Görəsən Pelosi yaralanan erməni anaları üçün göz yaşı tökəcəkmi?

Görəsən Pelosi yaralanan erməni anaları üçün göz yaşı tökəcəkmi?

Artıq bir müddətdir ki, Ermənistan paytaxtı İrəvanda əsgər anaları hökumətə qarşı aksiyalar keçirir, övladlarının taleyinə aydınlıq gətirilməsini tələb edirlər. Onlar Ermənistanın Baş naziri Nikol Paşinyanın əleyhinə şüarlar səsləndirir, onu övladlarını qətlə yetirməkdə ittiham edirlər.

“Qafqazinfo”nun məlumatına görə, son günlər analar Ermənistan parlamentinin qarşısına toplaşaraq Paşinyana qarşı impiçment prosedurunun başladılmasını tələb edirlər. Vəziyyət o yerə çatıb ki, Ermənistan polisi hər dəfə əsgər valideynləri və yaxınlarına qarşı güc tətbiq edir, onları zorakılıqla ərazidən uzaqlaşdırır.

Bu gün Ermənistanın müstəqillik günündə də əsgər ailələri ilə polis əməkdaşları arasında qarşıdurma yaşanıb. Belə ki, əsgər ailələri və yaxınları gecədən “Yerablur” hərbi panteonuna toplaşıb. Onların məqsədi ölkənin Paşinyanın panteona girişinə əngəl olmaq olub.

Buna baxmayaraq, səhər saatlarından həmin əraziyə çox sayda polis əməkdaşı cəlb olunub. Polis hərbçilərin yaxınlarına qarşı güc tətbiq edərək onları ərazidən uzaqlaşdırmağa çalışıb.

Məlumata əsasən, 37 nəfər saxlanılıb və polis bölmələrinə aparılıb.

Saxlanılanlar arasında qadınlar da var və onlardan ikisinin yaralandığı bildirilir. Artıq erməni hərbçilərin valideynləri öz övladlarının qalıqlarını ekshumasiya edərək başqa yerə aparacaqlarını bildirirlər.  

Bütün bu baş verənlər fonunda Qərb ölkələrinin, insan hüquqları təşkilatlarının qəribə və qulaqbatırıcı səssizliyi isə sual doğurmaya bilməz. Məgər onlar Ermənistanda baş verənləri görmürlər? Yoxsa Ermənistanda əsl “demokratiya”nın göstəricisi məhz elə bu görüntülərdir?

Bu yaxınlarda İrəvana səfər edən və bəh-bəhlə Ermənistandan demokratiyadan, onun nailiyyətlərindən, çiçəklənməsindən danışan ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi baş verənlərə reaksiya verəcəkmi? Qovulan, xəsarət alan erməni anaları üçün göz yaşı tökəcəkmi? Özünə ən azı 280 simvolluq bit tvit yazmağı rəva biləcəkmi? ABŞ konqresmenləri baş verənləri qınayacaqlarmı? Yoxsa heç nə olmamış kimi bu olay da Ermənistan hökumətinə bağışlanacaq və Qərb institutları onun üzərindən səssizcə keçəcək?..


Share: