Göyçay İnkişaf Mərkəzi” Gənclər İctimai Birliyi Gənclər Fondunun dəstəyi ilə “Mən bu cahana sığmazam, gənclərin yaradıcılıq festivalı” adlı layihəsinin icrasına başlanılıb.
Layihənin məqsədinə uyğun olaraq gənclərinin layihə haqqında məlumatlandırılması və seçimin aparılması məqsədi ilə Heydər Əliyev Mərkəzində Göyçaydan olan yaradıcı gənclərlə görüş keçirilib. Tədbiri giriş nitqi ilə açan birliyin baş katibi Coşqun İsmayılov iştirakçıları və gəncləri salamlayaraq layihə haqqında ətraflı məlumat verib. O, sözlərində böyük Azərbaycan şairi və mütəfəkkiri, anadilli azərbaycan poeziyasının banilərindən biri olduğunu qeyd edərək, layihənin məqsədi haqqında gənclərə məlumat verib.
İ.Coşqun bildirib ki, layihənin əsas məqsədləri Nəsimi yaradıcılığına yeni baxış ortaya qoymaq, onun misralarındakı fikirləri modern dönəmin tələbləri ilə uzlaşdırmaq, bu görkəmli şəxsiyyətin irsinin gənclərə çatdırmaq, milli mədəni-mənəvi dəyərlərin təblığ etmək və gənclərin bu layihə vasitəsi ilə bacarıqlarını önə çıxarmaqdır. Daha sonra birliyin təsisçisi İlhamə Mirzəyeva çıxış edərək gənclərə qonaqları təqdim etdi. Nəsimi yaradıcılığı haqqında onlarla sual-cavab apararaq və festivalın məqsədi olan Cənab prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” sərəncamından irəli gələrək, bu mövzunun aktuallığını nəzərə alaraq region gəncləri arasında maarifləndirmə işləri aparılmasının vacibliyini vurğuladı. Eyni zamanda gənclərin Nəsimi irsinin öyrənilməsinə tövhə vermək, eləcə də onun poeziyasına, incəsənət və mədəniyyətə maraqlarını artırmaq üçün “Mən bu cahana sığmazam, gənclərin yaradıcılıq festivalı”nın təşkil edildiyini qeyd etdi. Göyçay Gənclər İnkişaf Mərkəzinin direktoru Zahidə Mirzəyeva çıxış edərək bu cür layihələrin bölgə gəncləri üçün milli mənəvi dəyərlərin təbliğ olunmasında önəmini vurğuladı. Daha sonra ölkədə tanınmış rəssam Nihad Əliyev çıxış edərək gənclərin rəsm haqqında bilik və bacarıqlarının inkişafı üçün nələrin vacib olduğunu, gənc rəssamlara dəstək olunmasının vacibliyini vurğuladı. Nəsimini və onun yaradıcılığının rəsm üzərində təsvirini xüsusi maraqla dinləyən gənclərə çatdırdı, öz təcrübələrini paylaşdı və onları bu festivalda iştiraka səslədi. Daha sonra çıxış edən Göyçay Gənclər Mərkəzinin təşkilatçısı Gülşən Muradova da öz çıxışında gənclərin Nəsimi yaradıcılığına üz tutmalarının faydalarını izah etdi və Nəsiminin xalqımız üçün nə qədər önəmli olduğunu xatırlatdı. Sonda çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Zemfira Əliyeva uşaqları salamlayaraq, onların bu festivalda iştirakını dəstəklədiyini bildirdi. Bu cür layihələrin bölgələrdə keçirilməsinin məqsədəuyğun addım olduğunu vurğuladı. Daha sonra söz yeniyetmə və gənclərə verildi.
Gənclər Nəsimi yaradıcılığı haqqında öz biliklərini görüş iştirakçıları ilə bölüşdülər. Bacardıqları istiqamətlərdə bu festivalda iştirak edəcəklərini dedilər. Onlar Nəsimi isrinə və yaradıcılığına maraqlı olduqlarını və festivalda iştirak etmələrindən qürur hissi keçirdiklərini bildirdilər. Bundan əlavə Nəsimi haqqında bir sıra şeirlər səslənildi və səhnəciklər göstərildi. Xatırladaq ki, layihənin sonunda 3 şəhər gənclərinin (Qəbələ, İsmayıllı, Göyçay) iştirakı ilə Göyçay şəhərində Ədiblər parkında Nəsimi yaradıcılığı ilə bağlı “Mən bu cahana sığmazam, gənclərin yaradıcılıq” festivalı keçiriləcək və Göyçaydan seçilən gənclər həmin festivalda iştirak edəcəklər.
Davud Tarverdiyev
Müstəqil.Az