Göytəkin Atalının yeni yazısın – BÖYÜMƏ!

Göytəkin Atalının yeni yazısın –  BÖYÜMƏ!

(Soylu Atalının “Düşünməyin İnam Ölçüsü” kitabı üstə düşündüklərim)

 Bu kitab Soylu Atalının ayrı-ayrı çağlarda Ocaq tədbirlərindəki düşüncələrindən oluşubdur. Kitabda amallaşma yönündə oxunanlarla bağlı düşüncələr, kamilləşmə yönü ilə bağlı araşdırmalar, aydınlaşdırmalar, özünün bireysəl bioqrafiyası ilə bağlı səmimi etiraflar, siyasi məsələlərə yönəlik analitik mövqe, bəşər tarixində dünyanın halını etkiləmiş ideyalar haqqında bilgilər yer alır. Kitabı oxuduqca insan sanki keçmişə səyahət edir, hazırkı durumu daha aydın dəyərləndirə bilir, gələcəyə daha aydın bir baxışı formalaşır.

Səmimi etiraflar, özüylədöyüşün yönü ilə bağlı hesabatlar həm insanla bağlı məsələlərin nə qədər dərin, incə məqamlardan ibarət olduğunu açıb göstərir, həm də bir İnsan ömrünün İnam əsasında qurulması, doğru yön alması, həqiqət əsasında ucalması göz önündə olur.
“Kamillik odur, qüsuru işlədənə qədər onu görürsən, o qüsurdan həmin anda ayrılırsan, çıxırsan. İşlədilmək üçün yaxandan sallaşan qüsuru anında qırağa qoyursansa, sən kamilliyi yaşayan bilirisən. Sonradan anlayırsansa, açılmağa çalışırsansa, deməli kamillik yolunda gedirsən. (“Düşünməyin İnam Ölçüsü”, səh.347).
Hər kəsin vətəninə, millətinə sevgisi vardır. Ancaq indiki gediş insanı elə duruma gətirir ki, bu duyğular insanın məişəti ilə mübarizəyə yenilir. Vətən üçün, millət üçün atılan addımlar, aparılan mübarizələr məişət uğrunda aparılan çəkişmələrlə eyniləşir. İnsanın qarşısında dayanan millətləşmək, insanlaşmaq kimi uca tələblər şöhrətpərəstlik, maddiyyat zənginliyi əldə etmək istəyi ilə əvəz olunur.  Mübarizə insan üçün özünü aldatmadan başqa bir məna daşımır.
“İçində qəzəb, kin var. Sənə əzab verildiyi üçünmü mübarizə aparırsan məmurlarla, yoxsa həqiqi vətən sevgindir sənin rahatlığını pozan?!” (“Düşünməyin İnam Ölçüsü”, səh.208).
Kitabda İnsanlığın sorunları müxtəlif yöndən yanaşmalarla dilə gətirilir. Sorunları hər kəs deyə bilir, ancaq bu qədər bilib bilmədiyimiz sorunların içində qaranlıqlara işıq salmağı, insana çıxış yolunu göstərməyi hər kəs bacarmır. Dünyanı qaranlığa bürüyən insandır, dünyanı qurtaracaq olan da İnsandır. İnsan öz ömrünün, aqibətinin yiyəsi olmayanda köləyə çevrilir. Onun ömrünə hər kəs ağalıq edə bilir. Eyni zamanda öz ömründə ağalığı yaşadır. İnsan təbiətə, insana, dünyaya hökm etdikcə özü də hökm edənlərin köləsinə çevrilir.
“İnsan o vaxt dilənçidir, içindəki həqiqətdən ayrılır. Öz aqibətinə yiyə çıxa bilmir. İnsan o vaxt “şah”dır, içindəki heyvani duyğularla, ehtiraslarla yaşayır. İnsan o vaxt Həqdir, içindəki həqiqətin tələbi ilə nəfəs alır, yaşayır”. (“Düşünməyin İnam Ölçüsü”, səh.271).
Heyrət müqəddəsliyə münasibətdən doğur, ürəyi böyüdür. Ürək dərdi tanıyır, dərd ürəyə yüklənir. Dərdi anlamadan, görmədən ömür dəyərsiz bir nəsnəyə çevrilər. Dərdsiz ürəklər olanı görər, arzulayar, əldə edər, ancaq xoşbəxtliyin nə olduğunu anlamaz. Dərdi ürəyin yükünə çevirənlər İnsanlığın üfüqlərinə ucalar. Dərd İnsana sevgi də böyüdür insanın içində. İnsanda mübarizə gücünü yetirən də budur. Üz tutduğuna, tapındığına heyrət əslində bunu yetirməlidir. Allaha tapınmaq bəndələşmək, hər şeyi onun ixtiyarına buraxmaqdırsa, İnsana tapınmaq qurtuluş gücünü tapmaqdır.
“Bax, bu qapıdan çölə baxırsan, gözünə gör nə görünür. Gözünə yaşamın gözəllikləri – insanı sehrləyən Doğa, Göylər, Ənginliklər, Gələcək, Əbədiyyət görünəcək. Bu biri yanda dizi üstə çökmüş, səfil duruma düşmüş insan. Ancaq bu insan o gözəlliklərin daşıyıcısıdır. Onun ürəyini səfalətdən qurtarmaq, gözəlliklərə səsləmək gərəkdir”. (“Düşünməyin İnam Ölçüsü”, səh.298).
İnsan keçiciyə, ötəriyə, ölümlü olana bağlananda həm onu itirir, həm də öz ömrünü. Ömür yoxluğa bərabər olur. İnsan ucalığa – Mənaya (Allaha) bağlananda əbədilik qazanır.
“Ona görə insanlarla qovğa eləmək gərək deyil – Allah varmı, yoxmu?! Allah, yəni Mütləq var, sən özünə bərabər yaşayanda, sən özünə bərabər yaşamırsansa yoxdur”. (“Düşünməyin İnam Ölçüsü”, səh.165).
Kitabı oxuduqca dünya, bu qədər sorunlarının olmasına baxmayaraq, insanın gözündən düşmür, İnsanlıq bu qədər fəlakətin içində ikən İnsan gələcəyə ümidini, insana inamını itirmir. Tərsinə, İnsan müqəddəsləşir insanın gözündə.
Ən qatı qaranlığın içində belə bir işıq görünür, Xeyirin qalibiyyətinə İnam yaranır. Kitabı oxuduqca insanın içində mühitin, gedişin etkisilə yaranan inamsızlıq aradan qalxır, insanı ucalığa bağlayan duyğular oyanır.
“Hansı bir insan içində mütləq təslim olur?! Kim deyə bilər, Xeyir yoxdur, Şər mütləq hakimdir?!” (“Düşünməyin İnam Ölçüsü”, səh.334).

Atamız Var olsun!

Share: