“Günlərinin birini, Qarlı, sönük gecəsində itirmişdi təqvimdəki yanvar…”- Gülşad Quliyeva…

Müstəqil.Az gənc yazar Gülşad Quliyevanın şeirlərini təqdim edir:

Limonlu Çay
Sükuta qərq olmuş soyuq, qaranlıq otağın
Nəfəsinlə isinmək arzusuya yaşıyarkən,
Tərk etdiyin xatirələr yaddaşına qayıdıb
Səni biraz da yaşlanmış, bu qədim şəhərə qaytarmaq istəyirlər.
Oxunmaq həsrətiylə saralıbdır
Tozlanmış kitabların vərəqləri.
Doğma insan əlləriyçün darıxıblar əşyaların.
Divardakı rəsmlər pəncərəndəki çiçəklər qədər solğun,
Eyvanına qonan göyərçin qədər çarəsiz və yuvasızdır sənsizlik.
Heç vaxt
Həyat bu qədər mənasız,
Dünya belə qaranlıq olmamışdı.
Lampalar sönmüş, qrammafon susmuş
Tavan , döşəmə, əşyalar,
Bu evdə hər şey keçmişdən danışır.
Sanki zaman dayanıb.
Bir şair ömrünü xatırladır mənə bu səssizlik
Ancaq əsən küləklər, yağan yağışlar poza bilir bu sükutu,
bir də mənim gəlişim.
Sən də gəl.
Hamı və hər şey,
Hətta köhnə masa üstündə buxarlanan
Limonlu çay belə səni gözləyir.
2011
Qarğıdalı Dənələrindən Boyunbağı
 
Günlərinin birini,
Qarlı, sönük gecəsində itirmişdi təqvimdəki yanvar.
Əlinə corab,
Ayağına əlcək geyinəsi ayrılıqdır bu qışınki.
Yorğan örtdüm sobasına
Yuxusunun aparmadığı adam
Dağıtmışdı fikirlərini ilin ən qısa ayına.
Sarı çiçəklərsiz də
Əl yaylıqlarısız da olurmuş ayrılıqlar.
Sabah bir dəstə sarı çiçək alarsan ona,
Əl yaylığını xatirə verərsən.
Hardasa yazı isidəcək qar,
Hardasa qışı üşüdəcək günəş var.
Sən hər səhər
“Yuxu Yozmaları” kitabını varaqlayarsan
Dəmi qaynamış çayı
Yaddaşından gileysiz,
Həmin qardan
Həmin günəşdən xəbərsiz içərsən.
Və saydıqca, toxunduqca çoxalar,
Boynundakı qarğıdalı dənələrinin həsrəti.
 
Qızılgül Mürəbbəsi Və Tənhalıqdan Reportaj
 
Ən uzunömürlü intihar
İllərlə dolabdan asılı qalmış
Nimdaş bir paltonun intiharıdır.
Paltarların da ömrü,
Paltarların da ölümü olur.
Axşam qayıdacağını bildiyin adamın,
Səhərki gedişi belə kədərlidir.
Heyif ki, sən
Qızılgül mürəbbəsinin qoxusunu bilirsən ancaq.
Gecəni oyadıb, səhərə qalmayan
Dəqiqələri çoxaldıqca səni azaldan öskürəyin bir adı belə yoxdur.
Boğulmayana kimi
Nəfəsin dəyərini anlamır insan.
…………………….
Uzanan saçlarım da sənə yoldur
Kəsib atsam
Sən payızdan qışa qarımış narın
Budaq həsrətindən yazarsan.
Nə vaxtsa da şeirlərin vərəqlərə inanmadığı,
Şairləri unudulmaqda olan sabahlarda
“Sabahın xeyir” deyərik bir-birimizə.
Müstəqil.Az
Share: