Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət qurumları rəhbərlərinin yerlərdə əhali ilə görüşlərinin keçirilməsi ilə bağlı tapşırığına uyğun olaraq Göyçay Rayon İcra Hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə rayon sakinləri ilə Heydər Əliyev Mərkəzində görüşü olub.
Sakinlərin problemlərinin öyrənilməsi və aradan qaldırılması məqsədilə təşkil olunan görüşdə RİH əməkdaşları, rayon idarələrinin rəhbərləri, ağsaqqallar iştirak ediblər. Görüşü giriş sözü ilə açan RİH başçısı Mehdi Səlimzadə səyyar görüşün məqsəd və mahiyyəti, ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən sosial, mədəni, siyasi islahatlar, təhsil, səhiyyə, sənaye, kənd təsərrüfatı, neft sənayesi ilə yanaşı digər sahələrdə əldə olunan nailiyyətlər və cənab Prezident İlham Əliyevin ölkənin xarici siyasətində göstərdiyi qətiyyətli mövqeyindən geniş danışdı.
Azərbaycan Prezidenti tərəfindən əhalinin sosial təminatının gücləndirilməsi, həyat keyfiyyətinin yaxşılaşdırılması istiqamətində imzalanan yeni fərman və sərəncamlar barədə danışan icra başçısı bildirib ki, dövlətimizin başçısının həyata keçirdiyi sosial siyasətin, bu istiqamətdə atılan hər bir addımın təməlində vətəndaş amili dayanır. Əvvəlcə Göyçay Rayonunda son 3 il ərzində abadlıq, tikinti, quruculuq və “Azərbaycan Respublikası Regionlarının Sosial-iqtisadi İnkişafı Dövlət Proqramının İcrasına Dair” görülən işlər barədə məlumatı əks etdirən videorolik nümayiş olundu. Rayon icra hakimiyyətinin başçısı çıxışında sakinlərə Prezident İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar, o cümlədən minimum əmək haqlarının və pensiyaların, tələbələrin təqaüdlərinin, müharibə veteranlarına, şəhid ailələrinə verilən müavinətlərin əhəmiyyətli dərəcədə artırılması, 12 mindən çox şəhid vərəsəsinə 11 min manat məbləğində birdəfəlik vəsaitin ödənilməsi, məcburi köçkünlərin və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, bəzi çoxmərtəbəli binalarda mənzillərin sənədləşdirilməsi, eyni zamanda, problemli kreditlər sahəsində vətəndaşların maliyyə yükünün azaldılması və müavinətlərin artırılması istiqamətində həyata keçirilən tədbirlər, verilmiş mühüm göstərişlər barədə tam dolğunluğu ilə məlumat verib.
“Açıq mikrofon” formatında sakinlərin böyük fəallığı ilə keçən görüşdə çıxış edən göyçaylılar onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirib, dövlətimizin başçısının həyata keçirdiyi siyasi kursa birmənalı dəstək ifadə ediblər. Görüşdə sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilərək qeydiyyata alındı, həlli istiqamətində aidiyyəti üzrə idarə və təşkilatlara müvafiq tapşırıqlar verildi. 300 dən artıq sakinin iştirakı ilə “Açıq mikrofon” şəraitində keçən görüşdə 30-dan artıq sakinin şikayət və təklifi dinlənilib. Sakinlər həllini gözləyən problemlər barədə danışıb, aktual məsələlər qaldırıblar. Müraciətlər əsasən küçə və yolların asfaltlanması, işıqlandırılması, su və kanalizasiya şəbəkəsinin qurulması, evlərin sənədləşdirilməsi və digər mövzularla bağlı olub.
Görüşdə sakinləri narahat edən müxtəlif məsələlərə rayon rəhbəri tərəfindən aydınlıq gətirilib, müvafiq izahatlar verilib və qaldırılan məsələlərin həlli üçün əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb. Sonda qeyd edək ki, görüş zamanı sakinlərin şikayət və təklifləri də dinlənilib.