər cəlilabadlıların diqqətini çəkirdi. Çoxları bu imza altında kimin şeir yazdığını bilmirdi. “Sadiq” təxəllüslü Əzimov Mirhəbib Əzim oğlu 1954-cü ildə Salyan rayonunun Xalac kəndində anadan olub, sonralar Cəlilabad şəhərinə köçüb və burada yaşayır. Müxtəlif vəzifələrdə çalışdığına görə müəyyən dövrlərdə cəmiyyətdəki eybəcərliklərə etiraz edən şeirlərini aşkarlamamışdır. Bu mənada Mirhəbib Əzimovu başa düşmək mümkündür. Bölgədə kəskin söz demək o qədər də asan deyil.

Satira Azərbaycan ədəbiyyatında XIX yüzil­lik­dən başlayaraq bir janr kimi inkişaf edib, XX yüzillikdə Sabirin timsalında özünün ən yüksək zirvəsinə yüksəlib. Sabirdən sonra sati­rada uğur qazanmaq üçün bu janrı təkcə zamanın tələb etməsi azdır, fərdin müstəsna istedadı da gərəkir. Rüfət Əhmədzadənin satiraları sovet dönəminin “antipodlarına” qarşı mübarizədə əvəzedilməz təsir bağışlayırdı. Müstəqilliyimizin ilkin illəri Baba Pünhanın şeirləri ilə yadda qaldı. Ancaq onların heç biri Sabir səviyyəsinə yüksələ bil­mə­di. Satira elə bir janrdır ki, burada improvizasiya, novatorluq nümayiş etdirmək yalnız və yalnız tematik ola bilər. Şübhəsiz, sərbəst vəzndə yazılmış satira əruzda və hecada yazılmış şeirin yerini verməyəcək. Buna görə də satiraya müraciət edib uğur qazanmaq çətindir. M. Sadiq dərin yerlərdə üzməyi xoşlayan dalğıclar kimi bu çətinliyə baş vurmuş və insafla desəm, oxucunu təəccübləndirəcək qədər uğur qazanmışdır:

 

Cümləsinin sözü ədəbdən kənar,

Qiyafəmiz min cürə dəbdən kənar,

Söz düzürük hər biri təbdən kənar,

Bilməyirik hansı səbəbdən kənar,

Qaldı gözəl çal-çağırından cahan?!

Əl-aman Allah, aman Allah, aman!

 

Fitnə-fəsad oylağı oldu Vətən,

Şəhid olan əyninə geyməz kəfən.

Müşkülü həll eləyir şümşad bədən,

Millətə qənim kəsilənlər nədən,

Saldı vətən mülkünə qovğa, talan?

Əl-aman Allah, aman Allah, aman!

 

Bilməyirik indi günah kimdədi,

Səndə olan söylə sabah kimdədi?

Var ümid aşkara pənah kimdədi,

Dərdimizin, eylə agah, kimdədi

Məlhəmi, şəfası, ya Sahib Zaman?

Əl-aman Allah, aman Allah, aman!

 

Keçmişə təzədən tarix yazanları, eşqi-məhəbbəti əndazədən çıxanları satira atəşinə tutan, namusu, qeyrəti pula satanları, halalı-haramı bir-birinə qatanları sözün gücüylə islah edən Mirhəbib Sadiq janrın tələblərinə uyğun yazır. Adətən, müəllifin mətbuatda çap edilən ilk şeirlərini yeni səs, yeni nəfəs adlandırırlar. Mirhəbib Sadiq ədəbiyyat haqqında bilgisi ilə də oxucularınıi təəccübləndirir. Klassik ədəbiyyatı onun səviyyəsində bilən az adam tapılar. Elə klassik ədəbiyyatı, xüsusən Nəsimi yaradıcılığını yaxşı bildiyindən gözəl qəzəllər, qəsidələr yazır:

 

Əlli il ömr eylədim, dərk etmədim dünya nədir,

Məni bu qovğalara sövq eləyən ziba nədir?

 

Hər nə gördüm aşikar dərk etdim sahibsiz deyil,

Hər yaranmış bir sual, hər sualda məna nədir?

 

Ey olan dünya felindən bixəbər qafil, oyan,

Gör səni ağuşuna almış röya nədir?

 

Şairin narahatlığına səbəb olanlar simuzərlər içində nəfsini dustaq edənlər və bəsirət gözləri haqqı görməyənlərdir. Onun Kərbəla vaqiəsinə öz baxışları vardır. Klassik ədəbiyyatda, xüsusən Füzuli, Qumru və Racidə tez-tez təkrarlanan fikirləri Mirhəbib Sadiq daha sadə şəkildə ifadə etmişdir:

 

O kəs üçün axirət yoxdur, ona dünya gərək,

Bilər aşiqi Hüseyn səhrayi-Kərbəla nədir?

 

Ağlam üçün deyil, çün Kərbəla vaqiəsin,

Qəhrəmanlıq rəmzidir dərk eylə aşura nədir?

 

Buradakı “ağlam” söz tapıntısı uğurlu alınmışdır.

Mirhəbib Sadiq çağdaş ədəbi prosesi müntəzəm izləyir, ən başlı­cası, Cəlilabad yazarlarını yaxşı tanıyır, həmyerlilərinin qələmindən çıxanları həvəslə oxuyur. Satirik yazıçı Hacıbala Əmirlə tez-tez görü­şə can atması onun özünün satirik olmasından irəlı gəlir. Ədəbi məclislərə gedir, kitab təqdimatlarında olur, öz fikrini söyləyir, hətta gənclərə məsləhətlər də verir. Bu görüşlərdə bölgə yazarlarının şeir və hekayələrinə tənqidi münasibət göstərməsi ədəbi müzakirələrə meylinin olması ilə bağlıdır.

Təəssüf ki, belə qüdrətli bir satirikin indəyədək bircə poetik toplusu çap olunmayıb.

Bilal Alarlı HÜSEYNOV,

filologiya üzrə fəlsəfə doktoru

Share: