“Yenə bir zümrə dövlət məmuru, adını haqq etməyən biriləri iş adamlarına sataşmağa davam edir, onları dövlətlə, xalqla üz-üzə qoymağa həyasızcasına cəhdlər göstərirlər”.
Müstəqil.Az xəbər verir ki, bunu Palmali Şirkətlər Qrupunun sahibi, azərbaycanlı iş adamı Mübariz Mənsimov özünün feysbuk səhifəsindəki divarında paylaşıb. O, həmişəki kimi maraq doğuran statusunda bildirib ki, bununla da onlar öz ciblərini, öz vəhşi instinktlərini xalqın, millətin, dövlətin maraqlarından üstün tutan bütöv bir cəmiyyətdə dövlətə qarşı inamsızlığın əsasını qoyurlar:
“Bu dəfə sıra Fərhad Əhmədova çatıb. 2-3 gündür gündəmi saat qalmaqalı zəbt edib. Hər şey açıq-aydındır. Sənəd var, sübut var. Ad var, soyad var. Bəs onda niyə məsələyə aidiyyəti olmayan adamların adı ortaya atılır?”.
M. Mənsimov deyib ki, o Fərhad Əhmədovu illərdir tanıyır. Nə o özü, nə də oğlu heç vaxt milyonluq saatlar taxmayıblar: “Onlar bir dəfə də olsun görməmişlik, görgüsüzlük etməyiblər. Ümumiyyətlə, iş adamlarının övladları bu tip nanəcib, naxələf və nankor məmur övladlarından xeyli fərqlənir.
Məmur övladları hətta dövlət başçısının övladlarından da fərqlənirlər. Dövlət başcısının ailəsi, qızları xəstəxanaları, uşaq evlərini, məcburi köçküləri, müharibədə şəhid olan igid əsgərlərimizin ailələrini, əlil olmuş zabit və əsgərlərimizi ziyarət edir, onların dərdinə şərik çıxır, əllərindən gələn köməyi əsirgəmirlər.
Gözləri puldan doymayan məmurların uşaqları isə ölkə-ölkə gəzib kef axtarırlar. Prezidentin oğlu əsgər gedir, bunların övladları isə xarici ölkələrdə ölkəmizin adını batırmaqla məşğuldurlar. Nə baş verir?
Bunun ən pis, ən təhlükəli tərəfi isə odur ki, kimsə buna görə məsuliyyət daşımır. Xətaları doğru görmək lazımdır ki, yalnışları bir daha təkrar etməyəsən. Çünki, hər şeyə görə, bir gün o dünyada cavab verəcəksən.
Rəbbim “kimsən?” deyə soruşduqda unutmasınlar ki, hər kəs öz əməllərinə görə elə öz kəndirindən asılacaq. Namuslulara, öz əziyyəti ilə uğur sahibi olanlara ləkə yaxmayın. İş adamlarını qorumaq lazımdır. Onlar dövlətin qoltuğunda oturub xalqın cibinə girmirlər. Onlar xaricdə pul qazanıb, həmin pulları öz ölkəsində dövriyyə etdirirlər. Onlar oğru deyil və oğru məmurların nifrətini qazanmalarının ən böyük səbəbi də budur”.
Müstəqil.Az