“Gözlərin güzgüm olsun Bu dünya məndən bezənə qədər…”- Aynur Haqverdi…

Müstəqil.Az   “Yaradıcılıq işığı” rubrikasında gənc yazar Aynur Haqverdinin şeirlərini təqdim edir:
Güzgü istəmirəm
(Aynur Haqverdi)
Mən güzgü istəmirəm,
Gözlərini istəyirəm.
Gözlərin mənim olsun.
Gözlərində görmək istəyirəm özümü.
Gözlərində görmək istəyirəm gözümü.
Hər axşam, hər səhər.
Ta ki, ta ki,
Ruhum cismimi tərk edənə qədər.
Gözlərin güzgüm olsun
Bu dünya məndən bezənə qədər.
Mən daraq istəmirəm,
Əllərini istəyirəm.
Əllərin mənim olsun.
Səliqəsizliyimə qənim olsun.
Əllərin darağım olub, darasın saçımı.
Mən boyunbağı istəmirəm ki!
Qollarını istəyirəm.
Qolların asılsın boynumdan.
Aldığım ən gözəl hədiyyə tək.
Gecəni də, gündüzü də istəmirəm,
Səni istəyən tək.
Gecələrim gözlərinin qarasında,
Gündüzlərim ağında gizlənib.
Mənim xoşbəxtliyim
könül bağında gizlənib.
Gülüşünü istəyirəm,
Gözlərim gülsün deyə.
Mən səsini istəyirəm
Bezmədən dinləməyə.
 
Mən hicran bağında
Mən hicran bağında solmuş çiçəyəm,
Mən həsrət odunda yanmış ürəyəm.
Mən hər gün sızlayan nakam diləyəm.
Bilmirəm həyatda nəyə gərəyəm?!
Zamanın qoynunda heçə dönmüşəm,
Bu soyuq dünyada çox tez sönmüşəm.
 
Doyunca sevinib gülmədim ki, mən,
Nədənsə səadət kəsildi düşmən.
Tənələr yağdırdı hər yoldan ötən
Onlardan daha çox acı verdin, sən.
Səndən sevgi umdu qəmli gözlərim,
Dilimdə gizləndi küskün sözlərim.
 
Gözlərin görmədi məni heç zaman,
Yardımçım olmadı ulu asiman.
Üstümə qəm atdı hər tərəf, hər yan.
Dəyərsiz görünür gözümə cahan.
Ruhuma sayrışıb müdhiş iztirab,
İndi mən həyatla çəkirəm hesab.
 
İsinmərəm istinə mən
Eşqdə doğub eşqdə batan
Günəş olsan
zərrə qədər isinmərəm
istinə mən.
Kərəm kimi od tutub
alışıb yansan,
zərrə qədər inanmaram
tüstünə mən.
Ay tək doğsan gecələrə
siyah rəngli niqab geyər
dan ulduzum.
Eşqinin odun tökdüyün dərə
dağ olub çatsa göylərə
yenə də əriməz
könlümün buzu.
 
 
Share: