…gör nə vaxtdı.. güllər açır, o çiçəklər açmır eeee – Esmira MƏHİQIZI

Külək, o qızı neynədin…?

bir budaq qırılanda
oturub ağlıyardı,
gedənləri dördyolda
ötürüb ağlıyardı,
otluqda çiçəkləri
əyilib qoxlayardı-
çiçək, o qızı neynədin…

belə bir az qaraca,
bir az boyu bəstəydi,
xəyalları sarıdan
qulaqları səsdəydi,
əlləri yarpaq kimi
ürəyinin üstəydi-
ürək, o qızı neynədin,,

günləri dəyirmanda
üyündü,
üyündü də,
yazları payızlarda
küründü,
küründü də,
dumanlarımı apardı,
dumana büründü də
fələk, o qızı neynədin,,

o sısqa uşağıydı..
hara gəldi
yıxardın..
dirsəyini qanadıb,
dizini ağrıdardın..
evciyini uçurub,
saçını dağıdardın-
külək, o qızı neynədin…?

Görüntünün olası içeriği: bir veya daha fazla kişi, ayakta duran insanlar, gökyüzü, ağaç, açık hava ve su
Şaxta vurub tellərinin ucundan

ya niyəsə güllər açır
o çiçəklər açmır e.
o yağışlar yağa bilmir,
o havalar gələ bilmir,
o xəyallar uçmur e

niyə düşmür o gecədən
o sabhadan gəlmir heç.
pəncərinin gözlərini
o küləklər silmir heç.

və sən də ki, anlamırsan
yenə olub bitəni.
bir köşədə dizlərini qucursan,
özünə də ad qoyursan
-ay sevdanın yetimi!

-ay sevdanın yetimi!
kimsə çağırır səni,
baxırsan ki, güzgüdəki əksindi –
əksinə qımışırsan.
olmazlara, gəlməzlərə, heç nəyə,
beləcə alışırsan.

görürsən də
şaxta vurub tellərinin ucundan.
görürsən də
həsrət damır əllərinin ucundan…

illərinin ucundan zaman sızır,
vaxt şütüyür,
gün axır.
indi-indi bilirsən ki,
sən boş yerə susmusan,
nədir sənin günahın.

gör nə vaxtdı..
güllər açır,
o çiçəklər açmır eeee
hər şey qaçır gözlərindən,
bu yalnızlıq qaçmır eee

Sarı şeir

həpp.. yağmur yağdığındamı,
yarpaqlar töküldüyündəmi,
quşlar köçdüyündəmi payız olur..?

ayrılıqmı payız, həsrətmi,,?
nimdaş yun şalımmı payız..?
hər baxdığımda üşüyürəm.

yayda da, yazda da, qışda da..
köhnə qoltuğun çiynindən asılı,
asılı üstündəki rənglər,
rənglərin arasından keçən qara zolaqlar..

nənəmin şalıydı bir vaxtlar,
sonra mənə verdi, dedi ki,
-üşüyəndə sal çiyninə, elə bil əllərimdi..

indi…o nimdaş şalımın qara zolaqlarında üşüyürəm,
getmiş rənglərində donuram,
nənəmin əlləri buz kimidi.

və…odam həpp payız,
pəncərəmin ağzı gözləmə yeri-
gözləyirəm, özləyirəm itirdiklərimi-
uşaqlığımı, nənəmi,,

pəncərəmdən süzülür quşların gözyaşı, payız yağışı.
payız yağışı bir başqadır..
ən çox da payızlı odadan seyr edəndə
fərqinə varırsan bu başqalığı..

sonra bir darıxmaq dolur canına,
guya ən yaxın rəfiqənə zəng edirsən,
-rəngi getmiş paltarları harda rəngliyirlər..?

bir hüzünlü səs axır odana
-payızda.
-aaaa, düşünürsən,
əl telefonumdan ev telefonuma zəng etmişəm..

yenə səs dolur odana,
-həə…payızdan payıza zəng etmisən.

rəngi getmiş şalıma bürünürəm..
düşünürəm,
hər kəs də elə bilir yarpaqlar töküldüyündə gəlir payız!

Share: