Dövlət Gömrük Komitəsinin Akademiyasının “Hüquqşünaslıq” ixtisası üzrə təhsil alan IV kurs tələbəsi Həsən Həsənzadə Avropa Tələbələr Forumunun (European Students’ Forum) Azərbaycan nümayəndəliyinin prezidenti seçilib.
Bu haqda Müstəqil.Az-a Dövlət Gömrük Komitəsinin Akademiyasının İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumatda deyilir ki, Avropa Tələbələr Forumu Avropanın ən böyük tələbə və gənclər təşkilatlarından biridir. Hazırda Avropanın 43 ölkəsində 240-dan artıq şəhərdə fəaliyyət göstərir və 18 mindən çox fəal gənci öz ətrafında birləşdirir. Təşkilat 1985-ci ildə Fransanın Paris şəhərində təsis olunub, 2004-cü ildə isə Bakıda Azərbaycan nümayəndəliyinin əsası qoyularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçib.
Həsən Həsənzadə bundan əvvəl təşkilatın Azərbaycan nümayəndəliyinin baş katibi olaraq fəaliyyət göstərib, 40-a yaxın beynəlxalq və yerli layihə, müxtəlif tədbirlər uğurla həyata keçirilib.
Həsən Həsənzadənin Forumun Azərbaycan nümayəndəliyinin prezidenti kimi fəaliyyət müddəti 2020-ci ilin sentyabr ayınadək davam edəcək.
Müstəqil.Az