Gizlin evləndi, anasının ölümünə səbəb oldu, otel otağında huşsuz tapıldı – “Əhmədin” faciəvi həyatı

Gizlin evləndi, anasının ölümünə səbəb oldu, otel otağında huşsuz tapıldı – “Əhmədin” faciəvi həyatı

Bu gün məşhur aktyor Səyavuş Şəfiyevin doğum günüdür.

Kulis.az onun həyat və yaradıcılığı haqqında maraqlı faktları təqdim edir.

Səyavuş Məmməd oğlu Şəfiyev 1937-ci il sentyabrın 1-də Beyləqanda anadan olub.

Məktəb illərindən idmanla məşğul olan Səyavuş boks üzrə müxtəlif yarışların qalibi olub. Valideynləri onun hüquqşünas və ya həkim olmasını istəsələr də, o, sənədlərini Ümumittifaq Sirk Məktəbinə verir. Akrobatika üzrə dərəcə alır, məktəbi bitirəndən sonra “Soyuzsirk”ə göndərilir. Moskva sirkində tanınmış artistlərlə işləyən Siyavuş tezliklə öz işinin peşəkarına çevrilir.

***

1972-ci ildə Səyavuş Bakıya, yenicə açılmış sirkə bədii rəhbər göndərilir. Bakıda quruluş verdiyi sirk proqramları böyük məşhurluq qazanır. Bakı Teatr məktəbinin rejissorluq fakültəsinə daxil olur. Adil İsgəndərovdan dərs alır.

Koroğlu rolunu o canlandırmalı imiş, ancaq sirkin qastrol səfərinə görə alınmır.

O, ilk dəfə “Əhməd haradadır?”da Əhməd roluna çəkilir.

Film ekranlara çıxandan sonra rejissor Adil İsgəndərov sovet senzurasının ciddi tənqidlərinə məruz qalır. “Burjua-meşşan elementləri ilə zəngin” film kimi xarakterizə edilir.

***

“Uşaqlığın son gecəsi” filmi Gürcüstanda keçirilən festivalda mükafat alır.

Daha sonra o, “Ən vacib müsahibə” filmində jurnalist Altay obrazını canlandırır.

Onu bir dəfə görmək üçün saatlarla gözləyənlər olub. Bacıları xatırlayırlar ki, telefonun dəstəyi yerə dəyməzdi.

***

Səyavuş Şəfiyev Moskvada hamıdan gizlin evlənir, qızı Bakıya – nənəsigilə gətirir. Bir gün nənə gəlini də götürüb Səyavuşun ata-anasının yanına gəlir ki, belə ailə olmaz, xeyir-dua verin. Səyavuşun inadını görən valideynlər yenə onunla razılaşmalı olurlar.

Əməkdar artist adına layiq görülsə də, evi yox idi. Hökumətə müraciət edir, ona mikrorayondakı panel binadan ev verirlər. Səyavuş inciyir, evdən imtina edir: “Mən ömür boyu Bakının mərkəzində yaşamışam, mikrorayonun yolunu tanımıram”.

***

Oğlunun sındığını görən anası Südabə xanım dözmür, beyninə qan sızır. Səyavuş özünü anasının ölümündə günahkar hesab edir və “mən də belə öləcəm” deyir.

Moskva sirk kollektivi təzədən Səyavuşa iş təklif edir. Ona fəxri ad, mənzil vəd edirlər. Ailəsini də götürüb Moskvaya gedir və sirk birliyinin baş rejissoru işləməyə başlayır. Moskva sirki ilə dünyanı gəzən Səyavuş Şəfiyev nə vaxtsa Bakıya qayıdacağının ümidi ilə yaşayır. Bacıları üçün darıxır.

Moskva sirk kollektivi Fransanın Havr şəhərində olanda faciə baş verir. Belə ki, məşqə gəlməyən rejissor hotel otağında huşsuz tapılır. Həkimlərin dediklərinə görə, onun beyninə qan sızıbmış.

O, Qızıl Ayparanın təyyarəsi ilə Moskvaya gətirilir. Aktyoru Bakıya göndərmək istəslər də, razılaşmır.

Doqquz il yataq xəstəsi olur. Bu illər ərzində xanımı, qızı Cəmilə, bacıları növbə ilə ona qulluq edirlər. 2001-ci il noyabrın 25-də, anasını itirdiyi gün vəfat edir.

Vəsiyyətinə əməl olunur: Aktyor Bakıda dəfn edilir.

***

Amerikada yaşayan qızı hamilə olduğuna görə atasının dəfninə gələ bilmir. Ancaq atasının qəbir daşındakı bu misraları göndərir. “Dostum, sevincim, fərəhim, fəxrim, idealım, yeganə sevdiyim…. Atam, rahat uyu. Əbədi bizimləsən, qəlbimdəsən, səni heç vaxt unutmayacam. Həmişəki kimi parlayan günəşimsən, sənin işığının şölələri altındayam. Səni çox sevən qızın və doğmaların”.

Share: