Gülnar Səmanın “Sözümüz sözdür-2” adlı publisistik məqalələrdən ibarət kitabı xaricdə “GlobeEdit” nəşriyyatında çap olunub.
Məqalələr toplusu Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının 3 oktyabr 2023-cü il 5 saylı qərarı ilə nəşr edilib.
Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Gülnar Səmanın bu kitabında ədəbiyyatşünaslıq sahəsində yazdığı məqalələri yer alıb. İlk məqalələr “Heydər Əliyevin obrazı müstəqillik illərində yazılmış poemalarda”, “İlham Əliyev və Azərbaycan ədəbiyyatı” adlanır.
Məqalələrin bir qismi Vilayət Quliyev, Asif Rüstəmli, Gülhüseyn Hüseynoğlu, Məmməd İsmayıl, Maarif Həsənoğlu, Dəyanət Osmanlı, Elçin İsgəndərzadə, Əkbər Qoşalı kimi müəlliflərin yaradıcılığına həsr olunub. Gənc yazarlardan Aysel Xanlarqızı, Fərid Hüseyn, Səxavət Sahil, Ramil Mərzili, Ulucay Akifin kitabları haqqında məqalələr də kitabda toplanıb. Yusif Nəğməkar, Əsəd Cahangir, Rəşad Məcid, Zəlimxan Yaqub, Sabir Mustafa və digər şairlərin poemaları haqqında yazılara da yer ayrılıb. Eyni zamanda bölgə ədəbiyyatının tədqiqatına həsr edilmiş irihəcmli araşdırmalar da kitabda yayımlanıb.
Kitabın elmi redaktoru filologiya elmləri doktoru Elçin Mehrəliyevdir. Rəyçiləri filologiya elmləri doktoru, professor Cahangir Məmmədli və filologiya üzrə fəlsəfə doktoru, dosent Gülbəniz Babayevadır. Fotoqrafı isə Nofəl Ümiddir.
168 səhifəlik bu kitab müəllifin 2019-cü ildə işıq üzü görmüş “Sözümüz sözdür” kitabının davamıdır.
ISBN-13: 978-620-6-79661-9 kodunu axtarış sistemlərində yığaraq kitabı sifariş etmək mümkündür.