Gücümüz ortaq çıxarlarımıza bağlıdır

Gücümüz ortaq çıxarlarımıza bağlıdır

Xaliq Bahadır

(Tofiq Yaqublu faktoru)

Bütün Azərbaycana yaxşı tanış olan, çoxdan Azərbaycandan çox-çox uzaqlarda da tanınan Tofiq Yaqublu ölüm aksiyası keçirir. T.Yaqublu antidemokratik rejimə sürəkli dirənişi ilə tanınan, rejimlə barışmaz çarpışma aparan birisidir.

T.Yaqublu Qarabağda döyüş yolu keçib. Qarabağda döyüş yolu keçənlərin bir çoxu rejimin yalnız antidemokratik deyil, eləcə də antimilli xarakterli yönətimi qarşısında sınıb geri çəkilirkən, bir çoxu rejim acımasızlığına dözməyib özünü öldürürkən Tofiq Yaqublu rejimlə qladiatorcasına savaşa qalxan bir savaşçı yerindədir. Biz istəsək də, istəməsək də Tofiq Yaqublu bir örnəkdir – yamanlıqlar, əyriliklərlə barışmazlıq örnəyi! A.Kamyu deyir: “Haqsızlıqla ya çarpışırlar, ya da əməkdaşlıq edirlər”. T.Yaqublunun birincilərdən olduğunu görmək üçün düz-düzünə baxmaq yetərlidir.

T.Yaqublu sürəkli olaraq çarpışma aparır, özü də tək özünün deyil, minlərin, milyonların yerinə. Minlərin, milyonların onu necə dəyərləndirməsi subyektin dəyər ölçülərinə bağlıdır. M.Füzuli demiş: “Kim nə miqdar olsa əhlin eylər ol miqdar söz”. Hüquqçu adı daşıyan bir partiya funksionerinin düşüncəsinə görə, T.Yaqublunun indiki aclıq aksiyası “yanlışdır”. Sən demə, Tofiq bəy Güney Azərbaycanla bağlı aclıq aksiyası keçirsəymiş yaxşı olarmış.

Bir daha vurğulamaq gərəkir: adam hüquqçu-vəkildir, üstəlik,bir partiyada (T.Yaqublunun olduğu partiyada!) başqan yardımçısıdr. Onun T.Yaqublu ilə bağlı dediyi hüquqçu-vəkil adına yaraşmadığı kimi, partiya funksioneri adına da yaraşmır. Onun sərgilədiyi baxışda hüquq da, politika da funksionallığını itirmiş, dəyərsiz durumdadır. T.Yaqublu konkret bir görsənişə- konistitusion hüquqlarının pozulmasına görə aclıq aksiyası keçirir. Bunun İrana, Turana nə dəxli var?!

Başqa bir politika yolçusuna görə, T.Yaqublu “böyük ictimai əhəmiyəti olmayan” işlərlə uğraşmaqdadır. Görəsən, “böyük ictimai əhəmiyəti olan” nədir? Yurddaş (kimliyindən asılı olmayaraq) özünün pozulan, tapdanan, ayaq altına atılan hüquqlarını, başqa sözlə, konstitusion hüquqlarını qorumaq üçün ardıcıllıqla çarpışma aparır. Bunlar isə təkcə onun hüquqlarının deyil, bizim hamımızın hüquqlarımızın qorunması üçün aparılan çarpışma deməkdir.Başqa sözlə ellik xarakteri daşıyan çarpışma. Böyük çoxluğun dirəniş immunitetini itirib yenilgənlik sərgilədiyi yerdə aparılan, demək olasr, təkbaşına çarpışma. Belə bir çarpışmaya görə adamı qınamağın adı-anlamı nədir? (Ərəbcə “ictimai” sözünün dilimizdəki qarşılığı belədir: ellik, toplumsal).

Birincidə, hüquqçu-vəkil-partiya funksioneri yanaşmasında, T.Yaqublu çarpışmanın coğrafiyasını düzgün seçməyən birisi olaraq tanıdılır.İkincidə çarpışma metodunu düzgün seçməyən birisi olaraq. Rejimlə çarpışmanın çətinləşməsi nədənilə bizdə politik metodistlərin sayı durmadan artmaqdadır. Çoxları hızla artan çətinlikləri göz altına alaraq politik metodistlərə- yolgöstərənlərə çevrilməyə üstünlük verirlər. Fransanın tanınmış politiklərindən olan F.Mitteran deyirdi: “Mən yol göstərmirəm, yolu gedirəm”. T.Yaqublu yolu gedəndir: siz göstərsəniz də, göstərməsəniz də.

Daha çox reaksiya, özü də “bəyəni” reaksiyaları doğurduğundan Qurban Məmmədlinin statusu üzərində ayrıca dayanmaq gərəkir. Q.Məmmədlinin yazdığına görə, son çağlar Bəxtiyar Hacıyevin, Tofiq Yaqublunun tutulması ilə bağlı aparılan kampaniyalara qoşulmadığının, keçirilən asksiyalara arxa durmadığının nədənlərindən dolayı “yüzlərlə dostdan” soru alır. İndiki susqunluğunun nədənini o, “Kütləvi hüquq pozuntularına (Nardaran, Evrovision, Gəncə, Tovuz, Tərtər) kütləvi tədbirlərlə reaksiya verməyənlərin, olayları kimi “kütləvi tədbirlərə” reaksiya verilməyənlərin ayrı-ayrı adamların (misal üçün Mehman Hüseynov, Bəxtiyar Hacıyev) kütləvi tədbirlərlə etiraz etməsini ağlabatan hərəkətmi hesab edirsiz?”, deyə soruşur. Bunun üstündən belə bir soruda da bulunur: “Sizcə, İlham Aslanoğlu başda olmaqla, Əvəz Zeynallı, Abid Qafarov bu millət üçün daha çox faydalı və nəticəvi xidmət ediblər, yoxsa yüzlərlə bloger kimi eyni fəaliyət göstərən Mehman Hüseynov və bu günədək heç bir nəticəvi, rasional fəaliyəti olmayan Bəxtiyar Hacıyev?” Bunları düzgün sorular saymaq olardı, ortada istər obyektlər, istərsə də subyektlər baxımından “malı mala qatma” faktları olmasaydı. Deyək, Nardaran olayları  hara, Tərtər olayları hara? Subyek yanaşmalarında da belə uyğunsuzluqlar var…

Açığı, B.Haciyevin indiyədək nə etdiklərini, necə etdiklərini bilmədiyimdən onunla bağlı nəsə deməkdə çətinlik çəkirəm. Mehmana gəlincə, Mehman yaşına, bacarığına uyğun olaraq indiyədək çox işlər görüb: bacardığını edib.Başqa blogerlər də eləcə.Burada da açığını bildirəcəm: blogerlər intellektinə, bacarığına uyğun işlər görüblər, görürlər. Mən onların bir çoxunu dinləmirəm: kimini söyüş söydüyünə, kimini yalançılığına, kimini dayazlığına görə.Bütün bunlarla yanaşı, burasını da unutmamalıyıq: onlar bu ölkədəki özbaşınalıqlardan, qanun-hüquq pozuntularından ölkədən gedəsi olublar. Burada görüb-götürdüklərini, aldıqları təhsilə uyğun çıxışlar eləyirlər. Çox istərdik onlar istər bilik, istər etik-estetik davranış baxımından buradakı gənclərimizə örnək olsunlar. Çox istərdik!…

Q.Məmmədli izləyicilərindən soruşur: “Sizcə, toplum ayrı-ayrı adamların hüquqlarının pozulmasına görə kütləvi tədbirlərə daha tez qoşular, yoxsa kütləvi hüquq pozuntularına, ictimai və dövlət maraqlarına qarşı törədilmiş əməllərə görə?” Aydındır: söhbət “ayrı-ayrı”, deyək, Tofiq Yaqubludan, Bəxtiyar Hacıyevdən, bir də, deyək, Tərtər soyqırımından gedir. Biryolluq bilməyimiz gərəkir: Tofiq Yaqublu kimi “ayrı-ayrı adamlar” toplumun ayrılmaz bütünüdür. Gərəkərkən belə adamları tək qoymaq toplumun özünün təklənib yenilməsinə gətirib çıxarcaq görsənişlərdəndir.

Açıq bildirirəm: Tərtər soyqüırımı ilə bağlı müxalifətin sərgilədiyi fakta uyğun olmayan davranış mənəm özümə də qaranlıq qalır. Qurban bəyi, deyək, Nardaran olayları Tərtər oklaylarını bir tutması baxımından düzgün saymamaq olar. Nardaranda baş verənlərlə Tərtərdə baş verənlər başqa-başqa xarakterli görsənişlərdir.Nardaranda baş verənlərlə bağlı Qurban bəyin dediyi “kütləvi etiraz tədbirləri” bir sıra nədənlərə görə müxalifətyin darmadağın edilməsinə gətirib çıxara bilərdi. Tərtər olayları isə başqadır. Ən azı Azerfreedomdakı bəlli açılımlardan sonra müxalifət baş verənlərə, Qurban bəyin dediyi kimi, səssiz qalmamalı idi.

Dönə-dönə yazmışıq, bir daha yazaq: Tərtər soyqırımı bizim milli faciəmizdir. Qurban bəy o soyqırımın Azerfreedomla tanıdılmasında çox böyük iş gördü- bunu kimsə dana bilməz. Ancaq bir sıra yanlışları da oldu, olur: dediyi kütləviliyə aparmayacaq yanlışlar.

Burası da dönə-dönə vurğulanıb: Tərtər soyqırımı dövlət terrorudur, bu terrora bilərəkdən-bilməyərəkdən çoxları qatılıb. Bu baxımdan tanınmış hüquqçu-vəkil olaraq Qurban bəyin dəyərləndirmələrində sonadək obyektiv olması, dəngələri qoruması çox gərəkirdi. Burada bircə fakt göstərirəm: uzun illərdən bəri rejimin yandaş mediasının başında duran bir jurnalisti onun dönə-dönə “çox hörmətli filankəs” adlandırması, çıxışlarında belə faktlara yer verməsi istər-istəməz adamların ona güvənini sarsıdır. Söhbət az adamın tanıdığından deyil, çoxluğun tanıdığı kimsələrdən gedir. Publik olaraq tanınan kimsələırdən.

Başqa bir soru: “Sizcə, bu adamlar rejimə qarşı mübarizəni düzmü təşkil edirlər? Xalqın enerjisini, sizcə, ayrı-ayrı adamların müdafiəsinə yönəltmək məsləhətdir, yoxsa onların özlərinin ictimai maraqlarını qorumağa? Bu metodlarla nəyə nail ola bilərik ki? Heç nəyə”. Bu metodun sonucu da göstərilir: “İndi sizin gördükləriniz və bəzi sadəlövh adamların qoşulduğu proses, sadəcə, rejimə xidmətdir”. Bəyənilərə-reaksiyalara baxsaq, burada deyilənlərin adamlara çox böyük doğrular olaraq göründüyü bəlirlənir. Mən də deyə bilərəm: bunlar doğrudur, ancaq… Belə bir fakta baxaq. Tofiq bəy aksiya yerinə çatmadan tutuldu.Belə faktlar başqa aksiyalarla bağlı da olub, olur. Bir çoxlarının evlərindən çıxmadan tutulduğu bəllidir. Bu, rejimin antikütləvilik metodlarından biridir – yalnız biri.Qurban bəyin dediyindən belə görünür gərəkən kütləviliyin alınması üçün hamının tutulub türmələrə doldurulmasını gözləmək gərəkdir.Adına “düzgün metod” deyilən budursa… yox. Sorun bu deyil, sorunun kökü dərindədir. Tək elə Azərfeedomda açıqlanan o qandondurucu faktlara görə müxalifətli-müxalifətsiz bütün ölkə ayağa qalxmalı idi. Nə oldu, niyə qalxmadı? Biz hamılıqla işin burasını düşünməliyik. Ordumuzda bir çox ölüm düşərgələrində olmayan qorxunc olaylar olub: xalqı, ölkəni, dövləti yenməyə yönəlik qırğın, qırılma olayları! Görün “xalq” titulu daşıyan tanınmışlardan birinin bugünədək bir çıxışı olubmu? Nəyə görə bizdə bir Vaxtanq Kikabidze yoxdur? Biz belə düşkün duruma necə salındıq?- bunları düşünməyimiz gərəkir.

Yeri gəlib, deyilməlidir. Qurban bəy əlindəki özəl televiziya olanağından yararlanmaqla AXH (Xalq hərəkatı) yaradırdı, özü də çox böyük coşquyla. Nə oldu? Bir Tural Abbaslının aranı qatmasıyla böyük dağıntı yaşandı. Bugünlərdə verilişlərinin birində Qurban bəy T.Abbaslıdan danışdı. Demək, T.Abbaslı tez-tez çıxdığı yandaş teledə Tərtər soyqırımı ilə bağlı “ictimai müzakirələri” yolverilməz sayır. Arqumenti nədir? Ermənilər bilməsin. Qurban bəy demokratik prinsiplərə bütünlüklə ayqırı baxışlardan çıxış edərək T.Abbaslını “düz” çıxarır: gənc siyasətçidir, keçmək olar. Olduqca yanlış yanaşmadır.Rejim adamı teleulduza elə-belə çevirməyib: onun diliylə gənclərə mesajlar ötürülür.Belədə “ictimailik”, “kütləvilik” gərəyi hara getdi? Politika yaşa baxmır, burada bir prinsip ola bilər: bilmədiyini danışma. Tərtər soyqırımı bir sıra qonşularımızın yaxşı bildiyi, içində olduğu bir olaydır. Belədə onu kimdən gizlətmək istəyirik? Görünür, özümüzdən! Ellik-ictimai dəyərlərimizi, ulusal mənliyimizi aşındırmağa, dağıtmağa yönəlik bir olay toplumsal qatılımdan qıraqda qala bilməz.

“Bir nəfərin azadlığı üçün əlavə iki nəfərin də həbsinə bəhanə vermək ağlabatan hərəkətdirmi?” Sözsüz, indiki rejim qanunlarına uyğun ən “ağlabatan hərəkət” sonadək dinməz durmaqla yurddaş hüquqlarının tapdanmasını gözardı etmək olardı. Başqa sözlə, “palaza bürün, elnən sürün”.

Dostumuz çıxış yolunu göstərməyi də unutmayıb: “Hamımız əl-ələ verib ayrı-ayrı fərdi problemlər yaradan HEYDƏRİZMƏ qarşı, REJİMƏ qarşı mübarizə aparmalıyıq”. Doğrudur, ancaq zınqrovu kim asacaq? Burada “zınqırov” birlik yolunda atılacaq qarşılıqlı addımlardır.

“Xalqı hakimiyət dəyişikliyi üçün səfərbər etməliyik”. Bu da doğrudur, ancaq veriliş başlanğıclarında “dünyanın ən şərəfli, ən ləyaqətli, ən dəyərli Azərfreedom ailəsidir” deməklə o “səfərbərliyi” necə etmək olar: axı, o ailədən qıraqda milyonlarla Azərbaycan ailəsi var. Azərbaycan müxalifətini indiki yenilgən duruma partıya başında duranların oxşar çıxışları gətirib çıxardı: “Mən birlik istəyirəm, ancaq hamı mənim ətrafimda birləşməılidir”.

2003-cü ildə böyük birlik şansı yaranmışdı. Onda Müsavatın başında duranların biri qəzetdə belə çağırışda bulunmuşdu: “Biz müxalifətin birliyini istəyirik, ancaq hamı Müsavatın ətrafında biləşməlidir”. Belə çağırışlar birliyə deyil, ayrılığa qulluq edib, qulluq edir, qulluq edəcək. Demokratik düzən davranışlarında gerçək birliyin bir yolu var: ortaq çıxarların birliyi. Yalnız birinin hamıdan qat-qat üstün, qat-qat güclü olduğu yerdə başqa birlik – diktat birliyi yarana bilir. Eləsi isə bizdə yoxdur. Belədə iş qalır REALPOLİTİKA uyğarlığına. Bu isə mənəmlikdən, özgüdükçülükdən uzaq özümlü etika, özümlü estetika gərəy deməkdir.

Son söz yerinə

Hamılıqla anlamağımız gərəkir: sorun çox dərindədir.Toplum birlərdən, bireydərdən yaranır. Onları qarşılaşdırmağa gərək yoxdur- birinin toxunulmazlığı o birinə bağlıdır.İblis işdəkləriylə içindən yüz yerə bölünmüş toplumda bir də politik bölünmələr, politik ayrımçılıq var: kimlər üçünsə İlham Aslanoğlu, kimlər üçünsə Tofiq Yaqublu yüksək dəyər yerindədir. Onların etdiklərinə yetkinliklə, ulusal çıxar yüksəkliyindən baxsaq, ortada strategiya birliyinin olduğu görünər. Bunu görməmək, görmək istəməmək bizə uğursuzluqdan özgə nə qazandıra bilər? Yanan evə ağzında su gətirən bir qaranquşu necə aşağılayıb dəyərləndirməmək, dəyərləndirib sevməmək olar?!

Böyüklük, düzgün yol bu gün suçsuz yerə darlıqda qalan birinə arxa durmaq olardı: gerçəkdən barış, birlik istəyənlər belə edərlər.

Share: