GÖZÜN AYDIN, MÜBARİZ! -Mina Rəşid yazdı

GÖZÜN AYDIN, MÜBARİZ! -Mina Rəşid yazdı

2019-cu ildə Milli Qəhrəman Mübariz İbrahimovun anım günü ilə bağlı yazı müsabiqəsində mən də, yer tutmuşdum. Müsabiqə ADU-nun tələbəsi Şahin Sərdarlının təşəbbüsü ilə təşkil edilmişdi. ADU-da keçirilən anım mərasimində birinci yerin qalibi, o incə tələbə qız göz yaşıyla danışırdı. Hətta universitetin rektoru, akademik Kamal Abdulla “Vətən sağ olsun!” deyə, onu sakitləşdirməyə çalışdı.

Qızın isə göz yaşı selə dönmüşdü… O qızı unuda bilmirəm. O qız səni necə sevir, Mübariz! Səni bütün türk dünyası, Vətəni, ananı, bayrağı sevən hər kəs sevir, Mübariz! Sən Şəhidlərin sərdarı kimi Vətənə olan məhəbbətinlə tarix yazdın. Səni niyə bu qədər çox sevirəm, Mübariz?! Mən də bu yazını göz yaşına bələdim… Hər sənin adın gələndə qürurdan gözlərim dolur, necə ki, bayrağımız Zəfər havasıyla dalğalananda, himnimiz könlümü bir quş kimi uçuranda, Şəhidlərimiz son nəfəslərində Vətən, Qarabağ deyəndə, qazilərimiz gülümsəyəndə olduğu kimi… Səni çox sevirəm, Mübariz! O qədər ki, hərdən çox kədərli anlarımda o mübarək üzlü atan, anan yuxuma gəlir… Atana, anana, doğulduğun torpağa, can verdiyin, canım kimi sevdiyim Tərtərə, Qarabağa, səni yetirən Vətənə – anamız AZƏRBAYCANA qurban olum, Mübariz! Vətən sağ olsun! Biz Zəfər qazandıq,

 

GÖZÜN AYDIN, MÜBARİZ!

 

Müharibə başladı,

Zəfər çaldı ordumuz.

Gözün aydın, Mübariz,

Azad oldu yurdumuz!

 

Sən gözləyə bilmədin,

Özün bir ordu oldun.

Qəlbinin fərmanıyla

Birləşib yumruq oldun.

 

Sellər kimi çağladın,

Parladın günəş kimi.

Düşmənin ocağına

Düşdün bir atəş kimi.

 

Qisas almağa getdin.

Getdin Ərtoğrul yolu.

Sən azadlıq nəğməmsən,

Mübarizlik simvolu.

 

İlahidən güc aldın,

Düşmən üstünə getdin.

Sən yüz əlli zalımı

Bircə anda məhv etdin.

 

Qartal kimi şığıyıb,

Aslantəki savaşdın.

Sən düşmənə igidlik

Nişanından danışdın.

 

Sən ölümü öldürüb

Min can oldun bir canla.

Sən düşməni öldürdün

Qəlbindəki imanla.

 

-“Gəlmişəm Xocalının

Qisasını almağa.

Haqq-ədalət uğruna

Sonda Şəhid olmağa”.

 

Düşmən qorxuya düşdü:

-“Üstümüzə dağ gəlir.

Bizi çalıb-çatır o,

Güllə batmır, sağ gəlir!”

 

Sən bizim qürurumuz,

Səni unutmarıq biz.

Sən hər iki cahanda

Bir gövhərsən, Mübariz!

 

 

Share: