Generalların həbsi və sədr Səfər Mehdiyevin işdən uzaqlaşdırılmasına baxmayaraq, Dövlət Gömrük Komitəsində yoxlamalar davam etdirilir.
Müstəqil.Az Bakupost.az-a istinadən xəbər verir ki, sözügedən audit yoxlaması Dövlət Gömrük Komitəsində aparılan ilk əməliyyatdan sonra başlayıb.
Məlumata görə, indiyə qədər aparılan yoxlamalar nəticəsində Komitədə ciddi qanun pozuntuları aşkarlanıb. Yoxlama bitdikdən sonra Baş Prokurorluqda müvafiq cinayət içinin açılacağı gözlənilir. Bu cinayət işi çərçivəsində yeni həbslərin olacağı da bildirlir.
Yoxlamalarla bağlı əlavə məlumat almaq üçün Hesablama Palatası ilə əlaqə saxladıq. Qurumdan audit yoxlamasının aparıldığını təsdiqlədilər:
“İyunun 7-də Hesablama Palatasında Kollegiya iclası keçirilib. İclasda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyi üzrə dövlət vəsaitlərinin və əmlakının idarə olunmasının auditinə dair kənar dövlət maliyyə nəzarəti tədbiri ilə bağlı hüquq-mühafizə orqanlarının müraciəti əsasında auditə başlanılması qərara alınıb. Hazırda araşdırmalar davam edir. Nəticələr tam bəlli olduqdan sonra ictimaiyyətə məlumat veriləcək”.
Qeyd edək ki, DTX-nin Gömrük Komitəsində ilk əməliyyatı barədə hələ 20 iyunda xəbər yayılmışdı.
Bu xəbər özünü doğrultdu və bir müddət sonra – iyulun 1-də sözügedən əməliyyatla bağlı rəsmi məlumat yayıldı.
DGK-da son əməliyyat isə iyulun 14-də baş tutub. Gömrük xidmətinin Əməliyyat və istintaq baş idarəsinin general-mayoru Rəsulov Məsum Eynalı oğlu saxlanıldı.
Bundan sonra isə Prezident DGK-nin sədrini işdən azad etdi.
Müstəqil.Az