Gömrük Akademiyasının layihəsi Avropa Komissiyası müsabiqəsinin qalibi olub

Gömrük Akademiyasının layihəsi Avropa Komissiyası müsabiqəsinin qalibi olub

Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) “Azərbaycan Gömrük Akademiyasında Avropa İttifaqı Araşdırmalarının İnkişaf Etdirilməsi” (EURASCCA) layihəsi Avropa Komissiyasının (AK) təşkil etdiyi beynəlxalq müsabiqənin qalibi seçilib.

AK-nın Erasmus+ proqramında xüsusi sahə olan “Jean Monnet Fəaliyyətləri” proqramı çərçivəsində “Jean Monnet Modulları” kateqoriyasına aid olan, 2022-ci ilin əvvəllərində hazırlanıb AK-ya təqdim olunub.

Bu haqda Müstəqil.Az -a DGKA-dan məlumat verilib.

Gömrük Akademiyasının üç il müddətində icra edəcəyi EURASCCA Jean Monnet Modulu (JMM) layihəsinin ümumi məqsədi Avropa İttifaqının (Aİ) çalışmalarının ümumi və xüsusi sahələrini əhatə edən kursların hazırlanıb tədris edilməsidir. Akademiyanın tələbələri və Azərbaycanın gömrük xidməti orqanlarının əməkdaşları üçün təşkil ediləcək JMM EURASCCA təlim-tədris fənlərinə Aİ gömrük sistemi, hüququ, siyasəti və proqramları, Avropa Qonşuluq Siyasəti, Aİ-Azərbaycan münasibətləri, Şərq Tərəfdaşlığı, Aİ Hüququ, Aİ Vahid Bazarı, Vahid Kommersiya Siyasəti, Aİ xarici-iqtisadi və maliyyə siyasətləri və əlaqədar kurslar və mövzular daxildir.

EURASCCA layihəsi çərçivəsində planlaşdırılan fəaliyyətlərə tədqiqatın aparılması, Dövlət Gömrük Komitəsi üçün gömrük sahəsində Aİ ilə bağlı maraq doğuran xüsusi məsələlər üzrə tövsiyələrin hazırlanması, tələbələr, ali təhsil müəssisələri, özəl sektor qurumları, hüquq-mühafizə üzrə ixtisaslaşmış təlim-tədris müəssisələri, media qurumları, vətəndaş cəmiyyəti təşkilatları üçün müxtəlif tədbirlərin təşkil edilməsi də daxildir.

Layihə Aİ üzrə gömrük sahəsini və digər mövzuları əhatə edən multidissiplinar təlim-tədris potensialının yaradılmasına və təşviqinə, DGKA-da Aİ tədqiqatları üçün akademik və institusional potensialın yaradılmasına, xüsusilə, tələbələrin və Azərbaycan gömrük xidməti orqanlarının əməkdaşlarının müxtəlif Aİ məsələləri üzrə məlumatlılığının, bilik və bacarıqlarının artırılmasına töhfə verərək, Azərbaycan və Aİ münasibətlərində prioritet və qarşılıqlı maraq doğuran gömrük, xarici ticarət və əlaqədar məsələlərin müzakirəsini də dəstəkləyəcəkdir.

Share: