“Gördüm gözlərində boşluqdu, Atdım özümü…” – Vasif Zöhraboğlu

Müstəqil.Az gənc, istedadlı şair Vasif  Zöhraboğlunun yeni şeirlərini təqdim edir:

 

Yarımçıq ömürəm…

Nəçiyəm, kiməm özüməm,
Kiməmsə demirəm hələ.
Biraz da tabam, dözüməm,
Biraz da səbirəm hələ.

Birazca da dəli olan,
Çoxuna gülməli olan,
İçində yüz ölü olan,
Məzaram, qəbirəm hələ.

Bəxtinə dişi batmayan,
Torpağa, daşa yatmayan,
Ölümə haqqı çatmayan,
Yarımçıq ömürəm hələ…

 

 

Ofisiant qız

Hər kəs unutduğu qədər gedər, ofisiant qız,
Hər kəs sevdiyi qədər qalar.
Mən bilirdim, gedən ayaqların yaddaşı olmur,
Mən bilirdim, unutqandı gedənlərin ayağı.
Mən bilirdim naməlum ölülərin şəkilli başdaşı olmur…
Içkin biraz tünddü,
Çətin keyfimi açsın…

Bu nə sərsəmlikdi,
Barmağımın ucuyla gəzirəm divarlarda,
Əllərim əl ağacı, ayaqlarım küt olub.
Qaranlığa zəncirlədiyim bu küçük duyğular da,
Daha sözümə baxmır, indi quduz it olub.
Içimdə yalquzaqlıqdı…
Fikir vermə göz yaşıma,
uşaqlıqdı…

Gördüm ki, gözlərimin qadın şəklisən,
Asıldım divartək yaxanda sənin.
Gəlib gözlərimin içində gizlən,
Çərçivə baxışım sıxanda səni.
Qorxma, divar deyiləm…

Bu şəhərdə pəncərələr üst-üstə hörülür, ofisiant qız,
Bu şəhərdə insanlar tənhalıqlarına pilləkənlərlə çıxır.
Qara buludlar kimi dolur işıqsız pəncərələr,
Göy üzündən mərtəbə-mərtəbə adamlar düşür.
Sənsizlikdi…

Mənimki biraz ağrı ovudan sərxoşluqdu,
Bağışla, ofisiant qız, bağışla,
Gördüm gözlərində boşluqdu,
Atdım özümü…

Müstəqil.Az

Share: