İncə hisli XANIM
Son zamanlar ətrafında gördüyü hər kəsdən şübhələnməyə başlamışdı. Bəlkə də, mühitində yeni-yeni insanlar peyda olmuşdu, deyə bu hisləri keçirirdi.
Əslində yeni müsafirlərinin niyyətini anlamaq onun üçün o qədər də çətin olmamışdı. Amma səbr edərək nəyin sonunu gözlədiyini özü də anlamırdı. Dəfələrlə xəyanətə uğramış, nazilərək öz əvvəlki qürurunu itirmiş bir ruhu vardır. Bəlkə də, bu yorulmuş ruhu yenidən tərpətmək iztirablarını daha da artıracaqdı. Hə, tapdı, sadəcə, bu yeni insanlarda onun əzablarının üstünə sığal çəkəcək xoşluqla pərdələnmiş “yalançı” duyğular var idi. Saxta olsa da, bu duyğuların ifadəsi o qədər mükəmməl səslənirdi ki, gün boyunca onunla rahatlanmaqdan məmnun olurdu. Başı “qurma” eyş-işrətə qarışsa da, daxilini parçalayan anlaşılmaz hislər keçirirdi… Bəli, ruhən didilib-parçalanmış, sökülüb-tökülmüşdü…
Xüsusən də, gecələri vicdani sızıntılarla keçirirdi. Hər dəfə səhəri üçün yeni bir qərar qət etsə də, o qərarı həyata keçirəcək gücü özündə tapa bilmirdi, yenidən ötənki günün axınına qoşulurdu. Qatilləri onun düşüncələri maraqlandırmırdı. Onlar mükəmməlcəsinə qurulmuş planlarını yavaş-yavaş reallaşdırmağa başlamışdılar. Zahirən güclü görünsə də, daxilən gücsüzlüyünü hiss etdikləri hədəf onlara müqavimət göstərmək iqtidarında deyildi. Ən dəhşətlisi isə onun bu oyunları gizlədərək kimlərdənsə kömək istəməməsi idi. Qatillər niyyətinin astanasındadırlar: Gülləsi duyğulardan ibarət olan silahı qurbanın alnına dirəyib tətiyi çəkmək üçün, sadəcə, onun özünün komanda verəcəyini gözləyirdilər…