GÖZƏGÖRÜNMƏZ QADIN !
(HEKAYƏ)
(Əfsanə Məryəm)
Əlini qapıya aparmamış açıldı qapı.
– Xoşgəldin- dedi, qadın ürkək təbəssümüylə.
– Diksindim e. Qapıda qalırsan sən mən gedəndən gələnə kimi?
Cavab vermədi qadın.. Versəydi deyərdi ki ” mən sənin yerişini də, addımlarının ahəngini də əzbərə bilirəm.. daha ilk mərtəbədə, ilk pilləyə ayağını qoyduğun an bilirəm gələnin sən olduğunu..”
Əl üzünü yuyub otağa keçdi. Stolun üstündə hər şey hazır idi. Onun sevdiyi yeməklər, sevdiyi kompot, salata qədər.. baxsaydı görərdi.. çox önəmli bir qonaq gələcəkmiş kimi zövqlə hazırlanmışdı süfrə, hər şey səliqəli, yerli yerindəydi.. baxsaydı görərdi..
– Mən evə çatdım
Sən hardasan?
Niyə yazmırsan?
Nə yediyinin fərqində belə deyildi. Bütün fikri telefonda idi. Tez-tez mesaj çatdımı deyə baxır, arada bir şeylər yazır, yenə yeməyinə davam edirdi..
– Bilmirsən ki, sən belə gec yazanda mənim nəfəsim daralır?
Hardasan axı?
Qadın səssizcə dayanıb ona baxırdı.. hər gün gördüyü adama, eyni evi, eyni otağı, eyni yatağı paylaşdığı adama illərdi həsrətini çəkirmiş kimi baxırdı.. Nə qədər nəvaziş var idi o gözlərdə, nə qədər həsrət var idi.. amma o görmürdü.. baxsaydı, bəlkə də görərdi..
Yeməyini bitirib divana keçdi.
– Çay gətirimmi?
– Yox, birazdan
Qadın süfrəni yığışdırıb mətbəxə keçdi. O isə hələ də nigaranlıqla telefona zilləmişdi gözünü.. birdən ekranın sağ tərəfindəki dairə sürətlə aşağı sürüşdü.. mesajlar oxundu.. sıraya düzülmüş üç nöqtə dalğalanmağa başladı..
– Gəldim
– Hardaydın bayaqdan? Niyə yazmırdın?
– İşim vardı. Yaza bilmirdim
– Mən.. mən çox qəribə olmuşam. Çox bağlanmışam sənə.. Sən belə itəndə dəli oluram. Mənimçün çox dəyərlisən. Bilirsən, sən fərqli qadınsan. Hamıdan fərqli..
– Sən də mənimçün eləsən. Çox dəyərli bir dostsan..
– Dost? Mən səninçün dostam? Elə bu qədər?
– Başqa nə olsun? Axı sənin ailən var..
– Ailə demək olarsa ona..
– Sən yaxşı insansan, vicdanlı, həm də məntiqli.. ailənlə münasibətlərini yoluna qoymağçün cəhd etməlisən. Bax bunu sənin kimi biri də etməyəcəksə, hər gün məntiqsizcəsinə boşanmanı tək çarə görən insanlara nə deyək?
– Anlamırsan.. o sənin kimi deyil. Bax səninlə nə qədər mövzuda söhbət etmişik. Mən sənin fikirlərinə, mövzulara yanaşmana, ürəyinə vurulmuşam. O dayaz düşüncəli, dünyanı ancaq bu evdən ibarət görən bir qadındır.
– Məncə danışmağa, bir yol tapmağa cəhd etməlisən. Elə günü bu gün oturub danışın. Necə oldu bu duruma gəldiniz, necə düzəldə bilərsiniz vəziyyəti.
Canı sıxılırdı. Bu mövzuda danışmaq istəmirdi. Söhbətlərinin fərqli yöndə getməsini istəyirdi. Bezgin halda cavabladı:
– Söhbətimiz heç cür tutmur. Tutmaz da axı. O heç mənim nə haqqında danışdığımı belə anlamır.
– Yaxşı bəs sənə münasibəti necədi?
– Soyuq. Varlığımla yoxluğumun fərqi yoxdu onunçün.
– Axı hər halda bir birinizi sevib evlənmisiniz, elə deyil?
Hövsələsi lap daraldı. Axı bu söhbət nəyə lazım idi? O, onun özünə olan hisslərindən danışmaq , sevdiyini, bağlandığını hətta heyran olduğunu etiraf etmək istəyirdi. O isə ancaq onun yoldaşına qarşı münasibətini sorğulayır, canını sıxan suallar verirdi. Axrıncı sual lap elə bil yarasını qoparmışdı..
– Sevib evlənmişik? Mən sadəcə bunun sevgi olduğunu sanmışam, vəssalam..
Cümləsini əsəbindən əli əsə-əsə yazıb başa vurub cavab gözləməyə başladı. Amma dəqiqələr keçir heç nə yazmırdı qadın. Xəttə idi hələ də. Amma yazmırdı ki yazmırdı. Səbri daraldı, gərginlikdən boğazı qurudu. Üzünü mətbəxə tutub bağırdı:
– Çay gətir mənə
Mətbəxdən səs gəlmədi. Sıraya düzülmüş nöqtələr yenidən hərəkətə gəldi. Gözləri işıqlandı. Ürək döyüntüləri artdı. Səbirsizcə gözləməyə başladı. Və ekranın solunda balaca bir cümlə peyda oldu:
– İndi gətirirəm..
Müstəqil.Az