Sərhəd
Qulağı kəsilmiş tula
səhərə kimi zingildədi
Qara çadrasını başına salmış
şəhərin küçə fanarlarına.
Silahına söykənən əsgərin kiprikləri
tikanlı məftillər kimi
batdıqca gözlərinə
baxışlarındakı sərhədlər
daha da uzaqlaşdı…
Gecələrin xəcalətindən
göylər tər tökdü,
damla-damla doldu səngərlər…
Qələmin tətiyini sıxdı
şairin barmaqları…
Güllə səsi diksindirdi
zingildəyən tulanı…
Gözlərinin arxasında,
tikanlı məftillərə ilişib
can verdi əsgər…
Yenə,
“Çıxdı günəş, doldu cahan nur ilə”…
Əllərin vəfası
Əllərindən başlamışdım səni sevməyə,
əllərindən…
Sonra sözlərin
uça binaya dönüb
dağılmışdı üstümə…
Sevdiyim əllər də
çəkib çıxarmamışdı məni
o dağıntıların altından.
Elə əllərindən unutmağa başladım səni,
əllərindən…
Sən demə,
günəşi qucaqlamaq üçün
öz əllərim kifayətmış.
1905.2018
Külək və paylaşmaq
Həyat istənilən halda paylaşmaqdır…
Məsələn,
o yaşılı adam
rüzgarın əlindən
güclə siqaretini yandırsa da
bir qullam o çəkir,
iki qullam külək…
18.12.2020
Qorxu və mərhəmət
Mən qorxaram heyvanlardan…
Hələ həşəratları demirəm-
ayağıma dəydimi
Kafkanın “Çevirmə”sinə dönüb
sarar bütün sakitliyimi.
İndi vicdanıma sarılan
pişik yavrusuna
necə izah edim ki,
qorxmasam,
mərhəmətim
qarşındakı çörək qırıntısından daha böyukdü!
İslanmış tüklərın ürəyimə yükdü!!!
Bu gecə
duaya qalxan ovuclarım
çətir olacaq sənə,
Fondakı miyoltu səsinə qarışacaq
bütün çarəsizlərin fəryadı.
Allaha deyəcəm ki,
Külək az əssin…
Yağış tez kəssin…
25.01.2021
Günay Ümid
Müstəqil.Az