…Gözlərimin giləsini Yaş tutubdu mamır kimi… – Nübar Eldarqızı

…Gözlərimin giləsini Yaş tutubdu mamır kimi… – Nübar Eldarqızı
İslahat!
Mənim bu göyün altında,
Mənim bu Yerin üstündə
Yoxdu can güvənliyim.
Ürəyim,-ən son güvəndiyim,
Durdu duracaq!
-Nə yazar başqa orqanlarım olsa sağ,-
Salamat…
-Ömrü müftə veriblər,
Ona görə israfçılıq ifrat…
Azca sevinci avans kimi,-siftə veriblər.
Yayın bu qızmar günündə
Əridirəm dəmir kimi əsəblərimi,-
Salvador Dalinin saatları kimi…
Arsızın biri vaxtı soruşur:
-43 dərəcə istidə nə saat?!
Nə vaxt ağıllanacaqsız,həzarat?
Barı ölüb gedək ədəbimizlə…
Getməkçün zəruri səbəbimizlə…
Ya da ki,
İslahat lazımdır,
İslahat!
Haqqını verməli adam olmağın!
-Bu gün əgər bəşəriyyət
Susursa ölümünə bələkdəki uşağın,
Dininə,milliyyətinə görə qırılırsa insanlar,
Demək ki,insanlıqda sorun var,-
Ya korsan,ya karsan!
Yatağında yatırsansa,
rahat-rahat,
İnsan deyil,canavarsan!
Adam olalım deyə bizə
İslahat lazımdır,islahat!!!
12.08.23
Sergey Yesenin!..
Sonuncu şeirini qanıyla yazıb səhəri gün otel odasında intihar edən Sergey Yeseninə
Ah çəkirsən,-peyklər ucadan çəkir!..
-Kimsə dərk edirmi niyə və nədən yazırsan?!
-Biri dərd-qəmini bacadan çəkir,
Biri küləklərə verib göndərir…
Biri günə sərir göz yaşlarını…
-sən,sən yazırsan!..
-Yazırsan dostlara,dünyaya…
Yavaş-yavaş,ölə-ölə…
Köpək balıqları üzür qanın iziylə…
Dərdlər yığılır…yığılır…
sonra qopur zəlzələ,-
İçindəki dağıntıdan,söküntüdən yazırsan…
-Döymək istədiyin qapını çaşıb,-
Yolun apardığı səmtə çıxmısan…
Dünya partlamağa hazır bombadı,
Sən onun canından qəlpə çıxmısan!
Qəhvə,noxud,tarot fallarında sən,
Qara yox, qırmızı rəngdə çıxmısan…
-Dərdin nəydi sənin,
Yesenin?!.
Ölümdən bu qədər qorxusuz edən nəydi,nə,-səni?!
Yaşamaqdan qorxmursansa…bəlkə təzədən gələsən dünyaya?
Görəsən bu günün şairlərini…
-Bəlkə də özünü sorğulayarsan,
Bəlkə də ruhunu yarğılayarsan!..
İntihar fikrini vurğulayarsan,
-Sergey Yesenin?!
8-11-2021
Akvarium
Hər gün balıq tutmaq olmur,
Balıq,hər gün tora gəlməz!
Addımların gedər,gələr,
Gedər,gələr…sonra gəlməz!
-O gəlməsə,sən gedərsən!
Görən kim qarşılar səni?
Son dəfə yola salacaq
Örtülən qapılar səni!
Balığın akvariumda,
Şəklin divarda qalacaq.
Bu gecə yuxun gələndə
Görəsən harda qalacaq?
Əlindən çıxan fürsəti
Tamah yenə tora atdı!
-Yer-yurdunu tapan kimi
Yaz ki,son mənzilə çatdım!

Qırmızı

Hərdən qonaq olur şeirlərimə,
Yeddi əsas rəngin biri-qırmızı.
Şəhid bədəninə ölüm tək girən
Qarabəxt qurşunun yeri qırmızı…

Ən diqqət çəkəndir,ən göz alıcı,
Rənglərin icində şahdı qırmızı.
Gəncliyinə verin,çılğın,tələskən,
İşvəli,sadəlövh,safdı qırmızı.

Qırmızı Bayraqdır,Vətən simgəsi,
Haqq üçün döyüşən əsgər cəngisi,
O səni görməzdən gəlməyə qoymaz,
Rənglərin xanımı,- Ərəbzəngisi!

Yazın ən gözəli lalədir,aldır,
Dədə-baba zövqü yaşıldır,aldır,
Novruz bayramında yanan tonqaldır,
Kosadır,keçəldir,dəli,-qırmızı…

Şairlər şərabı eşqə bənzədib,
Şərab da qırmızı,eşq də qırmızı.
Qırmızı xəttimiz Şah İsmayıldı!
Eləcə qalaydı keşkə…qırmızı..

***
“Gənclik” stansiyası
____________________
 Yuxumdan 5 nömrə       tramvay   keçir…
           Sabir Yusifoğlu
Ah,o tramvaylar,ah,o qatarlar,
Getdilər…Dalınca baxsaq nə olar?
Ötən “Gənclik” idi,-gedib o başdan
Bir də qarşısına çıxsaq nə olar?..
Bu gündən dünənə yol qoymayıblar;
-Sizi insafsızlar,dinsiz,yolsuzlar..
Uzaqdan nə qədər əl eləsək də,
Görmür o tramvay, trolleybuslar…
Yolçular həvəsli,yollar təptəzə,
Bütün marşrutlar sabaha gedir.
Onda əllərində tutammadığın
Gedir taleyindən,bir daha gedir…
-Qəlbimdə bahar tək yaşatdığımla,
Üz-üzə gəlmişik,-tanımamışam…
Gəncliyimdə mənə şeirlər yazan,
Unudubdu məni,-qınamamışam…
Keçmişlə bu günün arasındayam,
Burda qürub,orda şəfəq sökülür…
Çöldən kimsə görməz içindəkini,
Şüşəsinə qara pərdə çəkilib…
O zaman olanlar nağıl kimiydi,
Bir nəslin içində yaşayır hələ…
Sənin andığın da səni anırsa,
Bəlkə… gözlədiyin tramvay gələr…
                                      28-09-21
***
Çal,aşıq,çal!
Biz uşaq olanda deyirdilər ki,
Qara rəng-matəm rəngidi.
Qara geyinərdi adamlar yasa.
Qırmızıya bürünərdilər toy,bayram olsa.
Qaralı libasdan qocaların acığı gəlirdi.
Qara yaylıqlı qadınlara hamının yazığı gəlirdi…
İndi qızlar,gəlinlər qara,
qəbirlər qırmızı “geyinir…”
-Çal,aşıq,çal!
Ordan bir “Şəhid havası!”
Qırmızı geyən oğlanlar,
Qara geyən qızlar oynasın!
***
Ölüm bir ucdan dağıdır
Ayağımın gətirdiyin
Əlim bir ucdan dağıdır.
Ürəyimə söz yığılır,
Dilim bir ucdan dağıdır.
Arzudan arzu doğulur,
Çoxu ürəkdə boğulur,
Damarlarda qan yığılır,
Zülüm bir ucdan dağıdır.
Açılıbdır sirr qapısı,
Əmrə müntəzir qapıçı!
Mənə verilib tapusu,
-Qələm bir ucdan dağıdır.
Qəfəs bilsə də dünyanı,
Yaşamaq istəyir hamı,
Yer-göy tutmazdı adamı,
-Ölüm bir ucdan dağıdır…
***
20 yanvara qar yağır…
Müalicə kursum bitdi.
Özünü yaxşı aparsa,
Canımı yenə can həkiminə aparacam.
İstədim üzr istəyəm yaddaşımdan,
Həkimə qeybətini etdiyim üçün;
-Yaman pozulub…
Sonra vaz keçdim,
-Onsuz Unudacaq!
Səhər öləndən sonra da xatırl
ayacağım
bir günə ayıldım…
20 yanvara qar yağır…
-Əsrlərcə yağsa da, o qan izləri
qarın altından görünəcək!!!
-Eh, bu da qardı?
-Sən doğulan gün buracan (boğazını göstərir) qar yağmışdı!
Qadın o vaxt boyunun 50 sm. olduğunu UNUDUB!..
…biz uşaq olanda evimiz,
qardan sonra sırsıradan
saçaqlı şal bağlardı başına.
qırt toyuq kimi balalarını qanadı altında saxlardı.
-Qartopu oynaya bilməzdik,
Əllərimiz donar,
Əlimizdəki qarışqa sürüsü keçənəcən
ağlardıq.
İpdəki paltarlarımız bizdən şax dayanardı
qarın, şaxtanın önündə…
Görəsən göydən qarı kim kəsib göndərir yerə?
Gec-gec yağdırdığına görə yəqin bir az xamlayıb.
Gah lapa-lapa,
quşbaşı,
gah xırda-xırda,
gah da qum kimi ələyir…
İki gözü, bir ayağı çuxurda olan qoca -ölü dənizdən
qara, -qar dənizinə baxırdı…
son dəfə gördüyünü özü də bilirdi…
Qəzadan üçayqlı çıxmış it balkonun altında oturub sədəqə gözləyirdi…
Quşlar paltar ipindən pəncərəyə baxıb mitinq edirlər:
-Acıq, acıq…
Həyasızları döyürdü ki, pəncərəni açaq:
-İnsaf, azacıq,
acıq, acıq…
Bir parça çörək qoydum, -hə, gəlin,
Yeyin, yeyin!
Amma-mitinq yasaq!
Namiq Qaraçuxurlu yaddaşımda
toydan sonra nağara çalırdı:
-Deyirlər qar yağacaq!. .
Həyətdən uşaqların səsi gəlirdi…
İzlər az keçmiş ölürdü…
2020
***
Bir pilləkən önündəyik…
Bir pilləkən önündəyik,
Qalxır kimi,enir kimi…
Qalxdığını,endiyini
Bilmir kimi,demir kimi…
Hey əkirik,-bəs nə bitir?
Bu nə al- ver,nə gör-götur?!
-Sevinc yalandan baş qatır,
Qəm yaşanır ömür kimi…
-Ruhum acdı,çörək gətir!..
Təndir,kürə, lavaş,fətir?..
Bu ocaqda odun bitir,
Yanır daha kömür kimi…
-Tələ mənim,tələ sənin?
-Gecikənin,tələsənin?!
…Gözlərimin giləsini
Yaş tutubdu mamır kimi…
***
Yaddaşımın lentləri
Uyumadım,dincəlmədim,
Vərəqlədim,incələdim,
Təzələdim,güncəllədim,
Yaddaşımın lentlərini…
Nələrisə atdım getdi,
Hesab var,-qapadım,bitdi!
Bütün günü təftiş etdim,
Yaddaşımın lentlərini…
Nə döyüşlər var qaydasız,
Alibi tapdım,-faydasız…
Yer tutublar arsız-arsız,
Yaddaşımın lentlərində.
Qalanların çoxu qalib!
Ölən məğlub,-sağı qalib!
İtirməkdən qorxu qalıb,
Yaddaşımın lentlərində…
-Vicdanıma vəkil oldum,
Ölüb qaldım,şəkil oldum,
Öz ruhuma əklil oldum,
Yaddaşımın lentlərində…
Hara bqxdım,eyni rəsim,
Eyni əzab,eyni isim…
Var-feli,dı-şəkilçisi,-
Yaddaşımın lentlərində…
***
Zamanda yolculuk
Zaman deyilən şey yoxdur əslində,
Ömrümüzü bilmək üçün yaratdıq.
Hər nəsnəyə bir ad qoyduq,-var etdik,
Balans qoyduq,- silmək üçün yaratdıq.
Canlı gəldi,cansız getdi gedənlər,
Ad aldı,ad-sansız getdi gedənlər,
Tutammadıq,onsuz getdi gedənlər,
Doğulanda ölmək üçün yaratdıq.
Unutduq ki,gedəriyik,faniyik,
Ya günahkar,ya günahsız,- caniyik!
Ateistik,deistik,ruhaniyik,
Dini haqqa gəlmək üçün yaratdıq!
İnsanları yaxşı deyə,pis deyə,
Vaxtaşırı çıxardıq tərəziyə.
Necə,nə cür,harada,kim,nə,niyə,-
Sorub,cavab almaq üçün yaratdıq!
Ağlımızın almadığı şeyləri,-
Mütləqdir ki,ağla salan var biri!
Milyard illər açılmayan bu sirri,-
Yaradanı bulmaq üçün yaratdıq!
***
İlk insan və son insan!
Mən korlar kəndində doğulmuş,
Karlar şəhərində yaşayıram.
Çölümü səhranın bəyaz günəşi yandırdığından,içimdəki qarlar şəhərində yaşayıram.
Cırcıramaların cırıltısından,qarğaların qarıltısından bülbül nəğmələrimi kimsə eşitmir,
İçimdəki daş kitabələri kimsə oxumur…
Robinzon Kruzodan sonra ağac yarpaqlarından təqvim düzəldib
Ömrümün günlərini sayıram…
Fikirlərimə günəşi nöqtə,ayı vergül qoyuram.
“İç”adlı gəzəgəndə
bütün günü özümü reklam edirəm…
Qəlbimdəki qorxu tamaşaçıların şüuraltına “məni al!”deyə saniyədə 60 dəfə siqnal göndərir…
-Ədəb satanlar bütün bazarları bağladılar;
Yenə dəllal kişilər,həyasız arvadlar neçə cərrah redaktəsindən çıxmış şeirləri bakirə, “təmiz beçə balı,kənd şoru,nehrə yağı”adı altında sırıyirlar nadan oxuculara…
Nizaminin nəsihət verən Dədə Qorqud şeirləri,
Füzulinin qədərinə boyun əymiş, qismətiylə barışan ah-nalələri,
Nəsiminin dünyaya meydan oxuyan,mənəm,mənəmliyi…yandırıcı ,qaynar havalarda dolaba qaldırılan qış paltarları kimi hisslərin sərinləşəcəyi(?!) vaxtları gözləyir…
Adam bəzən olmadığı dövrü,yaşamadığı xoşbəxtliyi özləyir…
-Bizim nəsil elə vaxtda dünya evinə girdi ki,
gördük bura cənnət xəyallarının belə alınıb satıldığı nəhəng bir bazardı…
Son insan ilk insandan daha qəddarmış!
Eh…
-Ağrının* zirvəsində yaşayan şair,dağ ətəyini sel aparır, xəbərin varmı?!
*Ağrı dağı
***
Allahdan soruşaq!
Kim qurbandı,kim şəhiddi?
Min fikir var,-hamsı ziddi.
Qorxmursansa,-ciddi-ciddi,
Gedək Allahdan soruşaq!
Xeyrin şərə çatmır gücü,
Pullu üçün pulsuz-cücü…
-Körpələrin nədir suçu?
Gedək Allahdan soruşaq!
Dəyişən yox,-bunca get-gəl…
Tavan əyridir,ya təməl?!
Qədər-qismət,yoxsa əməl?!
-Gedək Allahdan soruşaq!
…Alıb yorğun canımızı,
Bir axşam,ya bir dan üzü,
Atamızı,anamızı,
Gedək Allahdan soruşaq!
Kim azaddı quşlar kimi,
Kim yüngüldü boşlar kimi,
-İzn istəyən daşlar kimi*
Gedək Allahdan soruşaq!
*Məzarlıqda baş daşları
***
Kod adı
Qapı-baca bilmir,gedir,qayıdır…
Sanki məhərrəmlik,oruc ayıdır.
İştahı diş altda,dibsiz quyudur,-
Çoxdan tanıyıram mən bu taleyi.
Sümük tulladılar,cumdu köpəklər,
Harda yağlısı var qapdı zirəklər…
Qırmızı cizgini aşdı tək-təklər,
-Çoxdan tanıyıram mən bu taleyi!
-Onu Seyid Əzim, Sabir yaşadı,
Müşfiq Nargin,Cavid Sibir yaşadı,
Adını gözləyən məzar daşıdı!-
Çoxdan tanıyıram mən bu taleyi.
…Sən qədər yazarsan,-pozan tapırlar!
Xaindir!-Ad qoyan “ozan” tapırlar.
Bu cəhənnəm,bu qır,-qazan tapırlar,
Çoxdan tanıyıram mən bu taleyi!
Bəraət!..
Nə acı bir güzəşt oldu…
Sonra küçə oldu, prospekt oldu…
Dərsliyə salındı,sual,test oldu,-
Çoxdan tanıyıram mən bu taleyi!…
-Üstün dəyişiblər,alt qatı eyni!
Edam olunanı,cəlladı eyni…
Bir,qoqquz,üç,yeddi,-kod adı eyni,
Çoxdan tanıyıram mən bu taleyi!..
***
Kiçik şeirlər
İnsanlıq elə öldü;
Əkməyə tum qalmadı.
Doldu qum saatımız,-
Səhrada qum qalmadı…
***
Göz yaşım axan yerdə
Duz dağını fərq etdim
Dəniz da daşar deyə,
Ağlamağı tərgitdim…
***
Ortaq nöqtə
Nöqtəsən.
Ortaq nöqtə.
-Mənim,onun,çoxunun,-
Keçmişi, indisi,ya da gələcəyisən.
A ilə B səndə kəsişir.
A-keçmiş,B-gələcək.
Sənsə-indi!
Üç nöqtə…
***
Darıxmaq…
Gəl,canım,yollara baxmayaq daha,
Yollar da sıxıldı baxışımızdan.
Tərs kimi,nə gələn,nə gedən oldu,
Bütün günü yağdı naxışımızdan…
Küləyin qovduğu sarı yarpaqlar
Qorxub divarların dibinə sinir.
Həsrət güc gəldikcə səninlə bağlı
Anılar gözümün yaşında çimir…
Açdım pəncərəni,darıxıb örtdüm,
Otaqda dövr etdim Yer kürəsini.
Min görüş səhnəsi çəkdim fikrimdə,
Kamera tutmadı bir kərə səni…
Geydiyin pencəyi qoxladım,qəlbim,
İt kimi darıxdı,gəl,Allahdan qorx!
Demişdin ki,yerim çox görünəcək,
Özüm də bilirdim,daha belə yox!
***
Manqal səfası
Manqal küsənləri barışdırırdı…
Kababçı közləri sayrışdırırdı…
Qıp*-la qırmızını yarışdırırdı,-
Mən də nəticəni maraq elədim.
Ətlər gah istiot,gah duz istədi…
Piylər cız-bız oldu,-off,nə istidi!
-Ən məsum günahkar bəlkə tüstüdü,-
O da gözlərimi sucaq elədi…
Halva söyləməklə dil dada gəlməz.
Tox acın halını əlbəttə,bilməz!
Göz haqqı var imiş,burun haqqı bəs?-
Qonşuları iyə qonaq elədik…
-Yemək,ya yeyilmək? Budur məsələ!
Bütün dövrlərdə ac toxu bəslər!
…Quzular yeyildi,soyudu hisslər,
Utanmadan qurda qınaq elədik!
*Qıpqırmızı
Avqust,2023
***
Uzaqlıq qorxusu...
Bu səhəri də diri açdım…
Yorğunluğum üstumdə
hövlank küçəyə qaçdım…
Külək üzümə elə çırpıldı,
Gözümü səhrada açdım…
Bilsəm hansı paraleldə,
hansı meridiandasan,
Deyərdum,
-Bu ipini qırıb qaçmış küləyə,
Məni bir anda sənə çatdırardı…
Sən soyuq yerlərdəsən deyə,
Məni də bu gecə ,”soyuq apardı”…
-Səndən danışa-danışa,
Ötən axşam,
qlobusa baxmışam…
Dairənin o başında sən,
Bu başında mən…
Sənin üçün bura-hər şeyin əvvəli,
Mənimçün ora,-dünyanın axırı!
-Nə etməli?-
Ayrılığa çəkiblər onsuz bütün yolları…
-Nə ilk Adəm,
Nə “sonuncu mogikan” deyilik!
Bizə xoşbəxtlik şərqiləri söylətmək əvəzinə
yanıltmaclar dedirdən, dünya,
-Nə olacaq guya?
Ayrılıqdır uzağı…
-Bilirsən,məndə uzaqlıq qorxusu var…
Bir az böyüklük,bir az uşaqlıq qorxusu var…
Bilirsən məni hardan vursan ,
daha yaxşı ölərəm!
Bəs bilirsənmi, ölümlə oxşardır yuxular?
Sığınıb yatdığı yuxudan
ayılmayan atalar,analar…
-Və bilə-bilə ki,bəlkə ayılmayacaqlar;
Yenə yatır insanlar!
***
Saçın ucun hörməzlər…
Qaçan illəri qova-qova samballı bir rəqəm haxlamışan
Səssizcə “qocalırsan…” deyən doğma baxışlara…etimadın tam…
Gör işin harasıdı,təbriklərə belə cavab verməyə həvəs yoxdu…
-Tortun üzərinə bir şam qoyulub,- söndürməkdən qorxduğun…
Sizin meşədən ağaclar qırılır,dostlar,yaşıdlar seyrəlir…
Heç anlaşmadığın,sevmədiyin həmtayın da dünyadan köçəndə adam kövrəlir…
-Sıradakı kim?..
Mahnı oxuyur hansısa yetim:
 -Saçın ucun hörməzlər, hörməzlər,
Gülü sulu dərməzlər,dərməzlər…
-Ölümə söz veriblər,
Məni sənə verməzlər,verməzlər,hey,verməzlər…
***
Ən qədim insan...
Hələ təzə doğulmuşdum,-
Gün çıxırdı dan içindən,
Azadlığım yaralandı,-
Əlim qaldı qan içində…
Qığılcımdan tonqal bitdi;
Həvva,-çınqı,Adəm,-oddu,
O almanı nahaq daddı,-
Rüsvaydı cahan içində!
Dərd dünyanın yaşı qədər,
Mənə düşən naşı qədər*
Can borcumu başım ödər,-
Vicdan ölməz can içində!
Mən bilənlər,-məni bilin!
Əvvəldənsə sonu bilin!
-O saatın tozun silin
Yaşadığım an,-içində!
Bir nağıl da belə bitər,
Elə başlar,belə bitər…
Milyardlarca insan itər
Bu soysuz zaman içində…
..Cırtdan yenə meşədəydi…
Divin canı şüşədəydi…
-Ən,ən qədim peşə nəydi,
O azad insan üçün,nə?!
Qədər-alın yazısı
Çox uzaqqq… dediyin əslində çoxmu uzaq?!
Bəlkə bilən var,
amma biz bilmədik uzaqdan yaxını,
yaxından uzağı ayırmağı,
-Ömrü rüblərə bölməyi…
Məsələn, mən uşaqkən gəncliyi,
gənc ikən qocalığı uzaq bilirdim.
Yaşarkən də ölməyi…
***
Nübar Eldarqızı
Müstəqil.az
Share: