Günelin “oğraş-eşşəkləri”, mənim qardaşlarım…

Günelin “oğraş-eşşəkləri”, mənim qardaşlarım…

Günel Mövlüdun Şərif Ağayara verdiyi müsahibəni çoxlarının paylaşdığını gördüm. Oxumaq fikrim yox idi, çünki bunun vaxt itkisi (Şərif Ağayara olan bütün hörmətimə rəğmən) olacağından əmin idim. Amma müsahibədən paylaşılan bəzi çıxarışlar diqqətimi çəkdi.

Nə qədər bayağı düşüncə, aqressiv tərz, qondarma feminizm, seksizm, hər fürsətdə qadınlarda uşaqlığın periodik təkrarlanan fizioloji vərdişi haqda (o sözdən burda istifadə etmək istəmədim) cəfəngiyyat… Bir insan, Allah qoymasın, yazar, öz ədəbi fəaliyyəti və Avropada həyat tərzi ilə bağlı verdiyi müsahibədə niyə bu nüanslara toxunsun? Yazıçı etikası, müsahibə mədəniyyətini kənara qoyuram, – çünki bilirəm, bunlar Günel xanımın nəinki “lüğət fondu”nda var, bu, onun üçün heç söz birləşməsi şəklində də mövcud deyil – böyük bir canfəşanlıqla müdafiə etdiyiniz “dünyəvi” dəyərlər, Avropa ideologiyası dili ilə sizlə danışım: Adi bir müsahibə zamanı bir yazıçının iki dəfə bu məsələyə toxunması özü seksizm deyilmi? Bununla fəxrmi edirsiz? Bu bioloji hadisədir, nə sizin seçiminizdir, nə də uğurunuz. Əminəm ki, ağız dolusu danışacaq əsərləriniz, personajlarınız da az deyil. Onları siz yaratmısız, onlarla fəxr edə bilərsiniz, amma ayda bir dəfə dünyadakı hər bir dişi itin belə yaşadığı adi proseslə fəxr etməyiniz, yəqin ki, oxucularınız üçün məyusedicidir.

Keçək məni bu yazını yazmağa vadar edən hissəyə. Günel xanımdan sitat gətirəcəm: “Atam barədə nə deyə bilərdimsə, “Düşərgə”də demişəm. Bircə bunu deyim ki, o dünya, cənnət, cəhənnəm varsa, ümid edirəm, cəhənnəmdə cayır-cayır yanır bizə etdiklərinə görə. O ki qaldı “mədəni, savadlı, dünyagörüşlü” söhbətinə, bizim bəxbəxtliyimiz bundadır ki, atalarımız, ərlərimiz, qardaşlarımız evin içində tirandır, eşşək…dir, oğraşın dal ayağıdır, amma başqalarının, yadların yanında özlərini elə mədəni, elə nəzakətli, qayğıkeş aparırlar ki…”

Xanımın atasını bütün oxucular önündə aşağılaması öz şəxsi seçimi, öz işidir. Buna rəy vermək mənə düşməz, amma söhbət ümumilikdə “atalarımız, ərlərimiz, qardaşlarımız”dan gedirsə, buna münasibət bildirməmək ədalətsizlik olardı.

Ola bilər ki, Günel xanımın (mən demirəm, özü deyir) atası tiran, qardaşı oğraş, əri eşşəkdir. Bu o demək deyil ki, o, cəmiyyətimizin digər kişi nümayəndələrinə, o cümlədən, bizim doğmalarımıza dil uzada bilər. Hardasa başa düşürəm ki, öz keşməkeşli həyat yolunda Günel xanımın qabağına, öz təbiri ilə desək, ancaq “oğraşın dal ayağı” olan kişilər çıxıb, bundan gileylənir. Amma onun səmimiyyətinə bu məqamda da inanmıram. Çünki atası tiran olan qızın, qadının Günel xanım kimi yetişməsi mümkün deyil.

“Azərbaycan kişisi əzazildir” deyib, bu teoriyanı öz həyatındakı kişilərlə, mətbuatda gördüyümüz cinayətlərlə sübuta yetirmək cəhdi ən az yuxarda dedikləri qədər əsassız, fundamentsiz və heç bir məntiqi dayağı olmayan sayıqlamalardır.

Günel xanımın fikirlərini oxuduqda bir kiçik hekayəni xatırladım: Bir gün bir padşah ölkədə olan vəziyyətdən xəbər tutmaq üçün vəzirinin məsləhəti ilə ən etibarlı üç adamını bazara göndərir. Bir neçə gün sonra bu adamlar ayrı-ayırılıqda padşahın hüzuruna gəlib öz təəssüratlarını onunla bölüşür. Birinci adam deyir ki, bazarda özbaşınalıq baş alıb gedir, satıcılar köhnə, qurdlu məhsullar satır, alıcıları tərəzidə aldadırlar. İkinci adam dəhşət içində padşahın hüzuruna gəlir və bazarda çirkabın, pintiliyin, axşam saatlarından sonra piştaxta altında pozğunluğun baş alıb getdiyini deyir. Üçüncü adam bazarın təmiz olduğunu, satıcıların ədalətli, məhsulların keyfiyyətli olduğundan ağızdolusu danışır.

Bunları atrı-ayrılıqda dinləyən padşah sonuncunun “hesabat”ından sonra bərk əsəbləşir, üç etibarlı adamın üçünün də fərqli şeylər deməyi onu özündən çıxarır və bu şəxslərin edam olunmasını əmr edir.

Müdrik vəzir bu anda araya girir və deyir:

“Padşah sağ olsun, bu adamlardan heç biri yalan danışmır, onların təsvir etdiyi hər şey bazarda var. Sadəcə hər kəs o bazarda öz görmək istədiyini görüb, onların hər biri öz ürəyinə, niyyətinə, xarakterinə uyğun axtardığını bazarda tapıb. Yəni bazarda bu deyilənləri hamısı var, ədalətsizlik, aldatmaq, fırıldaqçılıq görmək istəyən onu, pozğunluk, çirkab, pintilik görmək istəyən onu, ədalətli alver, səliqəli bazar, gülərüz satıcı görmək istəyən isə onu görüb.

İndi vəzir demişkən, hər kəs dünyaya, cəmiyyətə, insanlara öz pəncərəsi, öz qəlbi, öz gözləri ilə baxır.

Şərəfsiz ata da var, ancaq övladı üçün bir an da olsun düşünmədən canını verən ataların sayı daha çoxdur.

“Oğraşın dal ayağı” qardaş da var, ancaq bacısı üçün ömrü uzunu arxa-dayaq olan qardaşlar qat-qat çoxdur.

O sadaladığı kimi atalar cəmiyyətdə 2-3 faiz olar, ya olmaz. Onlar isə cəmiyyətin siması deyil, dəyər deyil, məhz istisnalardır. Bu istisnaları mütləq həqiqət kimi cəmiyyətin qiymətləndirməsində meyara çevirmək, yumşaq desək, düşüncə pozğunluğudur.

Mən ətrafıma baxanda ləyaqətsiz, alçaq qardaş deyil, hər zaman bacısına dəstək olan, bizim üçün, şərəf və ləyaqət üçün vuruşmağa və bu yolda canını verməyə hazır qardaşlar görürəm – necə ki, 44 günlük savaşda bunu gördük!

Ən önəmlisi də var: bu xalqın kişilərinə qardaş, ata, ər kimi baxın ki, onlar da sizi bacı, övlad, xanım kimi görsünlər.

Hər kəsə oğraş kimi baxacaqsansa, onlar da sənə fahişə kimi yanaşacaq…

Share: