Gülnarə İSRAFİLin anasını ölümünə elegiya – Bilal ALARLI yazdı

Gülnarə İSRAFİLin anasını ölümünə elegiya – Bilal ALARLI yazdı

Bildiyim bir şey var, Gülnarə İsrafil əzizim, şəxsiyyətinə ehtiramla yanaşdığım, yaradıcılığına rəğbət bəslədiyim qəlbi özü kimi, əməlləri kimi gözəl bir xanım Türkiyəyə iş dalınca gedib. Burada, doğma Azərbaycanda şirin səsi, ifaçılıq məharəti, qəlbtitrədən diksiyası olan bu istedadlı Vətən qızına layiqli iş təklif edən olmadı, halbuki o, hər hansı bir radiotelekanalda aparıcı ola bilərdi.

Səsinin tembri, ahəngi, sərrast nitqi, bəlağətli çıxışları, xüsusən böyük ehtirasla, emosional yüksəkliklə şeir deməsi Gülnarə İsrafilə imkan verirdi ki, bu sahədə böyük uğurlar qazansın. Amma ona doğma Vətənində istedadından bəhrələnməyə şərait yaratmadılar, Türkiyəyə üz tutdu. Burada da onunçün asan olmadı, bir yandan da pandemiya başqaları kimi onun da əl-qolunu bağladı. Həyat bu gözəl insan üçün gözəl olmadı, “tabutdayam” dedi yaşayışına, gündəminə:
Tabutdayam,
qazılmış qəbrim,
Ağlasın sinəmdə bitən otlar.
Sinə daşı qoymayın,
Torpaqlayın məni dəfn edəndə.
Bir gül əkin üstümdə,
narıncı olsun,
nar gülü rəngində.
Ağır düşüncələrdir. Ağır yaşantılardır.
Buna baxmayaraq, Gülnarə xanım dəyərini ala bilmədiyi Türkiyədə dəyərini verməyən doğma Azərbaycanının təəssübünü çəkdi, hər sözündə, hər əməlində böyük azərbaycanlı olduğunu sübuta yetirməyə çalışdı. Azərbaycanın düşmənləri ilə sözlə vuruşdu, seperatçılara qarşı, işğalçılara qarşı dözülməz oldu. Onu əqidəsinə görə təhqir edən şərəfsizlər də tapıldı, ancaq o, iradəsinə güvəndi, alçaq, rəzil insanların səviyyəsinə enmədi.
Ağrıları azalmadı ki, azalmadı. Şair ürəkli qadın üçün hissiyyatlı, emosional məqamları son anına qədər yaşamaq uzun bir şeirin gözüyaşlı misralarına köklənmək kimidir.
Kökləndi də, misralara açıldı ürəyi:
Uşaq olanda nənəm deyərdi:
“Göydə hərənin bir ulduzu var, bala,
kim dünyasını dəyişsə,
ulduz göydən yerə düşür”.
Nənəsi düz deyirmiş, göydən yerə ən əziz, ən doğma bir ulduz düşdü, bu ulduz qəriblikdə Vətən həsrəti ilə yaşayan Gülnarə İsrafilin anasının ulduzu idi. Qəriblikdə bu acı xəbəri eşitmək onunçün çox ağırdır. Vaxtilə ən gözəl şeirini həsr etmişdi anasına:
Zərif tellərinə düşən dən,
Ömrünün əzabıdırmı, ana?
Kaş o ömrü geri qaytara,
Əzablarını silib ata biləydim.
Yaxud da
o ağarmış saçlarının
arasında gizlənərək,
Sənə yaxın olaydım.
Şəkildə bunlar ola bilər: 1 nəfər, səma və çöldə
Anasından sızıldayan ağrılarına titrəyən əlləri ilə sığal çəkməyi arzulayan Gülnarə İsrafilin yaraları şəfa tapmadı, anası qəfil dünyasını dəyişdi, haqqa qovuşdu.
Ürək qan ağlamasın, neyləsin? Diri-diri məzarlaşan arzular hər gün bir istəyə başdaşı qoyur:
Sevgi rəngləyir gözümü,
qəhər düyünlənir boğazımda.
Ölümlər növbənöv,
başdaşları uçmuş…
Qızılgül ləçəkləri düzülür saçıma.
Ağlamıram ki, birdən rənglər
gözümdən tökülər.
Eh… kim anlayacaq?!
Sevginin məzarı çoxaldıqca,
məzarlaşıram.
Təkcə sevgininmi? Sevdiklərinin məzarı çoxaldıqca, səni sevənlərin məzarı çoxaldıqca üzülürsən, nazilirsən, sınırsan, kimsəsizliyini hiss edirsən! İlahi, əlimdə qələm ağlayır, barmaqlarımın ucunda klaviatura inildəyir! Niyə dərdi dərd çəkənə verirsən?!
Bəd xəbər ildırım sürətli olur. Bəd xəbər adamı ildırım kimi vurur! Qəriblikdə ana ölümü xəbərini almaq nə qədər ağırdır! Dərdinə sözlə şərik olmaq çətindir, mənim Gülnarəm! Göz yaşlarımı saxlaya bilmirəm, amma ağlamaqla dərd azalmır. Taleyin sınağından mərdliklə çıxanlardan dərd qaçaq düşür. Dərd də yoluxucu xəstəlik kimidir, zəiflərin yaxasını tutur.
Mən sənə dözüm, səbir, təmkin, iradə, rəşadət arzulayıram.
Son qəmin olsun!
Anana rəhmət diləyirəm!
Ruhu şad olsun!
Tale onun səninlə bağlı arzularını onun ruhu xətrinə çin eləsin, məzarda rahat uyusun!
Share: