“Dünya karbohidrogen bazarındakı stabilləşmə ilə bağlı, sentyabr ayında Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) valyuta satışlarında ciddi artım gözlənilmir”.
“Report” xəbər verir ki, bunu Rusiya “Qazprombank”ının Tədqiqatlar şöbəsinin müdir müavini, MDB ölkələri üzrə baş iqtisadçı Gülnarə Xaydarşina deyib.
“Bundan başqa, Azərbaycanın büdcəsi karbohidrogen bazarında mövcud tendensiyanın yüksəlməsi ilə dəstəklənəcək”, – G.Xaydarşina bildirib.
Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, avqustun 29-da keçirilmiş hərracda 58,9 milyon ABŞ dolları məbləğində valyuta satılıb. Bu isə ötən həftə keçirilən hərracla müqayisədə (1,7 % az) demək olar ki, dəyişməz qalıb və mövsümi normaya yaxın olub. Həmçinin dünənki valyuta satışları, 2020-ci ilin mart ayında qeydə alınan (323,2 milyon ABŞ dolları) pandemiyanın başlanmasından bəri ən yüksək göstəricidən 5,5 dəfə azdır.
“Valyuta hərraclarındakı satışın həcmi büdcə xərclərinin qrafikinə uyğun olaraq qalır. Qeyd edək ki, büdcə xərcləri ilin ikinci yarısında böyüməyə meyllidir. Builki büdcəyə edilən dəyişiklikləri nəzərə alaraq, ARDNF-dən dövlət büdcəsinə transfertlər 11,7 milyard manat (6,9 milyard ABŞ dolları) səviyyəsində nəzərdə tutulub. Bir qayda olaraq, Azərbaycanda büdcə xərcləri II və III rüblərdə pik həddə çatmır”, – o qeyd edib.
“Qazprombank”ın iqtisadçısının fikrincə, Azərbaycan sabit məzənnəni saxlamaq üçün kifayət qədər resurslara malikdir və beynəlxalq ehtiyatların adekvatlığına görə MDB məkanında ən yüksək səviyyələrdən birinə malikdir. Ölkənin beynəlxalq ehtiyatları avqustun 1-nə 66 milyard ABŞ dollar təşkil edib ki, bu da, ÜDM-in 80 %-ni ötüb və 49 aylıq idxalı qarşılayır.
“Xarici risklərə baxmayaraq, valyuta satışlarının mülayim olaraq qaldığını və əsasən büdcə xərclərinin qrafiki ilə müəyyən edildiyini nəzərə alsaq, bu dinamikanın Azərbaycanın suveren reytinqləri və avrobondları üçün neytral hesab olunur”, – G.Xaydarşina hesab edir.